Cənab Nazir! Mən Əhmədova Dilarə Etibar qızı Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərov küç-102 ünvanda yaşayıram və bu müraciətimi Sizə ünvanlamaqla onu bildirirmək istəyirəm ki, atam mərhum polis polkovniki Etibar Əhmədov, uzun illər ərzində daxili işlər orqanlarında çalışmışdır. Əmim Fikrət Əhmədov isə, sovet dönəmində Azərbaycan Respublikası Nazirlər Soveti (indiki Nazirlər Kabineti) sədrinin müavini olmuş və mərhum prezidentimiz, ulu öndər Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi vəzifəsini daşıyarkən, onunla çiyin-çiyinə çalışmışdır. Əmimoğlu Əhmədov Riad Fikrət oğlu sovet dönəmində müxtəlif dövlət orqanlarında aparıcı sahələrdə çalışmış və 1992-ci ildə isə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. DQ uğrunda gedən döyüşlər zamanı onun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir. R.Əhmədov 1992-ci yanvar ayında “Daşaltı əməlliyyatı” zamanı torpaqlarımızın bütövlüyü uğrunda canından keçib qəhrəmancasına şəhid olur. O, Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Yəni, bütün bunları qeyd etməkdə məqsədim ondan ibarətdir ki, mənim atam da, əmim də, digər yaxınlarım da hər zaman xalqımız və dövlətimiz üçün çalışmışlar, mərhum prezidentimiz Heydər Əliyevə yaxın şəxs olduqlarından, zaman-zaman onun mövqeyini müdafiə ediblər. Bu gün də bütün qohum-əqrəbamız, yaxın-uzaq qohumlarımız əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hal-hazırda möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin əsas müdafiəçilərindənik. Biz yekdilliklə o halın varlığına da inanırıq ki, dogma respublikamızın parlaq gələcəyi, sabahkı cəmiyyətimizin başlıca təminatı, məhz bugünkü gündə həyata keçirilən müdrik idarəçilikdən asılıdır.
Son vaxtlar cənab Prezidentin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı növbəti sərəncam, bu kateqoriyadan olan insanlar, həmçinin xalq tərəfindən də böyük sevinc və minnətdarlıqla qarşılandı. Onu da bildirim ki, atılan bütün addımlar, reallaşdırılan innovativ islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsi üçün nəzərdə tutulub. Son illər cənab İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik. Şəhid ailələrinə göstərilən diqqət və qayğı, məhz dövlət başçımızın xüsusi nəzarətindədir və biz də bu yöndə atılan hər bir addımı ürəkdən alqışlayırıq.
Onu da qeyd edim ki, hal-hazırda övladım Məmmədov Xalid Əvəzəli oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Baş idarəsində kiçik rəis heyyətində işləyir. Xalid Məmmədov bu sahədə çalışsa da, o, hər zaman xalqını sevən, Vətənini düşünən, üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirən gənclərimizdəndir və hələ azyaşlı olarkən, onun böyüyəndə daxili işlər orqanlarında çalışması bizim ən böyük arzularımızdan biri olub. Ona görə də, yazıb Sizdən artıq dərəcədə xahiş edirik ki, Xalid Məmmədovun Ədliyyə Nazirliyindən Daxili İşlər Nazirliyinə keçirilməsi üçün, bizə öz köməkliyinizi göstərəsiniz. Məhz, mən belə bir xahiş-müraciətimi yazıb ona görə Sizə göndərirəm ki, qohum-əqrəbalarımızın çoxu zaman-zaman daxili işlər orqanlarında çalışdıqlarından, bizim bu sahə ilə sıx bağlılığımız var. İnanıram ki, ünvanınıza yazmış olduğum bu müraciətimi Siz diqqətdə saxlayacaqsınız və lazımi addımların atılması yöndə, aidiyyəti üzrə müvafiq tapşırığınızı da verəcəksiniz.