Yaşar Allahverdiyev,
İş adamı,
“Bizim Lider” qəzetinin Redaksiya heyətinin
fəxri üzvü, “İlin adamı” media medalı,
“Jurnalistlərin dostu” media mükafatçısı
Yaşar Böyükağa oğlu Allahverdiyev 1958-ci il oktyabr ayının 22-də Salyan rayonuna Arbatan kəndində anadan olmuşdur. 1965-ci ildə Arbatanda orta məktəbə getmiş, 1975-ci ildə Arabatan kənd orta məktəbini bitirmişdir.
1981-ci ildə Azərbaycan Neft Kimya İnstitununu (indiki Azərbaycan Neft Akademiyası) bitirmiş, 1981-1990-ci illər ərzində Salyan Plastik Kütlə Emalı zavodunda mühəndis, böyük mühəndis, Təklif və İxtiraçıların Bürosunun şöbə müdiri vəzifələrində çalışmış, 15 səmərələşdirici təklifin müəlliflik şəhadətnaməsini almışdır. 1990-1994-cü il tarixinə kimi Salyan İstehsalat Kombinatında ayaqqabı sexində sex rəisi, kombinatın nəzdində “Şimşək” şirkətinin direktoru, 1994-1996-ci illərdə isə ”ŞAİQ-A.Y.” şirkətinin prezidenti vəzifəsində çalışmışdır.
1996-cı ildə Salyan Rayon İcra Hakimiyyətində böyük inspektor vəzifəsinə işə qəbul olunmuş və həmin ilin avqust ayından müstəqil Azərbaycanda ilk dəfə olaraq işsizləri, qaçqınları və köçkünləri işlə təmin etmək məqsədilə BMT, ATƏT və Məşğulluq Mərkəzinin birgə hazırladıqları layihənin həyata keçirilməsinə rəhbərlik etmişdir. O, həmçinin Salyan rayonunda 80 nəfəri, o cümlədən 21 qaçqın ailəsini toxuculuq, dərzilik, bərbər, çörəkçi kurslarında oxutdurduqdan sonra avadanlıqlarla təmin etmişdir.
Yaşar müəllimin nəvələri onun davamçılarıdır
Bu günlərdə Yaşar müəllimin nəvələri “Bizim Lider” qəzetinin “Hardan başlanır Vətən” mükafatına layiq görülüblər. Bu münasibətlə onları təbrik edirik.
Rəna Allahverdiyeva Bakı şəhəri 153 nömrəli tam orta məktəbin 5 b sinif şagirdidir. 4-cü sinifi əla qiymətlərlə başa vurduqdan sonra 5-ci sinifə qədəm qoyan Rəna özündə daha çox məsuliyyət hiss edir, bütün fənlərin öhtəsindən gəlir. Bu bacarıqlı məktəbli bütün müəllimlərin sevimlisidir. Musiqi qabiliyyətli Rəna kim bilir bəlkə də ən böyük bəstələrin müəllifi olacaq. Keçirilən tədbirlərdə öz məharətini ifa etdiyi musiqilərlə göstərir. Arzusu həkim olmaqdır.
Onun haqqında sinif rəhbəri uzun illik pedaqoji fəaliyyəti olan təsviri incəsənət və rəsmxətt müəllimi Rəhilə Əsədovadan soruşduq. Rəhilə müəllimə dedi: “Mən uzun illərdir ki, məktəbdə çalışıram. Şagirdlərimin sorağı dünyanın hər yerindən gəlir. Onlar vətənimə layiqli övladlar kimi yetişiblər. Rəna da mənim sevimli şagirdimdir. O, əsil möcüzədir. Bu şagird hamını valeh edir. Dərslərinə məsuliyyətli, mehriban, dostluğu sevən bir şagirddir. Bütün tədbirlərdə özünəməxsus şəkildə çıxışlar edir. Vətənpərvər mövzuda mahnılar ifa edir. Vətənə olan sevgisi sonsuzdur. Əlbəttə bu ilk öncə ailədən gələn bir sevgidir. Ailədə olan mühiti vətəni sevmək kimi duyğunu Rənaya bəxş edib. Mən və ona dərs deyən bütün müəllimlər Rənanın gələcəyinə böyük ümid bəsləyirik”.
“Müstəqil Azərbaycan- 100” adlı tədbirimizə hazırlaşırıq. Rəna bu tədbirdə musiqi ifa edəcək. Dərslərinə məsuliyyətli yanaşdığı kimi Rəna tədbirlərdə də öndədir.”
P.S Müslüm Maqomayevin musiqilərini ifa edən istedadlı Rənaya böyük səhnələr arzulayırıq.
Yaşar Allahverdiyev Bakı şəhəri 153 nömrəli tam orta məktəbin 4a sinif şagirdidir. Hər bir insanın həyatında uşaqlıq illərində bənzəmək istədiyi kimlərsə olur. Gələcəkdə tutduğun mövqeyə də bəzən bu istək təsir edir. Yaşara babasının adını qoyublar. Ona görə onun üzərinə çox məsuliyyət düşür. O, babası Yaşar müəllimin və nənəsi Rəna xanımın sevimlisidir. Babasına bənzəmək istəyən Yaşar dərslərinə müntəzəm hazır gəlir. Riyaziyyat fənnini çox sevir. Müəllimləri ondan razıdırlar, o, dostluğu bacarır. Sinif yoldaşları ilə mehribandır. Bildiklərini hamıyla bölüşür. Riyaziyyat fənnində çox fəal olan Yaşarı bu fənnin çətinliyi qorxutmur. O, çox güclüdür. Bu sözləri Yaşarın sinif rəhbəri əməkdar müəllim Tahirə Lətifova deyir. Tahirə xanım qeyd etdi ki, Yaşarın nümunəvi şagird olmasında onun ailəsinin də zəhməti var. Ziyalı ailədə olduğuna görə Yaşarın dərslərinə nəzarət olunur. Ərköyün olmasına baxmayaraq onun təhsilə ciddi yanaşan anasının sayəsində biz Yaşarı bu gün birincilər sırasında görürük. Qeyd edək ki, Yaşar polis olmaq istəyir.
Əlavə edək ki, idmanı çox sevən Yaşarın futbola marağı var. Güləşlə məşğul olur. Idmançılarımızın qələbələri onu ruhlandırır. Sinifdə keçirilən tədbirlərdə müxtəlif obrazlarla çıxış edir. “Sülh günü”adlı keçirilən tədbir daha yadda qalan oldu. Şagirdlər hərbi hissədə olan əsgərlərə məktublar yazdılar. Bunların içərisində ən maraqlı və təsirlisi Yaşarın məktubu idi.
Böyükağa Allahverdiyev Bakı şəhəri 153 nömrəli tam orta məktəbin 1b sinif şagirdidir. Yenicə məktəbə qədəm qoyan Böyükağa artıq ayları başa vurur. Səylə çalışır, çox məsuliyyətlidir. Verilən tapşırıqları yerinə yetirir. Müəlliminə diqqətlə qulaq asır. Daha çox öyrənməyə çalışır, yaşıdlarından fərqlənir. Müəllimi Vəfa Qasımova ondan çox razıdır. Vəfa xanım qeyd etdi ki, Böyükağa seçilən şagirdlərdəndir. Dərslərinə müntəzəm hazır gəlir. Yeni dərs ilidir. Artıq şagirdlər dərs otaqlarına öyrəşiblər. Böyükağa görür ki, bu işıqlı otaqda onu təhsil almağı üçün hər şərait var. Və onu sevən müəllimi bildiklərin şagirdlərinə öyrətməyə hazırdır. Çünki, müəllim öyrədən deməkdir.
Böyükağa böyüyəndə rəssam olmaq istəyir. Vətəni Azərbaycanı əsərlərində yaratmaq arzusundadır.
P.S. Böyükağa istedadlı şagirddir. İstedadlar həmişə parlayır. Vətənpərvər ailədə dünyaya göz açan bu kiçik məktəbli Azərbaycanımızın bayrağını zirvədə dalğalandıracaq, şərəfini daima ucaldacaq. Çünki, böyük ataların böyük övladı olur.
Fəttah Allahverdiyev “Oskar” Hazırlıq Məktəbində təhsil alır. Fəttah kiçik oyuncaqlarında ayrılıb artıq yazmağı, oxumağı öyrənir. İdmana marağı olan Fəttah “Beşiktaş” futbol komandasının üzvidir. İdmanın sirlərini öyrənməyə çalışır. O, həm dərsinə, həm də idmana vaxt ayırır, topla sərbəst davranır. Ümid edirik ki, Fəttah əlaçı şağırd olmaqla yanaşı qızıl qollar sahibi olacaq.
P.S. Yaşar müəllimin bu günlərdə 60 illik yubileyi qeyd olundu. Bu münasibətlə onu təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.
Yaşar Allahverdiyev yurdundan didərgin düşmüş qaçqın və məcburi koçkün ailələri üçün əlindən gələn köməyi əsirgəmədi. Onlar üçün yataqxananın 1-ci mərtəbəsində sexlər təşkil etmiş və 21 qaçqın ailəsini işlə təmin etmişdir. Azərbaycanda ilk dəfə Salyan rayonunda sınaqdan çıxarılan layihə Azərbaycan dövləti, BMT və ATƏT təşkilatları tərəfindən yüksək səviyyədə qiymətləndirildikdən sonra həmin layihənin davamı olaraq Yaşar müəllim Bərdə-Yevlax yolu ətrafında yerləşən “Qızıl” AY” Çadır şəhərciyinə ezam edilmiş və o, həmin layihəni orada da uğurla həyata keçirməyə müvəffəq olmuşdur. Bunlardan əlavə, o, bir çox xeyriyyəçilik işlərinin layiqli davamçılarından biri kimi tanınır. ”Muğan torpağının pəhləvanları” kitabının işıq üzü görməsində də onun əməyi, zəhməti, təşəbbüsü və təşkilatçılığı əvəzsizdir. Ailəlidir. 2 oğlu, 1 qızı və 4 nəvəsi var.
Nəvələri: Rəna, Fəttah, Yaşar və Böyükağa həyatının mənasıdır. Vətənimiz Azərbaycanı, onun torpağını, təbiətini, insanlarını çox sevir uşaqlar. Həmişə babalarından xeyirxahlıq barədə söhbətlər eşidirlər. Böyük, hüzurlu əsl Azərbaycan ailəsi var Yaşar müəllimin. Hamı o ailədən mehribanlığı və bütövlüyü öyrənməlidir. “Ailəm mənim hər şeyimdir, varidatımdır, nəvələrim isə həyatıma rəng qatıb onu rövnəqləndirən çıraqdı” dedi,
***
Heydər Əliyev özünün zəngin bilik və təcrübəsi əsasında Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirdi, bu sahədə mövcud problemlərin həlli yollarını elmi-nəzəri və praktiki əsasda göstərdi. Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri – xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial infrastrukturun yeniləşdirilməsi prioritet seçildi. İqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanırdı. Əgər təkmilləşmiş və mütərəqqi idarəçilik sistemini formalaşdırmaq mümkün olmazsa, güclü dövlət yaranmaz. Çünki belə olduğu tərzdə bir çox müəyyən olunmuş iqitisadi və siyasi vəzifələr yerinə yetirilməmiş qala bilər. Odur ki, güclü dövlətçiliklə yanaşı səmərəli dövlət idarəçiliyinin də olması çox vacibdir. Ölkəni idarə etmək üçün dövlətçilik işini mükəmməl bilmək, öz fəaliyyətində dövlətçi, əsl dövlət adamı kimi hərəkət etmək, yüksək vətənpərvərlik, eləcə də pak milli-mənəvi, əxlaqi keyfiyyətlərə malik olmaq gərəkdir. Fərəhli haldır ki, ümummilli lider Heydər Əliyev bizim üçün mükəmməl dövlət idarəçilik konsepsiyasını irs qoymuşdur. Hansı ki onun bu konsepsiyası, dövlət idarəçiliyi sahəsində yaratdığı mütərəqqi ənənələr dünyanın ən tanınmış siyasi xadimləri tərəfindən etiraf olunur və yüksək qiymətləndirilir.
Heydər Əliyev bütün bəşəri dəyərləri özündə əks etdirən, ən ali ənənələri yaşadan və modern yeniliklərə qovuşan, yeni dünya düzənində əhəmiyyətli yer tutan tam bir dövlət yaratdı! Nəticə etibarilə indi Heydər Əliyev faktoru Azərbaycan dövləti və Azərbaycan xalqı ilə birlikdə vahid tam təşkil edir. Hər bir xalqın milli inkişaf yolunun banisinə çevrilən liderlər həm də dövlətçilikdə siyasi varislik ənənələri formalaşdırır, mütərəqqi ideyaların davamlığını təmin edirlər. Ötən əsrdə xalqımızın yetirdiyi belə nadir şəxsiyyətlərdən birincisi olan Heydər Əliyev də müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını irəli sürməklə yanaşı, həm də bu strateji kursu qloballaşma dövrünün diktə etdiyi yeni şərtlərlə davam etdirməyə qadir olan, istedadlı, praqmatik, rasional təfəkkürlü, xalqını və dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı – lider yetişdirmişdir. 2003-cü ilin prezident seçkilərindən ötən müddətdə Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, ictimai inamı tam doğrultmuşdur.
Əsası Heydər Əliyev tərəfindən qoyulan geniş islahatlar bu gün Azərbaycan cəmiyyətinin bütün sferalarında yeni dövrün tələblərinə uyğun olmaqla uğurlu davam etdirilməkdədir. İqtisadi və sosial sferada, humanitar sahədə yeni-yeni nailiyyətlərin qazanılması günümüzün reallığıdır. Fərəhli haldır ki, qazandığımız bütün uğurlar bir kampaniya şəklində deyil, davamlı və ardıcıldır. Amma o da aydındır ki, istənilən ölkədə cəmiyyət həyatının müxtəlif sahələrində qazanılmış bütün nailiyyətlərin əsas şərti, başlıca səbəbi güclü və işgüzar dövlətin olmasıdır. Belə bir dövlətin qurulması ilə yanaşı onun idarəçilyi üçün təcrübəli siyasi professionallıq səviyyəsi, işgüzarlığı yüksək idarəçilik sisteminin də olması ən əsas və zəruri şərtlərdən biridir.
Azərbaycanın hazırkı sürətli iqtisadi inkişaf tempi demokratik proseslərin dərinləşdirilməsinə, qanunçuluğun gücləndirilməsinə və liberallaşmaya xidmət edən hüquqi-siyasi və demokratik islahatlar kursunun daha da genişləndirilməsini ciddi tələb kimi qarşıya çıxarır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizin sabit və tarazlı inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Davamlı iqtisadi inkişafa nail olmadan demokratikləşmə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu sahəsində mühüm nəticələr əldə etmək mümkün deyil. Eyni zamanda demokratikləşmə prosesini arxa plana keçirməklə, iqtisadi sahədə qazanılan nailiyyətlərin davamlığını, ictimai konsensusu təmin etmək mümkünsüzdür. Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçilik konsepsiyası da Prezident İlham Əliyev tərəfindən uğurla, yeni təfəkkür və müasir yanaşma tərzi ilə davam etdirilir.
Dövlətin idarə edilməsində, dövlətə rəhbərlikdə peşəkarlığın, səmərəliyin, səriştəliyin əhəmiyyətini xalqımız Prezident İlham Əliyevin bugünkü çoxcəhətli və səmərəli fəaliyyətində daha aydın görür və bununla fəxr edir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış müasir dövlətimiz müstəqillik yollarında sivil dünyanın qanunlarına uyğun inkişaf edir və möhkəmlənir. Üzümüzə açılmış yeni sivil dünyanın mütərəqqi idarəçilik üslubu, forma və metodları müntəzəm öyrənilir və yaradıcılıqla tətbiq olunur, tarixi təcrübəyə əsaslanmaqla yeni şəraitə uyğunlaşdırılan idarəçilik sistemimiz zənginləşir və inkişaf edir.
İctimai fəaliyyətə başlayan cənab İlham Əliyev bir neçə il bundan əvvəl söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri real məzmun kəsb etməyə başladı.
Bəs bu məzmun nələri ehtiva edir və hansı konkret nəticələri ilə xarakterizə olunur? Bu suala cavab vermək üçün cənab İlham Əliyevin prezidentlik fəaliyyət dövrünün leymotivini təşkil edən ən mühüm vəzifələr və onların uğurlu bir səkildə yerinə yetirilməsinin real mənzərəsi ilə tanış olmaq kifayətdir. Dövlət başçısı cənab İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll olduğu vəzifələr olduqca çoxşaxəlidir. Ölkə prezidentinin xalqın etimadını doğrultmasını isə ilk növbədə verilən vədlərin reallaşması, həyata keçirilən işlər sübuta yetirir. Ümummilli liderin ən layiqli varisi cənab İlham Əliyevin nəzərdə tutduğu, planlaşdırdığı işlərin uğurla həyata keçirilməsinə yardımçı olmaq isə hər birimizin müqəddəs borcudur.
Azərbaycan Prezidenti İlham Əliyev öz fəaliyyəti dövründə sosial liberalizm xəttinə üstünlük vermişdir. Bu siyasi təlim son nəticədə insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyat xəttinin əsas amil kimi götürür. Prezident tərəfindən yürüdülən siyasət elmi əsaslara söykəndiyindən bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətimizdə özünə möhkəm dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait iqtisadiyyatın liberallaşdırılması, sosial himayəyə ehtiyacı olan Azərbaycan vətəndaşlarının maraqları ilə qətiyyən ziddiyyətə girmir.
Azərbaycanın qüdrətli dövlətə çevirmək üçün ölkədə ümummilli lider Heydər Əliyevin siyasi kursu davam etdirilməlidir. “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan vətəndaşlarına söz verirəm ki, bu siyasi kursa sadiq qalacağam, heç bir zaman bu yoldan dönməyəcəyəm. Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”- deyə cənab İlham Əliyev andiçmə mərasimindəki nitqində Azərbaycan xalqına bəyan etmişdir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirlimiş bütün layihələri, görülmüş bütün işləri həm daxili həm də xarici siyasətdə qazanılan ölçüyə gəlməz nailiyyətləri kiçik zaman çərçivəsinə sığışdırmaq mümkün deyildir. Bu çərçivədə atılan ardıcıl, ölçüyə gəlməz addımlar, Azərbaycanda regionların tərzli şəkildə inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, yeni iş yerlərinin açılması, əhali arasında işsizlik probleminin aradan qaldırılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur. Xalqın güzəranı dəfələrlə yaxşılaşdırılmışdır və bu güzəran daha da yaxşı ola bilər.
Altımışıncı illərdə respublika əhalisinin yarısı kənddə yaşayırdı, amma bu mühüm sahənin göstəricilərinin səviyyəsi ciddi narahatlıq doğururdu. İstehsal zəif artır, güzəran isə yaxşılaşmırdı. Ona görə də Heydər Əliyev İttifaq hökuməti qarşısında aqrar sektorun inkişafı, kənd əhalisinin məşğulluğu, güzəranı baxımdan taleyüklü məsələlər qaldırdı. Bununla əlaqədar olaraq İttifaq hökuməti Azərbaycanda kənd təsərrüfatının inkişafına dair mühüm qərarlar qəbul etdi. Respublika rəhbəri onların həyata keçirilməsini ciddi nəzarətə götürdü. 1971-1975-ci illərdə 1966-1970-ci illərə nisbətən kənd təsərrüfatında məhsul istehsalı 34 faiz artdı, birsıra vacib sahələrdə, xüsusilə pambıqçılıq, üzümçülük, çayçılıq, tərəvəzçilik və s. sahələrdə, yüksək gösçtəricilərin əldə edilməsinin möhkəm təməli qoyuldu.
1976-1980-cı illərdə Azərbaycan kənd təsərrüfatının ümumi məhsulunun artımına görə ittifaqda birinci yerə çıxdı. Aqrar sektorun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün mühüm tədbirlər görüldü. 70-ci illərdə Azərbaycan kəndində, sözünə əsl mənasında, sosial-iqtisadi həyat qaynayırdı. Belə bir dinamik inkişafın arxasında torpağın qədrini bilən əməksevər Azərbaycan xalqı dururdu. Bu nailiyyətlər böyük Heydər Əliyevin düşünülmüş siyasətinin təntənəsini əyani surətdə sübut edirdi.
Ümumiyyətlə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illəri əhatə edən dövrdə Azərbaycanın iqtisadiyyatı yeni keyfiyyət mərhələsiinə çıxmış, xalq təsərrüfatının bütün sahələrində inkişaf sürətlənmiş, güclü istehsal potensialı yaranmışdı ki, bütün bunlar gələcək inkişaf üçün möhkəm zəmin idi. Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış 1981-1985-ci illədə respublikanın müvəfəqiyyətlə yerinə yetirilməsi Azərbaycanın inkişaf imkanlarını daha da genişləndirdi.