Şərəfli müəllim yolu

Şahismayıl Rüstəmov,
Bakı şəhəri
48 nömrəli tam orta məktəbin
direktoru

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin əvvəlki totalitar rejimdən qalan hüquq sistemi və qanunlar insan hüquq və azadlıqlarının müdafiəsinə, qanunun aliliyinin təmin olunmasına, demokratik və azad cəmiyyətin qurulmasına maneçilik törədirdi.
XX əsrin sonlarında qlobal miqyasda cərəyan edən proseslər Azərbaycan üçün yeni üfüqlər açdı, xalqımız ən yeni tarixində bir daha müstəqil və azad yaşamaq hüququ əldə etdi. Bu gün artıq beynəlxalq aləmdə çox böyük siyasi çəkisi olan, iqtisadi potensialına və inkişaf tempinə görə bir çox dünya ölkələrini geridə qoyan Azərbaycan yerləşdiyi regionun lider dövlətidir. Bu nailiyyətlərin əldə olunması yolunda Azərbaycan bir dövlət olaraq tarixin çox çətin və kəşməkəşli sınaqlarına məruz qalmışdır. Lakin məhz bütün çətinliklərə mətanətlə sinə gərərək respublikanı uğurlu gələcək yoluna çıxarmış bir şəxsiyyətin – Heydər Əliyev kimi dahi liderin əzmi, iradəsi və qüdrəti hesabına xalqımız bu sınaqlardan üzüağ çıxa bilmişdir. Bu bir həqiqətdir ki, Azərbaycanın dövlət müstəqilliyinin etibarlı əsasları Heydər Əliyevin bilavasitə rəhbərliyi altında, onun dühası, qətiyyətli siyasəti və dövlətçilik təcrübəsi nəticəsində yaradılıb. Ulu öndərin xalq və tarix qarşısında ən böyük xidməti budur ki, o, əzəli torpaqlarımıza sahib olmaq yolunda ən kəskin geopolitik ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycanın dövlətçiliyini qorudu, ölkəni parçalanıb yox olmaq təhlükəsindən xilas etdi, bununla da Azərbaycan xalqının ən ümdə hüququ olan azad yaşamaq hüququnu təmin etdi. Müstəqil dövlətimizin ölçülüb-biçilmiş və dərin elmi-təcrübi dayaqlara söykənən siyasi, iqtisadi, hüquqi və beynəlxalq əsaslarının yaradıcısı və qurucusu da məhz Heydər Əliyevdir.
Azərbaycan Respublikası öz sülhsevər siyasəti ilə sülh hüququnun hər iki – həm beynəlxalq, həm də daxili aspektlərini təmin edərək, 1994-cü ilin may ayından atəşkəsin əldə edilməsinə, ölkədə siyasi sabitliyə, vətəndaş həmrəyliyinə nail olmuş və Ermənistanla münaqişəni sülh yolu ilə həll etmək istəyini bəyan etmişdir. Məhz dövlətçiliyimizin möhkəmləndirilməsi, sabitliyin bərqərar olması nəticəsində insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş yeni hüquq sisteminin bərqərar olması üçün bu gün artıq real şərait yaranmışdır. Bütün bunlar Azərbaycanda mükəmməl dövlətçilik institutlarının formalaşmasını təmin etmişdir. Mübaliğəsiz söyləmək olar ki, Azərbaycanın siyasi müstəqilliyinin qorunub saxlanmasının ən vacib amillərindən biri idarəetmədə vahid dövlətçilik maraqlarının formalaşmasıdır. Şərqdə ilk müstəqil demokratik dövlət kimi mövcud olmuş və 1918-1920-ci illərdə cəmi 23 ay bu müstəqilliyi qoruya bilmiş Azərbaycan Xalq Cümhuriyyətinin taleyi, habelə ötən əsrin sonlarında Azərbaycan Respublikasının ilk müstəqillik illərinin acı tarixi dövlətçilikdə hərc-mərcliyi və başıpozuqluğu istisna edən vahid mərkəz prinsipinin daha məqbul siyasi yanaşma olduğunu bir daha sübut etdi. Hakimiyyətin hər üç qanadının (qanunvericilik, icra və məhkəmə) dövlətçilik baxımından vahid mövqedən çıxış etməsi, necə deyərlər, “çəkici bir yerə vurmaq” prinsipi əsasında fəaliyyəti məhz strateji dövlət siyasətinin formalaşmasını təmin etmişdir. Azərbaycan bu gün artıq ictimai-siyasi pərakəndəlikdən qurtulmuş, qanunçuluğun bərqərar olduğu və vahid məfkurə ətrafında birləşmiş cəmiyyətə malik dövlətdir.
Təsadüfi deyil ki, bir çox Qərb ölkələrinin siyasi elita nümayəndələri Azərbaycanın müstəqilliyi dövründə formalaşmış idarəçilik və dövlətçilik sisteminə öz rəğbətlərini açıq şəkildə bildirməkdən çəkinmirlər, məhz Azərbaycana məxsus bu modelin mübaliğəsiz üstünlüklərini etiraf edirlər. Azərbaycanda demokratik vətəndaş cəmiyyətinin qurulması istiqamətində də səmərəli dövlətçilik siyasəti öz uğurlu başlanğıcını məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründən götürmüşdür. Hələ ötən əsrin 60-cı illərinin sonlarından – respublikaya siyasi rəhbər postuna seçildiyi zamandan başlayaraq və sonra müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ulu öndər hər cür stereotiplərdən uzaq prinsiplərə söykənərək azad ruhlu Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərinin və mental xüsusiyyətlərinin nəzərə alınmasına həmişə xüsusi diqqət yetirmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir