Müasir Azərbaycan dövlətçiliyi Heydər Əliyev dühasının bəhrəsidir

Naibə Əhmədova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan tarixi kafedrasının müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent

Adı dünyanın böyük simaları ilə bir sırada çəkilən ümummilli liderimiz Heydər Əliyev haqqında düşünəndə ilk növbədə öz taleyimin həlledici anları yadıma düşür. Çünki bu dahi şəxsiyyətin dövründə yaşamış hər bir Azərbaycan gənci kimi, mən də ulu öndərin qayğısını, nəfəsini öz taleyimdə hiss etmişəm. Bir Azərbaycan vətəndaşı olaraq mənim də üzərimdə Heydər Əliyevin böyük haqqı-sayı var. Mənim təhsilimdə, elmimdə və bir mütəxxəssis kimi formalaşmağımda onun birbaşa, həlledici rolu olmuşdur.
XX əsrin 70-ci illərindən başlayaraq hər il yüzlərlə azərbaycanlı gənc keçmiş Sovetlər İttifaqının aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa qöndərilirdi. Mən də həmin gənclərdən biri olmuşam. 80-ci illərin sonlarında ümummilli liderimiz H.Əliyevin xeyir-duası ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə tarix ixtisası üzrə təhsil almağa göndərilmişəm. Bunu mən öz həyatımda ən mühüm hadisə hesab edirəm və həmişə də fəxrlə xatırlayıram.
90-cı illərin əvvəllərində Moskva Dövlət Universitetini bitirib Bakıya döndüyüm zaman deyərdim ki, Azərbaycan öz tarixinin ən çətin dövrünü yaşayırdı. Məni ölkəmizdə ali pedaqoji təhsilin flaqmanı sayılan Azərbaycan Dövlət Pedaqoji Universitetinə müəllim təyin etdilər. 1992-1993-cü illərdə cəbhədəki ağır məğlubiyyətlər, siyasi hərc-mərclik, müxtəlif bölgələrdə separatçılıq meylləri baş alıb gedirdi.
Belə bir şəraitdə xalqın qabaqcıl qüvvələrinin, ilk növbədə ziyalıların başçılığı ilə ölkədə “Qurtuluş” hərəkatı başlandı. Hərəkatın təşəbbüskarları 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etmiş, 1982-1987-ci illərdə SSRİ-nin rəhbərlərindən biri olmuş, 1991-ci ilin sentyabrından Naxçıvan Milli Məclisinin sədri işləyən H.Əliyevin ətrafında birləşərək, ölkənin xilası üçün xalqa müraciət ünvanladılar. Tanınmış elm, mədəniyyət xadimləri dəfələrlə Naxçıvan şəhərinə gedərək H.Əliyevdən Vətənin xilası naminə yenidən böyük siyasətə qatılmasını xahiş edirdilər. Azərbaycanın 91 nəfər tanınmış ziyalısı 1992-ci ilin oktyabrında “Səs” qəzeti vasitəsilə H.Əliyevə müraciət etdi. Bu müraciət Yeni Azərbaycan Partiyasında təşkilatlanmaqla gerçəkləşdi.
AXC-Musavat hökuməti YAP-ın təsis konfransının Bakıda keçrilməsinə imkan vermədi. Konfrans 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçrildi.1992-ci ilin mayından 1993-cü ilin iyununadək öıkənin parçalanmaq, vətəndaş müharibəsinin qarşısını almaqda özünün gücsüzlüyünü görən AXC-Musavat hökuməti H.Əliyevə müraciət etdi. Ölkə prezidenti Ə.Elçibəyin dəfələrlə təkidli dəvətlərindən sonra H.Əliyev 1993-cü il iyunun 9-da prezidentin göndərdiyi təyyarə ilə Bakıya gəldi. Çünki iyunun 4-də Gəncədə baş vermiş hərbi qiyam göstərdi ki, Azərbaycan Respublikası vətəndaş müharibəsinin bir addımlığındadır. H.Əliyev iyunun 13-14-də Gəncəyə getdi və hərbi müxalifətlə danışıqlar apararaq siyasi böhrandan çıxış yollarını müəyyənləşdirdi. Yaranmış vəziyyətin nə qədər ağır olduğunu görən H.Əliyev xalqı fəlakətdən qurtarmaq üçün mövcud iqtidarla birgə işləməyə razılıq verdi.
1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Fövqəladə sessiyası H.Əliyevı Ali Sovetin sədri seçdi. Həmin gün Azərbaycanın tarixinə “Qurtuluş” günü kimi daxil oldu və bu hadisə Azərbaycan tarixində yeni bir dövrün başlanğıcını qoydu. Lakin ölkədə gərginlik qalmaqda davam edirdi. Prezident Ə.Elçibəy iyunun 17-dən 18-ə keçən gecə Bakını gizli tərk edərək Ordubad rayonu doğulduğu Kələki kəndinə getdi və ölkəni oradan idarə etmək iddiasında olduğunu bildirdi. İyunun 24-də Azərbaycan Respublikasının Ali Soveti Prezidentin səlahiyyətlərini Ali Sovetin sədri H.Əliyevə verilməsi haqqında qərar qəbul etdi.
Bəli, tarix dahi şəxsiyyətlərin böyük əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. H.Əliyev Rusiya Federasiyasının əlində oyuncağa cevrilən, real silahlı gücə malik Surət Hüseynovu öz sayıq nəzarəti altında saxlayaraq Baş Nazir vəzifəsinə təyin etdi.Surət Hüseynov ölkənin cənub bölgəsində faktiki rəhbərlik edən Əlikram Hümbətovla mütəmadi əlaqə saxlayaraq H.Əliyevi hakimiyyətdən getməyə məcbur etmək planları cızırdı.Münasibəti dincliklə nizama salmaq məqsədilə H.Əliyev Əlikram Hümbətovla görüşməyi qərara aldı. Bu görüş zamanı “mənim səlahiyyətim avtomatımdır” deyən Ə. Hümbətov bir sıra yersiz tələblər irəli sürür. Lakin bu tələblər H.Əliyev tərəfindən rədd cavabı ilə qarşılanır. Belə olduqda Ə.Hümbətov cənub bölgəsinə qayıdaraq qondarma “Talış Muğan Respublikası” yaradıldığını elan etdi. Sonra isə bu oyuncaq hökumət adından Rusiya Federasiyasına, İran İslam Respublikasına, Belarusa, BMT-yə müraciət edərək yaratdığı bu saxta qurumun tanınmasını xahiş etdi. Şübhəsiz ki, bu qurumun tanınması mümkün deyildi və belə də oldu.
Xaricdən idarə olunan qüvvələrin ölkədə hakimiyyəti ələ almağa çalışdığını görən H.Əliyev vəziyyəti dərindən təhlil edərək tarazlaşdırılmış xarici siyasət həyata keçirməyə başladı. O zaman gənc dövlətin müstəqil xarici siyasət xəttinin müəyyən edilməsi çox çətin idi. Xüsusilə nəzərə alsaq ki, Rusiya Federasiyası və İran İslam Respublikası Qərb yönümlü xarici siyasətə xüsusi qısqanclıq nümayiş etdiridi, qonşu Ermənistan ərazi iddiası ilə ölkəmizə hərbi təcavüz etmişdi, Azərbaycan Respublikası beynəlxalq təcridolunmaya məruz qalmışdı, onda Azərbaycanın xarici siyasət fəaliyyətinin hansı çətin şəraitdə həyata keçrildiyini təsəvvür etmək olardı.
Birinci növbədə H.Əliyev Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq vəziyyəti aradan qaldırmaq üçün sələflərinin xarici siyasət sahəsində buraxdığı səhvləri təhlil etdi. Azərbaycan Respublikasına qarşı ərazi iddiaları, imperiya ambisiyaları çevik manevrlər etmək zərurəti yaratdı. Avropa ölkələri və ABŞ-la, keçmiş Sovet Respublikaları, o cümlədən Rusiya ilə, müsəlman dünyası və İranla, türkdilli dövlətlərlə, o cümlədən Türkiyə ilə prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi və hər qrupa daxil olan ölkələrlə ayrı-ayrılıqda birgə münasibətlərin düşünülmüş bir sistemi yaradıldı.
Regionda böyük təsir gücünə malik Rusiya ilə ikitərəfli münasibətlər qaydaya salındı, iki ölkə arasındakı münasibətləri normallaşdırmaq üçün bütün incəlikləri nəzərə alan yollar, vasitələr araşdırıldı. Rusiya ilə əlaqələrdən müstəqilliyi möhkəmləndirmək üçün bəhrələnmək, bəzi imperiyapərəst qüvvələri bitərəfləşdirmək taktikası Azərbaycanın xarici siyasət xəttində bir istiqamət kimi həyata keçirilməyə başlandı. 1993-cü il centyabrın 6-da H.Əliyev Moskvada Rusiya prezidenti Boris Yeltsinlə görüşüb iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılması məsələlərini müzakirə etdi, sentyabrın 24-də isə Azərbaycan Respublikası MDB-yə daxil oldu. Digər MDB dövlətləri – Ukrayna, Belarus, Gürcüstan, Moldova ilə, 1993-cü ilin sonlarına qədər Azərbaycan Respublikası ilə kəskin münasibətlərə malik olan Orta Asiya Respublikaları ilə əlaqələrin yenidən qurulması üçün yeni vasitələrdən istifadə edildi.
Böyük əhəmiyyətli məsələlərdən biri də Qafqaz bölgəsinin dövlətləri və xalqları ilə mehriban qonşuluq münasibətlərinin yaradılması idi. 1994-cü il mayın 12-də Ermənistanla atəşkəsin əldə olunması, 1996-cı ilin martında H.Əliyevin Gürcüstana rəsmi səfəri zamanı Azərbaycan – Gürcüstan Bəyannaməsinin imzalanması Respublikamızın Qafqazda həyata keçirdiyi xarici siyasətinin mühüm uğuru idi.
Regionda xüsusi təsir gücünə malik İran və Türkiyə ilə əlaqələri elə qurmalı idi ki, bir tərəfdən onların imkanlarından Azərbaycan dövlətçiliyinin tərəqqisi üçün istifadə etsin, digər tərəfdən Azərbaycanı onların toqquşan maraqlarından qorusun.
İran-Azərbaycan münasibətlərinin Azərbaycanın təkcə beynəlxalq vəziyyətinə deyil, həm də daxili həyatına əhəmiyyətli təsir göstərmək imkanlarını nəzərə alan prezident H.Əliyev 1993-cü ilin ortalarından iki ölkə arasındakı münasibətləri yaxşılaşdırmaq üçün səmərəli iş apardı.Azərbaycan Respublikasının prezidenti Türkiyə Cümhuriyyəti ilə münasibətləri faydalı əməkdaşlıq müstəvisi üzərinə keçirmək üçün bir millət iki dövlət prinsipi əsasında çox ciddi iş apardı və müsbət nəticələr əldə etdi.
1993-cü ildə H.Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan Azərbaycan-ABŞ dialoqu tezliklə münasibətlərin yaxşılaşmasına öz müsbət təsirini göstərdi. Ali Sovetin sədri H.Əliyev Bill Klintona məktub göndərərək 907-ci düzəlişin qeyri-obyektiv olduğunu əsaslandırmış və bu barədə tədbirlərin görülməsini xahiş etmişdir. H.Əliyev nəinki ayrı-ayrı dövlətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın dövlətçiliyi naminə faydalanmağa çalışırdı. BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, MDB, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara dəniz ətrafı dövlətləri birləşdirən Qara dəniz İqtisadi əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla hərtərəfli münasibətlərin yeni yolları müəyyənləşdirilmiş və həyata keçrilmişdir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllı ilə bağlı Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm vəzifə beynəlxalq aləmin dəstəyinin qazanılması oldu. Dağlıq Qarabağ ətrafında yaranmış münaqişənin qanlı tarixi göstərdi ki, beynəlxalq rəyi nəzərə almadan, ayrı-ayrı beynəlxalq təşkilatların dəstəyinə nail olmadan güc tətbiq etməklə hər bir cəhd acı nəticəyə gətirib çıxarar.
1993-cü il 15 iyun gününü nə üçün qurtuluş günü adlandırmaq olar və biz nədən qurtulduq?
H.Əliyev ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi. Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Sabitlik, əmin-amanlıq yaratdı. Atəşkəs rejiminə nail oldu. Azərbaycanda sağlam qüvvələrinin mənasız yerə qırılmasının qarşısı alındı. İslam-türk birliyi bərpa olundu, etnik toqquşmalar aradan qaldırıldı.
Azərbaycan Respublikası üçün çox çətin bir şəraitdə hakimiyyətə gəlmiş ümummilli lider H.Əliyevin gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası haqqında, onun geosiyasi vəziyyəti, daxili və xarici siyasəti haqqında dünyada müsbət ictimai fikir formalaşdı, bədxah qüvvələrin dövlətimiz haqqında apardığı yanlış təbliğata zərbə vuruldu.
Bu gün ulu öndər H.Əliyevin kursunu Azərbaycan Respublikası prezidenti İlham Əliyev çox uğurla davam etdirir və onun yaratdığı möhkəm bünövrə üzərində böyük işlər görür. Xüsusilə son illərdə təhsilin keyfiyyəti, inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 yanvar 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçrilməsi ilə bağlı Fəaliyyət Planı təsdiq edilmişdir. “Fəaliyyət Planı”nda Ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilmələri əhəmiyyətli strateji hədəflərdən biridir. Ali təhsilin bütün pillələrində (bakalavr, magistratura, doktorantura) yeni standartların, kurikulumların hazırlanıb həyata keçrilməsi ali təhsil müəssisələri arasında rəqabət mühitinin yaradılmasına, innovativ yanaşmaya meydan açacağına böyük ümid bəsləyirik.
Sürətlə modernləşən Azərbaycan Respublikasında təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması sahəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində mühüm işlər görülür. Pedaqoji Universitetdə təhsilin keyfiyyətini artırmaq məqsədilə pedaqoli kadr hazırlığına, elmi-pedaqoji kadr potensialının yüksək effektivliyinə xüsusi fikir verilir. Həmçinin Universitetdə tələbələrin nümunəvi, fəal tədris prosesinə cəlb olunması sahəsində xeyli işlər görülməklə bərabər, onların obyektiv və şəffaf qiymətləndirilməsinə nail olunmuşdur.
Ölkəmiz üçün böyük tarixi hadisə olan ilk Avropa oyunları yüksək səviyyədə başa çatdırıldı. Azərbaycanda ictimai-siyasi sabitlik, Azərbaycanın beynəlxalq nüfuzu, onun dünyada böyük hörmətə malik olması, dünya birliyində ölkəmizin rolu, təsir imkanları və digər amillər məhz Avropa oyunlarının Bakıda keçrilməsində mühüm rol oynamışdır. İlk Avropa oyunları ilə əlaqədar prezident İlham Əliyev bildirmişdir ki, biz bu oyunları keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar tətbiq edirik. Bu, artıq Azərbaycan standartlarıdır. Bu oyunların misilsiz uğurla keçirilməsi ölkəmizin böyük qələbəsidir. Bizcə, bunu daha böyük tarixi qələbələrə gedən yolda bir mərhələ kimi qiymətləndirmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir