Bu gün Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksinin (ZRK) komponentlərinin ilk partiyasının Ankaraya tədarük edilməsi ilə bağlı məlumat yayılıb.
Bəs, bu komplekslərin Azərbaycan üçün nə kimi əhəmiyyəti var?
Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Türkiyənin müdafiə qabiliyyətini artırması, heç şübhəsiz, müttəfiqi Azərbaycanın da maraqlarına xidmət edir.
“Türkiyə “S-400” raketlərini gələcəkdə özü istehsal etməyə başlayacağı halda, əldə edəcəyi məhsulu Azərbaycanla da bölüşəcək. Bu, Azərbaycanın təhlükəsizlik imkanlarını artıracaq. Digər tərəfdən, artan Rusiya – Türkiyə hərbi əməkdaşlığının Cənubi Qafqazdakı proseslərə müsbət təsirini proqnozlaşdırmaq olar.
Rusiya istər-istəməz Türkiyənin Cənubi Qafqazdakı maraqlarını nəzərə almağa başlamalıdır. Türkiyə Azərbaycanla hərbi əməkdaşlığı daha üst səviyyəyə qaldırarsa, Rusiya buna etiraz etməməlidir”, – o bildirib. (Oxu.az)