ATV prezidentinin bank hesabından külli məbləğdə pul yoxa çıxıb – Qalmaqal böyüyür

Azər Xəlilov
“Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) rəhbəri Azər Xəlilovun bank kartındakı pullar müəmmalı şəkildə oğurlanıb. Söhbət 14 min dollar vəsaitin onun xəbəri olmadan Amerikada xərclənməsindən gedir.

Bu barədə Bizimyol.info-ya məlumatlı mənbədən xəbər daxil olub. Bilirilir ki, A.Xəlilovun Beynəlxalq Bankda kart hesabı olub və hesaba təxminən 15 min dollar pul yatırıb. Bu vəsaitdən hesab açılmasına faiz çıxılıb, bir də Londona təyyarə bileti alınıb.

“Bilet də təxminən 550 dollar olub. 100 dollara qədər də bankda xidmət haqqı tutulub. Kartda 14 min 400 dollar pul qalmalıydı. Kartın istifadə müddətinin başa çatmasına az qalmış Azər Xəlilov gedib ki, vaxtı uzatsın. Məlum olub ki, hesabında cəmi 350 dollar pul var. Halbuki, o, Londona bilet alandan sonra o kartdan istifadə etməyib. Yəni qalan 14 min 400 dollardan pul xərcləməyib”,- deyə mənbə bildirib.

Hesabından pulun silinməsilə əlaqədar Azər Xəlilovun şikayəti araşdırılıb. Araşdırmalardan sonra ona bildirilib ki, kart hesabındakı 14 min dollar məbləğ ABŞ-da ticarət mərkəzlərində xərclənib. Və bu xərcləmələrdən 1 ildən çox vaxt keçib. ATV rəhbəri etiraz edib, kartını heç kimə vermədiyini deyib, vəsaitin hesaba geri qaytarılmasını tələb edib. Amma bank pulu qaytarmaqdan imtina edib. Bildirilib ki, əgər kartdan oğurluq olubsa belə, bu, müştərinin özünün səhlənkarlığı üzündən baş verib.

ATV prezidenti Beynəlxalq Bankı məhkəməyə də verib. Məhkəmə iddiasında bankdan 14 min dollarla yanaşı, hüquqi yardıma görə çəkdiyi 1000 manatlıq xərci də tələb edib. Amma məhkəmə onun iddiasını təmin etməyib. Qərardan yuxarı instansiya məhkəmələrinə verilən şikayətlərin də nəticəsi olmayıb – qərar qüvvədə saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir