Azərbaycan Prezidenti İlham Əliyevin İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, yeni inzibati məhkəmələr yaradılıb:
– Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi – Naxçıvan şəhərində;
– Bakı İnzibati Məhkəməsi – Bakı şəhərində;
– Gəncə İnzibati Məhkəməsi – Gəncə şəhərində;
– Sumqayıt İnzibati Məhkəməsi – Sumqayıt şəhərində;
– Şirvan İnzibati Məhkəməsi – Şirvan şəhərində;
– Şəki İnzibati Məhkəməsi – Şəki şəhərində.
Bundan başqa, sərəncama əsasən, aşağıdakı kommersiya məhkəmələri təşkil edilib:
– Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi – Naxçıvan şəhərində;
– Bakı Kommersiya Məhkəməsi – Bakı şəhərində;
– Gəncə Kommersiya Məhkəməsi – Gəncə şəhərində;
– Sumqayıt Kommersiya Məhkəməsi – Sumqayıt şəhərində;
– Şirvan Kommersiya Məhkəməsi – Şirvan şəhərində;
– Şəki Kommersiya Məhkəməsi – Şəki şəhərində.
Həmçinin sərəncamda bildirilib ki, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilsin.
Məhkəmə-Hüquq Şurasına tövsiyə edilib ki, nəzərdə tutulmuş inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasını müəyyən etsin.
Məhkəmə-Hüquq Şurası İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı təklifləri 2019-cu il dekabrın 1-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabinetinə yeni təşkil edilən məhkəmələrin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onların binalar, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb.
Nazirlər Kabineti yeni məhkəmələrin təşkili ilə bağlı xərclərin 2020-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etməlidir.