Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.
AFFA-nın məlumatına görə, S.Hacıyev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Fehervar” (Macarıstan) – “Vaduz” (Lixtenşteyn) oyununun UEFA nümayəndəsi olacaq. Qarşılaşma iyulun 25-də Felcsut şəhərindəki Panço Arenada keçiriləcək.
Bundan başqa, azərbaycanlı hakim Asim Xudiyev də UEFA Avropa Liqası turnirinin ikinci mərhələsinin oyununa təyinat alıb.
İyulun 25-də Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək “Lokomotiv” (Plovdiv, Bolqarıstan) – “Spartak” (Trnava, Slovakiya) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.