Bərdə rayonunda xəstəxanaya atılan azyaşlı uşaqların valideyni tapılıb.
Oxu.Az xəbər verir ki, uşaqları xəstəxanaya nənə-babası atıb.
Hadisədən uşaqların atası – Bərdə rayon Körpüqıran kənd sakini Sərxan Kərimov xəbərsiz olub. Ata xəstəxanaya müraciət edərək uşaqlarını istəyib. Rayon icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının iştirakı ilə müəyyən sənədləşmə işləri aparıldıqdan sonra hər iki uşaq atasına təhvil verilib.
Bərdə rayon Prokurorluğundan verilən məlumata görə, Tərtər rayonu, Şıxlar kənd sakinləri Allahverdi Muradov və həyat yoldaşı Tamara Muradova ailə münaqişəsi zəminində valideyn himayəsindən məhrum olmuş nəvələrini həyat və sağlamlıqları üçün təhlükəli vəziyyətdə qoyaraq Bərdə rayon uşaq xəstəxanasının dəhlizinə atıb.
Qeyd edək ki, hadisə ötən gün axşam saat 22:00 radələrində baş verib. Uşaqlardan biri doqquz yaşında, digəri isə altı aylıqdır.