Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində özəl istirahət mərkəzləri və pullu çimərliklərə alternativ olaraq ictimai çimərliklərin yaradılmasına başlanıb.
Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ilk olaraq belə çimərlik Səbail rayonunda, “Şıx” çimərlik ərazisində, Salyan yolu 32 ünvanında (Bakı Şəhər Baş Kömrük İdarəsi ilə üzbəüz) dəniz kənarında 6 ha sahədə yaradılıb.
Bildirilib ki, əvvəllər baxımsız vəziyyətdə olan ərazi təmizlənərək abadlaşdırılıb, burada 60 ədəd kölgəlik, 6 yerdə soyunub-geyinmə kabinaları, 2 yerdə duş, 2 yerdə 2 kabinalı sanitariya qovşağı, istirahətə gələn vətəndaşların nahar etmələri üçün 2 ədəd söhbətgah quraşdırılıb, futbol və voleybol meydançaları yaradılmış, dəniz kənarına uzanan yola asfalt çəkilib, 3500 kvadrat metr ərazidə avtomobil dayanacağı yaradılaraq bura asfaltlaşdırılıb.
Qeyd olunub ki, vətəndaşların istirahətlərinin təşkili üçün çimərlik ərazisinə kifayət qədər oturacaq və qamaklar qoyulub, ərazi boyunca zibil konteynerləri quraşdırılıb, əlavə işlər görülüb: “Yaxın günlərdə Pirşağı və Buzovna qəsəbələrində yeni ictimai çimərlik istifadəyə veriləcək. Ümumilikdə isə paytaxtın dənizkənarı ərazilərində 7 yerdə belə çimərliklərin yaradılması nəzərdə tutulub. “Şıx” ərazisində fəaliyyətə başlayan və digər ərazilərdə yaradılan ictimai çimərliklərə giriş və digər xidmətlərdən istifadə pulsuzdur. Ərazinin təmizliyini lazımi səviyyədə saxlanılması üçün burada xidmət personalı fəaliyyət göstərəcək”.