“Dünyada qaz satışı müqavilələti “ya al, ya ödə” prinsipi ilə imzalanır, yəni satıcı alıcıya vəd etdiyi həcmdə qaz verməsə, çatışmayan həcmin pulunu ödəməlidir.Son həftələr, aylar Azərbaycanın müxtəlif rayonlarında, hətta Bakı və ətrafında sistemli şəkildə qaz kəsintiləri olur. Bu kəsintilər əhaliyə verilən qaz limitinin artmasından sonra daha da çoxalıb. Hökumət əhaliyə qazı (limitlə) 1000 m3-ni 100 manata, yəni 59 dollara satır. Halbuki, əhaliyə satılan qazın həcminə yaxın BP-dən səmt qazını illərdir pulsuz alır.
Bəs nə məsələdir ki, yayın oğlan çağında, qaz istehlakının təbii olaraq azaldığı aylarda (evləri isitmək lazım deyil ən azından), əhalinin qazını kəsirlər?”
Bizimyol.info xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib:
“Mənim bir ehtimalım var, yazım, birlikdə düşünək. Hələ bu ilin avqust ayının məlumatları çıxmayıb, 2018-ci ilin iyul ayı ilə 2019-cu ilin iyul ayını müqaisə edək:
– 2018-ci ilin yanvar-iyul ayları ərzində ölkədən 749 mln. dollar dəyərində 4 mlrd. 049 mln m3 qaz ixrac edib, hər 1000 m3 qazı 185 dollara, yəni 315 manata düşür.
– 2019-cu ilin yanvar-iyul aylarında ölkədən 1 mlrd. 262 mln. dollar dəyərində 6 mlrd. 709 mln m3 qaz ixrac olunub, hər 1000 m3 188 dollara, yəni 320 manata düşür.
Keçən ilin eyni dövrü ilə müqaisədə bu ilin ilk 7 ayında qaz ixracı 60%-dən çox artıb. Xub, deyə bilərlər ki, bəs hasilat da artıb axı – doğrudur, keçən ilin eyni dövrü ilə müqaisədə bu ilin ilk 7 ayında hasilat 34% artıb, amma ixrac 60%-dən çox artıb axı, sual yaranır – Hökumət əlavə hardan qaz tapıb ki, ixracı artırıb?!
Düşündüm ki, bəlkə Rusiyadan alıb, amma nə keçən il, nə bu il qaz alınması ilə bağlı rəsmi məlumat yoxdur. Rusiya mənbələrinə baxdım, Azərbaycana qaz ixracı olmayıb.
Deməli hökumət götürdüyü öhdəlikləri yerinə yetirmək və daha çox qazanmaq üçün öz xalqının, əhalinin qazını kəsib Gürcüstana və Türkiyəyə satır – mənim gəldiyim qənaət budur. Əgər rəsmi qurumlar bunun əksini sübut edə bilirlərsə – buyursunlar, çıxaq efirdə danışaq”.