Qarşımızda duran vacib məsələlərdən biri tam orta təhsil səviyyəsində məktəb daxilində keyfiyyətli təhsilin təmin edilməsidir.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bütün məktəblərdə tam orta təhsil səviyyəsində təhsilin yüksək səviyyədə təşkil edilməsi əsas hədəflərdəndir:
“Ancaq apardığımız təhlillər zamanı fərqli mənzərə görürük. Elə məktəblər var ki, təhsili yüksək səviyyədə təşkil edə bilmir. Bu, bir çox məqamlarla özünü təsdiq edir.
Bəzi məktəblərdə arxayınlıq var ki, məzunlar əlavə hazırlıq hesabına buraxılış və qəbul imtahanlarına müstəqil şəkildə hazırlaşa bilərlər. Hesab edirik ki, artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib”.
“Azərbaycan məktəblərində düzgün mənəvi-psixoloji mühitin formalaşdırılması, şagirdlər arasında düzgün ünsiyyətin formalaşması, şagird-müəllim münasibətlərində xüsusi olaraq buna diqqət edilməsi, valideynlərin tədris prosesinə daha aktiv cəlb edilməsi qarşımızda duran vəzifələrdəndir.
Hesab edirik ki, məktəb rəhbərləri məktəb daxilində istənilən neqativ halların, psixoloji, mənəvi zorakılıq hallarının aşkar edilməsi, onlara qarşı adekvat tədbirlərin görülməsini xüsusi diqqətdə saxlamalıdırlar.
2019-cu ilin may ayında Təhsil Nazirliyi tərəfindən imzalanmış xüsusi tədbirlər planının icrasını diqqətdə saxlayacağıq və çoxsaylı tədbirlər həyata keçirəcəyik”, – deyə C. Bayramov qeyd edib.
Nazir bildirib ki, bir çox yerlərdə təmayül siniflərin yaradılmasının çətinlikləri nəzərə alınaraq təmayül siniflərinin yaradılması üçün 20 şagird deyil, 15 şagirdlə də formalaşdırılmasının qanunvericiliyə daxil edilməsi imkanları daha da genişləndirilir:
“Tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsinin tədris ilində genişləndirildiyini və 2140 sinifdə 47930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edilib”.