Ötən gün – sentyabrın 19-da Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun ötən il Türkiyədə qətlə yetirilmiş oğlu Etimad İsmayılovun “Təzə Pir” məscidində keçirilən il mərasiminə qəfildən Azərbaycan hakimiyyətinin iki önəmli postunun rəhbəri – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin və Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-leytenant Orxan Sultanovun təşrif buyurması təkcə İlyas İsmayılov yox, elə mərasimdə iştirak edən əksər insanlar üçün də gözlənilməz olub.
Pressxeber.az Strateq.az-a istinadən xəbər verir ki, həm Əli Nağıyev, həm də Orxan Sultanov və onları müşayiət edən şəxslər İlyas İsmayılova oğlunun itkisiylə bağlı başsağlığı verərək, onun kədərinə şərik olduqlarını çatdırıblar.
Xüsusi xidmət orqanları rəhbərlərinin bu davranışı onlar getdikdən sonra əsasən müxalif fikirli insanların toplaşdığı mərasim zalında geniş müzakirə olunub və hər iki məmurun addımı rəğbətlə qarşılanıb.