Qondarma Qarabağ rejiminin “təhlükəsizlik şurası”nın keçmiş rəhbəri Vitali Balasanyan azərbaycanlılara qarşı milli zəmində cinayət törətməsini etiraf edib.
Axar.az xəbər verir ki, Balasanyan bu etirafı “News.am”a müsahibəsində deyib. O, 22 fevral 1988-ci ildə iki azərbaycanlı gəncin öldürülməsinin təşkilatçısı olduğunu bildirib:
“Mən təşkilatçı, atıcı, qatil, cinayətkar olmuşam. Etiraf edirəm. O zaman cinayət işi qaldırıldı və 1991-ci ilə qədər davam etdi. Bu məsələlərin surəti hazırda Azərbaycan Baş Prokurorluğunda saxlanılır. Buraya 1991-ci ilə qədər və ondan sonrakı dönəmlərə aid digər fəaliyyətləri də əlavə edin. O zaman niyə biz diversiyaya qaçmalıyıq? Əgər mən 1988-ci ilin fevralından sonra hətta Qarabağdan getsəydim belə, artıq tarixdə qalmaq üçün o zaman üçün kifayət qədər şey etmişdim. Mənim 1991-1994-cü illərdə etdiklərimi də əlavə edin. Andranik Köçəryandan soruşun görək, mən həmin dövrlərdə hansı hərbi vəzifədə olmuşam. O, problemsiz cavab verəcək”.
Qeyd edək ki, 1988-ci il, “miatsum”dan bir gün sonra 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. Bundan cəmi iki gün sonra azərbaycanlılar və ermənilər arasında birbaşa qarşıdurma atışmaya çevrildi. Nəticədə iki azərbaycanlı gənc həyatını itirdi.
Hadisələrin dramatikləşməsi də bu proseslə başladı.