Daha bir yaşlı məmura şok… – o qurumlar da birləşdirilir

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.

Məlumata görə, sözügedən səhmdar cəmiyyətin “Azərsu” ASC-yə birləşdiriləcəyi gözlənilir.

74 yaşlı Əhməd Əhmədzadənin rəhbərlik etdiyi “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin “Azərsu” ilə birləşdirilməsi hələ bir neçə il əvvəl gündəmə gəlib.

Lakin Əhmədzadə o vaxt hökumət dairələrindəki nüfuzundan istifadə edərək, bu birləşmənin reallaşamasına mane ola bilib.

Adı ölkənin ən korrupsiyalaşmış qurumları sırasında çəkilən sözügedən ASC-nin birləşməsini  həmin vaxt iqtidara yaxın Milli Məclis üzvləri də müdafiə edirdilər.

Xatırladaq ki, 1941-ci ildən Azərbaycan Su Təsərrüfatı Xalq Komissarlığı, 1946-cı ildən Azərbaycan SSR Su Təsərrüfatı Nazirliyi, 1966-cı ildən isə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi adlandırılan qurumun adı 1993-cü ildə Respublika Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi adlandırılıb. 23 oktyabr 2004-cü il tarixdə Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar göstərilən Komitə ləğv edilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi yaradılıb.

Meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Meliorasiya və Su Təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 fevral 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

“Respublikada su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir” ¬– deyə Qaynarinfo-ya məlumat verən mənbənin sözlərinə görə,  “Azərsu” ASC-nin mövcud olduğu  vəziyyətdə bu heç bir məntiqə sığmır.

O da bildirilir ki: “Adıçəkilən qurumun indiyədək öz varlığını qoruyub-saxlaması sözügedən ASC sədri Əhməd Əhmədzadənin şəxsi nüfuzu sayəsində mümkün olub. Lakin təqaüd yaşına çatmış  bir sıra nüfuzlu məmurlarınm işindən kənarlaşdırıldığı bir şəraitdə artıq bir neçə il əvvəldən təklif olunan həmin birləşmənin baş tutması da tamamilə realdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir