Vaqif Əsədov: “Gələn aydan sərxoş sürücülər çoxala bilər” – İLGİNC AÇIQLAMA

“Sərxoş halda avtomobil idarə edənlərin sayında əvvəlki illərə baxanda ciddi fərq var”.

Pressxeber.az xəbər verir ki, bu sözləri lent.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov deyib. O, bu ilin 9 ayı üçün açıqlanan statistik 5662 faktın əvvəlki illərə nəzərən azaldığını bildirib:

“Ölkə üçün açıqlanan rəqəmin 30-35%-i paytaxt Bakının payına düşür. 9 aylıq statistika üçün göstərilən rəqəmin belə böyük olmasında digər iri şəhərlərin, Gəncə, Mingəçevir, Sumqayıt və.s rolu var. Bakı üzrə sərxoş halda sükan arxasında saxlanılanların sayı 1379 olub. Düşünürəm ki, keçirilən profilaktik tədbirlər öz nəticəsini verir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə spirtli içki qəbul edib sükan arxasında oturma faktlarının sayında azalma var. Hazırda Məhərrəmlik ayı ilə əlaqədar bu faktlara demək olar ki, rast gəlinmir. Ola bilər ki, növbəti aydan sərxoş sürücülər çoxalsın. Vətəndaşlarımız Məhərrəmlik və Ramazan aylarını, ümumiyyətlə, getdikcə İslam dininin tələblərini daha çox nəzərə alırlar. Bu da təbii ki, sərxoş vəziyyətdə sükan idarə etmə faktlarının sayına kəskin təsir edir”.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri polkovnik-leytnant Rüfət Quliyev bu ilin 9 ayı ərzində sərxoş halda avtomobil idarə edilməsi ilə bağlı 5662 fakt aşkarlandığını deyib. Bu rəqəm 2018-ci ilin avqust ayının sonlarına təkcə Bakı şəhəri üçün 7181 ədəd olub. Ötən il ərzində sərxoş halda avtomobil idarə edilməsinə görə 49 ağır qəza baş verib. Həmin qəzalarda 27 nəfər ölüb, 36 nəfər yaralanıb.
İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən şəxslərə bu maddənin bəndlərinə əsasən müxtəlif cəzalar nəzərdə tutulur. Bu bəndlərə görə, pozuntuya yol verən şəxs müəyyən müddət avtomobil idarə etməkdən məhrum edilə və hətta həbs edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir