Azərbaycanın dağlıq rayonlardan olan Daşkəsənə ilk qar yağıb. Ucqar kəndlərə nisbətən rayon mərkəzində daha az müşahidə edilən qar heç bir fəsada yol açmayıb.
Yağan qarın örtüyünün qalınlığı Daşkəsən rayon mərkəzində az müşahidə edilsə də, daha yüksəklikdə yerləşən Xoşbulaq, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi dağ kəndlərində 5-10 santimetrə çatıb.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq kəndlərarası yollarda, o cümlədən yeni inşa olunmuş 25 kilometrlik Daşkəsən- Əmirvar-Qabaqtəpə, Quşçu-Çovdar-Çaykənd avtomobil yollarında qarın nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün rayonun müvafiq yol xidməti strukturları səfərbər olunaraq təmizləmə işləri aparıb.
Yolların qardan təmizlənməsi və digər təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün müvafiq işlər görülür. Sürüşkən olması ehtimal olunan ərazilərə qum-duz qarışığı səpilir.
Elektrik enerjisinin və içməli suyun verilişində fasilələr yaranmamışdır. Rayonun bütün idarə və təşkilatları işlərini hava proqnozlarını nəzərə almaqla qurur.