Noyabrın 22-də “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Daşkəsən rayon filialının 2015-2019-cu illəri əhatə edən hesabat iclası keçirilib.
Hesabat yığıncağında Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev, rayon filialının rəhbəri Bakir Qurbanov, SHXÇDX-nin Daşkəsən rayon bölməsinin əməkdaşı Asim Abdullayev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan toplantıda müasir, müstəqil Azərbaycan Respublikasının banisi ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəlik təsdiq olunduqdan sonra “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyin Daşkəsən rayon filialının sədri Bakir Qurbanov təşkilatın ötən beş ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib.
Ulu Öndər Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu siyasətin hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırıb ki, ölkə başçısının qayğısı fonunda fəaliyyət göstərən Birliyin məqsədi Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, onların əməkdaşlığını və qarşılıqlı əlaqələrini möhkəmləndirməkdən ibarətdir.
Sonra hesabat məruzəsi ətrafında çıxışlar olub. Qarabağ müharibəsi əlilləri Ənvər Əliyev, Saləddin Rüstəmov və digərləri çıxışlar edərək dövlətin onlara diqqət və qayğısından söz açıblar, İctimai Birliyin Daşkəsən rayon filialının hesabatını qənaətbəxş hesab ediblər. Onlar Prezident cənab İlham Əliyevin xüsusi qayğısı ilə əhatə olunmalarından, şəhid ailələrinin, əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılması sahəsində aparılan işlərdən, pensiya, müavinət və təqaüdlərinin mütəmadi olaraq artırılmasından və cari ildə bu istiqamətdə inqilabi addımların atılmasından məmnunluqla bəhs ediblər. Hesabat dövründə rayon filialının nüfuzunun yüksəldilməsi, fəallığının artırılması istiqamətində mühüm işlərin görüldüyünü bildiriblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev çıxışında bildirib ki, ölkə Prezidentinin tapşırıq və tövsiyəsinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonda yaşayan Qarabağ müharibəsi veteranlarına, əlillərinə və şəhid ailələrinə daim qayğı, müraciətlərinə həssas münasibət göstərir, onlarla mütəmadi olaraq görüşlər keçirir. O, hazırda Daşkəsən rayonunda 82 nəfər Qarabağ müharibəsi əlilinin, 174 nəfər veteranın və 39 şəhid ailəsinin olduğunu diqqətə çatdırıb.
SHXÇDX-nin Daşkəsən rayon bölməsinin əməkdaşı Asim Abdullayev isə deyib ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində veteranların sosial problemlərinin həlli onların fəallığının yüksəlməsinə, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində daha yaxından iştirakına müsbət təsir göstərib. O, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, döyüş hazırlığı və müdafiə qabiliyyətinin artırılması istiqamətində görülən işlərdən danışıb.
Elmar Əliyev
RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini – diniqurumlarla işin təşkilatçısı