Heydər Əliyev dühası dövlətimizi, xalqımızı xilas etdi

Hər kəsə bəllidir ki, müstəqil Azərbaycan Respublikasının varlığının qorunub saxlanılmasında,  xalqımızın saysız-hesabsız fəlakətlərdən qurtulmasında, bir sözlə qüdrətli bir dövlətə çevrilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz rolu olub. Bəli, dünyaşöhrətli siyasətçi, ümummilli lider, mərhum Prezidentimiz məhz xalqının, dövlətinin yaşaması üçün ömrünün hər anını mübarizəyə atdı. Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik uğrunda mübarizə aparan bir çox müttəfiq respublikalar kimi, Azərbaycanda da xalq hərəkatı geniş vüsət almışdı. Həmin vaxt ölkəmizdə baş verən siyasi proseslər, digər müttəfiq respublikalarda baş verən siyasi proseslərdən fərqli idi. Bir yandan hiyləgər qonşularımızın ərazi iddiası ilə apardığı müharibə, digər  tərəfdən naşı, səriştəsiz, idarəçilikdə zəif olan siyasi qüvvələrin hakimiyyət hərisliyi xalqı uçuruma aparıb çıxarmışdı. Belə bir ağır məqamda xarici qüvvələrin ölkəmizin yeraltı, yerüstü sərvətlrinə diş qıcaması, sözün həqiqi mənasında respublikamızı çıxılmaz vəziyyətə salmışdı. Bu zaman baş verən olaylardan cana doyan xalq, yenidən Heydər Əliyevə pənah aparıb onu ikinci dəfə hakimiyyətə dəvət etdi. Taleyini  dahi şəxsiyyətə etibar edən xalq, nəhayət onun hakimiyyət başına gəlməsindən sonra yavaş-yavaş azad nəfəs almağa başladı. Çox keçmədi ki, Heydər Əliyev müdrik siyasəti ilə xalqını və dövlətini baş verən bütün təhlükələrdən qorudu. Ölkədə əldə olunan siyasi sabitlik, cəbhədə atəşkəsin elan olunması respublikamızın inkişaf kursunu müəyyən etdi. Çox keçmədi ki, yaradılan sabitlikdən istifadə edən xarici sərmayədarlar  ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrinə, xüsusilə də neft sektoruna və digər sahələrə  sərmayə qoymağa başladılar.

Həmin illərdə başlanan inkişaf «Əsrin müqaviləsi»ni, «İpək yolu»nu və digər əhəmiyyət kəsb edən müqavilələrin imzalanmasına səbəb oldu. Dinamik inkişaf yoluna qədəm qoyan dövlətimiz, çox keçmədi ki, dünya dövlətləri ilə bir sırada beynəlxalq təşkilatlara üzv qəbul olundu, üçrəngli bayrağımız beynəlxalq təşkilatların önündə dalğalandı. Bu bir xalqın, bir dövlətin, müdrik tarixi şəxsiyyəti Heydər Əliyevin gərgin zəhməti müqabilində başa gələn qələbəsi idi. Məhz buna görə də, tarixin Azərbaycan xalqına bəxş etdiyi nadir tarixi şəxsiyyətlərdən olan Heydər Əliyev, bütün ömrünü xalqının azad, dövlətinin isə müstəqil,  qüdrətli dövlətə çevrilməsi və yaşaması yolunda sərf etdi desək, heç də yanılmarıq.

Bütün bunların bir həqiqət olduğunu dərk etmək üçün heç də uzaq keçmişə yox, məhz yaxın illərə nəzər salmaq kifayət edər. Həqiqətən də, ikinci dəfə xalqının təkidi tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev rəhbəri olduğu dövləti qorumaq üçün, ilk növbədə daxildəki silahlı qruplaşmaları ləğv etdi və cəbhədə atəşkəsə nail oldu. Qorxmadan, heç nədən çəkinmədən xalqının azadlığı yolunda həyatını təhlükəyə ataraq bütün dünyaya sübut etdi ki, Azərbaycanın qədim dövlətçilik ənənəsi var. Bəli, bu gün həmin ənənəni  Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Davam etdirilən bu siyasi kursun doğruluğunu sübut etmək üçün, son vaxtlar həyata keçirilən quruculuq işlərinə, əldə olunan uğurlara və digər nailiyyətlərə diqqət yetirmək bəs edər. Fakt budur ki, hal-hazırda Azərbaycan Respublikası nəhəng dövlətlər üçün önəmli əhəmiyyət daşıyan bir dövlətə çevrilib. İqtisadi, siyasi sahədə dünyanın aparıcı dövlətləri ilə eyni addımlar atan Azərbaycan Respublikası, hal-hazırda öz müstəqilliyinin qorunub saxlanılması yolunda inamla addımlamaqdadır.

Сəlil Nəzərov, Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir