“Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu”

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər, döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Heç şübhəsiz ki, bütün bunlar Azərbaycanın böyük hərbi-diplomatik uğuru və beynəlxalq birliyin Azərbaycana olan inamının, etimadının təzahürü, ölkəmizin, xüsusilə dövlət başçısının qlobal miqyasda olan nüfuzunun göstəricisidir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Təbiətin gözəl bir çağında, hər tərəfin yaşıl, al rəngə boyandığı vaxtda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yenidən Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Yolumuzu həsrətlə gözləyən, dərddən torpağı cadar-cadar olmuş Şuşamız 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. Şuşamızın hər yerindən xalq ruhunu əks etdirən musiqi sədaları eşidildi. İllərdir bayramlarımızı Şuşada, Cıdır düzündə qeyd edəcəyimizi arzuladığımız məkanda əbədi məşəlimizi yandırdıq. Toy-büsata, bayramlara susamış ocağımıza qayıtdıq, Şuşa məscidində azan səsi eşidildi, bayram namazı qılındı. Şuşada keçilən musiqi festivalında uzun əsrlərdir ki, Azərbaycanda yaşayan müxtəlif xalqlara məxsus musiqi nömrələrinin səsləndirilməsi xalqımızın zəngin multikultural dəyərlərinin və tolerantlığımızın təcəssümüdür.

Beynəlxalq ictimaiyyət, eləcə də beynəlxalq təşkilatlar nəhayət ki, birmənalı olaraq başa düşməlidir ki, təcavüzkar Ermənistanın 30 ilə yaxın müddətdə işğalda saxladığı bu ərazilər terrorçuluğun, silah qaçaqmalçılığın, narkotik vasitələrin daşıma mərkəzinə çevrilmişdi. Bu isə nəinki Azərbaycan, eyni zamanda, insanlıq üçün ciddi təhlükə idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu günü 30 il səbirsizliklə gözlədik. 30 il Vətən həsrəti ilə yaşadıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq. Çünki nəyin bahasına olursa-olsun, öz doğma torpaqlarımızın işğalçılardan azad ediləcəyinə əmin idik. Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalı çərçivəsində Qarabağ səmasında, Şuşada atəşfəşanlıq da Qarabağın döyünən ürəyi Şuşadan bütün dünyaya bir mesaj kimi dəyərləndirilməlidir. Şuşanın əzəmətli qala divarlarında Azərbaycanın üçrəngli bayrağı proyeksiya olunmuşdu. Festival iştirakçıları bu mənzərəni də qürurla izlədilər.

“Xarıbülbül” festivalı göstərdi ki; Azərbaycanlılar olduqları hər yerə birlik, vəhdət, sevgi, mədəniyyət, sənət daşıyırlar.

Azərbaycanlı olmaq şəxsi kimlik məsələsi deyil, öz şəxsi kimliyini qorumaqla, bir bayrağın, bir Konstitusiyanın altında birləşə bilməkdir.

Azərbaycanlı olmaq bu torpağın uğrunda bərabər şəhid məqamına yüksəlmək, çiyin-çiyinə qazi olmaq, həm də bu qələbəni deyə-gülə, bərabər qeyd edə bilməkdir.

Azərbaycanlı olmaq Azərbaycan bayrağını bağrına basmaqdır.

Azərbaycanlı olmaq bildiyin hər dildə Azərbaycanı sevmək, vəsf eləmək,    Azərbaycanın şəninə nəğmə oxumaqdır.

Azərbaycanlı olmaq böyük Üzeyir Hacıbəyli, Xan qızı Natəvan, Seyid Şuşinski, Xan Şuşinski ilə birlikdə Şuşada oxumaqdır.

Azərbaycanlı olmaq hər dildə, hər ünvanda “Qarabağ Azərbaycandır” deyib, qürurla, vüqarla, şəstlə Dəmir Yumruq ola bilməkdir.

Qayıdışımız mübarək!

Zəfərin mübarək, Azərbaycan! Azadlığın mübarək, Şuşa!

 

Şəbnəm Kərimli

Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir