Bütün türk dünyasının iftixarı, ULU ÖNDƏR, Müstəqil Azərbaycanın yaradıcısı və qurucusu, Azərbaycan xalqının müasir dövrdəki ideoloqu Heydər Əliyev demişdir: “Şuşasız Qarabağ, ümumiyyətlə Qarabağsız Azərbaycan yoxdur”. Nə qədər uzaqgörən bir siyasət! nə qədər bu amal uğrunda əziyyət çəkmək və bütün iqtisadi və sosial yönümlü hədəflər həyata keçirmək lazım idi ki, bu günkü qələbəni əldə edək…
44 günlük Vətən müharibəsində qazandığımız zəfər qələbəsinə görə ”Dəmir Yumruq” əməliyyatının müəllifi, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, Müzəffər Azərbaycan Ordusuna, canından, həyatından artıq sevdiyi vətən üçün qan tökən və Şəhidlik zirvəsinə ucalan qəhrəman, namus-qeyrət rəmzinə çevrilən, özləri qayıtmasalar da Qarabağımızı qaytaran Şəhidlərimizə, Ali Baş Komandan və Azərbaycan ordusu ilə birlik nümayiş etdirən Azərbaycan xalqına və özünü Azərbaycanın haqq işinə dəstək verən hesab edən hər bir dünya vətəndaşına borcluyuq!
Bu gün əzəmətli qələbəni fəxarət və qürur hissi ilə yaşayarkən, xüsusilə ULU ÖNDƏR siyasi kursunun layiqli davamçısı, cənab Prezidentimiz İlham Əliyevin 18 illik yorulmaz fəaliyyəti, Bütöv Azərbaycanın və regionun inkişafı üçün apardığı zamanı qabaqlayan siyasəti dünyada alternativi olmayan bir uğurlu siyasətin bəhrəsi olduğu nəticəsinə gəlirik.
Mən bir azərbaycanlı olaraq daima qürür hissi ilə xatırlayıram: 2003-cü ildə Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin prezidentliyə namizəd kimi ilk təbliğat kompaniyasına Salyan rayonundan başlaması və bir müəllim olaraq ilk xeyir-duanı mənim verdiyimi xatırladığımda bu gün xoşbəxt bir ziyalı kimi fəxarət və qürur hissi keçirirəm. Bu gün dünyada cənubi Qafqaz deyəndə Azərbaycan qəbul edilir, bu gün Azərbaycan Qərblə-Şərqi, Şimalla-Cənubu birləşdirən iqtisadi körpü, dünyada ən etibarlı enerji tərəfdaşı, tolerantlıq nümunəsi, ən güclü 10 islahatçı dövlətlərdən biri olan uğurlar ölkəsi kimi qəbul edilir.
Cənab Prezidentimizin məlum sərəncamına əsasən Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar olaraq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 12-13-may 2021-ci il tarixlərdə 32 ildən sonra Şuşada “Xarıbülbül” musiqi festivalı keçirildi.
Azərbaycanın milli sərvəti, Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən bir məkan olan Şuşada “Xarıbülbül” musiqi festivalı sonuncu dəfə 1989-cu ildə keçirilmişdir. Ermənilərin rəsmi dairələri keçən müddət ərzində Azərbaycan dövlətçiliyini zəiflətmək, müxtəlif dini, etnik icmalar arasında təfriqə yaratmaq, parçalamaq üçün davamlı iş aparmış, bu məqsədlə mərkəzlər, xüsusi təşkilatlar yaradılmış, milyardlarla vəsait xərcləmişlər. Lakin bütün cəhdlərə baxmayaraq Azərbaycanda bütün etnik və dini icma nümayəndələri bir amal, bir məqsəd və bir bayraq altında sıx birləşərək bu təbliğatı və dünya erməni diasporasının fəaliyyətinin mənasız olduğunu sübuta yetirdi. Bir daha dünyaya sübut olundu ki, Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunmasına cənab Prezidentimiz İlham Əliyevin Prezidentliyi dövründə xüsusi diqqət ayrılması nə qədər düzgün siyasətdir. Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycanda bütün xalqlar bir-birinə dost və qardaşdır. Məhz ona görə də bu gün dünyanın inkişaf etmiş ölkələri tolerantlıq sahəsində Azərbaycan nümunələrini öyrənirlər.
Bu öyrənmələrin nəticəsi olaraq cənab Prezidentimiz festivalda düşmənə göz dağı, dosta fəxarət duyğuları bəxş edən möhtəşəm çıxışında dedi: ”Ölkələr belə inkişaf etməlidir, ancaq coxkonfessiyalı, coxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. 44 günlük müharibə bizim şanlı tariximizdir. 44 günün hər bir günü, xüsusilə alınmaz qala hesab olunan Şuşanın azad olması ayrıca bir qəhrəmanlıq dastanıdır”.
Şuşada keçirilən musiqi festivalının çox böyük aşağıda sadalanan tarixi əhəmiyyətləri var:
1.Şuşada “Xarıbülbül” musiqi festivalı ULU ÖNDƏR vəsiyyətinə sadiqlik, Onun vəsiyyətinin yerinə yetirilməsi, ruhunun şad olması və Azərbaycanın ərazi bütövlüyünün tam bərpasıdır.
- Şuşaya qayıdış, ”Alınmaz qala” hesab edilən Şuşanın Cıdır düzünü atəşfəşanlığa bürüməklə vaxtilə ”yallı gedən” Paşinyan və onun tərəfdaşlarına göz dağı verərək, torpağın sahibləri gəldi, qayıtdı, sizi məhv edərək qayıtdı deməkdir.
- Keçirilən musiqi festifalı 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizin mədəniyyət sahəsində davamı və milli ruhun 30 ildən sonra yenidən Şuşada bərpasıdır.
- Musiqi festifalı bir daha göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq və həmrəylik şəraitində yaşayır, ölkəmizdə milli birlik dünya arenasında ən yüsək səviyyədədir.
- Şuşada səslənən “Bayatı Şiraz” muğamı vətən Şəhidlərimizin qanının yerdə qalmaması, Xarıbülbülün Şəhidlərimin vətən sevgisinin rəmzinə çevrilməsini, Qarabağın işğaldan azad edilməsini və “Böyük Qayıdışın” təntənəsini tərənnüm etdi.
- Festivalın Ramazan bayramına təsadüf etməsi, işğaldan azad olunmuş ərazilərdə azan səslərinin ucalması 30 ilə yaxın tarixi-dini abidələrimizə qarşı vandalizm əməlləri törədən ermənistana “göz dağı” verdi. Azərbaycan bir daha əyani olaraq dünyaya sübut etdi ki, İslamın Azərbaycan xalqının milli mənşəyində, milli mədəniyyətinin qorunmasında müstəsna yeri var.
Cənab Prezidentimiz çoxşaxəli çıxışı zamanı bir daha vurğuladı ki, bundan sonra azərbaycanlılar əbədi olaraq Şuşada yaşayacaqlar, hər il “Xarıbülbül” musiqi vestivalı keçiriləcək, Şuşanın işğaldan azad olunduğu günün tarixini əbədiləşdirmək üçün 8 və 11 rəqəmlərini xatırladan məscid tikiləcək və gələn il Şuşanın 270 illik yaranma tarixi qeyd ediləcək.
Möhtərəm Prezident Ramazan bayramı ərəfəsində Şuşada olarkən ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağına su gəldi. Müzəffər Ali Baş Komandan ailəsi ilə birlikdə həmin bulaqda əl-üzünü yudu və su içərək dedi: ”Xan qızı Natəvan“ bulağından bu gün su gəldi. Bütün bunlar böyük rəmzi məna daşıyır. Bax, bizim qayıdışımız budur. Yaşasın Şuşa! Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!”
Mən də bir azərbaycanlı, bir ziyalı, öz Möhtərəm Prezidenti və Müzəffər ALİ Baş komandanı ilə fəxr edən bir insan kimi sevinclərə qoşuluram, Şuşamızın, Qarabağmızın və Azərbaycanımızın inkişafına uğurlar arzulayıram!
Səlimağa Səlimli,
Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin direktoru,
Əməkdar Müəllim.