Cəbrayılın azad olunması və onun tarixi əhəmiyyəti

Bildiyimiz kimi, 2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonu erməni işğalçılardan azad edildi. Bu, dövlətimizin tarixi üçün mütərəqqi bir hadisə idi. 30 ilə yaxın erməni işğalçılarının əlində olan torpaqlarımızın azad edilməsi dövlətimizin, ordumuzun güclənməsinin bir əyani sübutudur. Prezident İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində keçirdiyi görüşdə bir daha Cəbrayılın azad edilməsi və onun Azərbaycan üçün mühüm inzibati mövqe olduğunu bəyan etmişdir. Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti var idi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Bu gün biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq.

Cəbrayıl əməliyyatının əhəmiyyəti eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu addımlarımız mümkün olmuşdur. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü. Azad olunmuş ərazilərə gələn hər bir insan dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Bunu görən beynəlxalq təşkilatlar, Ermənistanın havadarları buna, sadəcə olaraq, biganə qalırdılar, göz yumurdular.

Cəbrayıl azad edildikdən sonra bölgədə bərpa işləri həyata keçirilməyə başladı. Buraya 4-6 zolaqlı yol çəkilir. Nəticədə Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Artıq birinci yaşayış binasının təməli qoyuldu. Bina hazır olan kimi Cəbrayıl şəhərinin birinci sakinləri orada yerləşəcək. O vaxta qədər şəhərdə həm xəstəxana, həm də məktəb tikiləcək, iş yerləri açılacaqdır.

Artıq rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilmişdir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrılmış, ilkin investorlar da müəyyən olunmuşdur. “KamAZ” şirkətinin regional xidmət mərkəzinin açılışı isə böyük perspektivlərə malik olan layihədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Təkcə Cəbrayılda yox, işğaldan azad edilmiş digər bölgələrimizin də inkişafı üçün addımlar atılmağa başlanmışdır. Türkiyə şirkətləri də artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışlar.

Bir ilə görülmüş işlərə qiymət verərkən görürük ki, dövlətimizin, xalqımızın nə qədər böyük potensialı var. Çünki ermənilər tərəfindən tamamilə dağıdılmış ərazilərə cəmi bir ildən sonra həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Bu gün bütün gücləri səfərbər etməklə qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən qurmaq, bərpa etmək dövlətimizin ən prioritet

məsələsidir. Buna nail olmaq üçün əməli işlər aparılır və azad olunmuş şəhərlərin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunur.

Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya, o cümlədən Tərtər rayonunda Suqovuşan Su Elektrik stansiyası işə başlayıb.

Həyata keçirilmiş bütün bu tədbirlər, bərpa planları təkcə Cəbrayılın yox, işğaldan azad edilmiş bütün bölgələrimizin bərpasına, inkişafına şərait yaradacaq. Azərbaycan regionda diqqəti çəkən inkişafı ilə artıq yeni bir mərhələyə qədəm qoymaqdadır. Görülən bütün bu səylər bütöv bir Azərbaycanın inkişafına zəmin yaratmaqdadır.

Bəhram Bağırov,

Salyan şəhər 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin müəllim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir