Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması həm dünyaya, həm də Ermənistanın özünə açıq-aşkar məlumdur. 30 ilə yaxın bir dövrü əhatə edən danışıqlar beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilirdi. Azərbaycan müharibəni heç vaxt istisna etmirdi. Xalqımızın işğalla barışacağı mümkün deyildi. Düşmən anlamırdı ki, belə bir qəsbkarlıq niyyəti onlara ağır başa gələcək, Azərbaycan əzəli-əbədi torpaqlarının tapdaq altında qalması ilə qətiyyən razılaşmayacaq. Prezident İlham Əliyev xalqa müraciətində hər zaman bildirmişdir: “Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq – həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq”.
Azərbaycan gücləndi, qüdrətləndi, eyni zamanda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq hüquqla təsbit olunan haqlı mövqelərini daha da möhkəmləndirdi. Bu baxımdan Azərbaycanın inkişafı, beynəlxalq mövqelərinin möhkəmlənməsi ilə əlamətdar olan ötən hər bir il bu qələbəni, torpaqlarımızın azadlığını daha da yaxınlaşdırdı, tarixi şəraiti yetişdirdi.
Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edildi və Azərbaycan-İran sərhədinə dövlət nəzarəti bərpa olundu.
“Bu bizim Ordumuza əlavə güc verdi, inam verdi və bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etməyə davam etdi. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndi və Füzuli rayonunun 4 kəndi və bu bizim birinci uğurumuz idi”, – deyə dövlət başçısı, Ali Baş Komandan vurğulayıb.
Elə müharibənin 8-ci günündə ordumuzun tarixi qələbələr əldə etməsi, düşmənin ildırım sürəti ilə torpaqlarımızdan qovulması ilə yadda qaldı.
Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. İndi Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 1 il ötür. Prezident İlham Əliyev müraciətlərinin birində söyləmişdir: “Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycan öz Qələbəsi ilə bu münaqişəni həll etdi”. Dövlətçilik tariximizi şərəfləndirən noyabr ayı indi bizim üçün daha da əlamətdardır. Çünki Prezident İlham Əliyevin digər sərəncamı ilə hər il 8 noyabr Respublikamızda “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd ediləcək.
İndi Ermənistan özünün heç vaxt xilas ola bilmədiyi işğalçılıq siyasətinin, erməni millətçilərinin xəstə təfəkkürünün acı nəticəsini yaşayır. Ermənistanın canlı qüvvəsi tamamilə məğlub olmuşdur. Silah-sursatlarının mütləq əksəriyyəti məhv edilmişdir, digərləri qənimət kimi götürülmüşdür. İndi bu qənimətlər Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Daha heç kim dünyada “müzəffər erməni əsgəri” haqqında bir söz danışmır. Biz erməni ordusunu “yenilməz ordu” kimi təqdim edən mifologiyaya son qoyduq”.
Asiyə Əliyeva,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi