Ancaq yaşanılan olayı olduğu kimi qeyd edirəm və inandırıram ki, izahatda yazıldığı kimi yaşanılsaydı, əməlimdən utanar, cəriməmi dərhal ödəyərdim. Belə ki, qeyd olunan tarixdə mətbu orqan rəhbəri olaraq mən və əməkdaşlarım Tərtər rayonunda işdən sonra Vətənə hörmət və onun işğaldan azad olunan torpaqlarını ziyarət etmək məqsədilə Suqovuşana yol aldıq. Qadağa və cərimələrdən xəbərsiz olaraq. Çünki dəfələrlə bir neçə tanış və dostların o torpaqları ziyarət etdiyini bilirdim və mən də özüm Kəlbəcərli olaraq Vətənin bir parçasını qəlbən ziyarət etmək istədim. Tərtər-Suqovuşan yolunda hərəkətdə olarkən adi qara rəngli avtomobilin arxadan işarə etdiyini və dayanmaq istədiyimizi bildirdi. Maşını yolun kənarına sürərək dayandım və dərhal maşından düşdüm. Bu an həmin maşından Tərtər rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölməsinin Rövşən Muradlı və Amil Mirzəli (sonradan bildik) adlı iki əməkdaşı düşərək bizə yaxınlaşdı. Onlar xidməti maşında deyildilər və dayandığımız ərazidə post yox idi. Sadə və sakit şəkildə maşındakı qadın əməkdaşın telefonla ərazidən çəkdiyi şəkilləri silməsini tələb etdilər və ancaq şəkil çəkilməsinin qadağan olduğunu bildirdilər. Ancaq onlar qarşıda əraziyə daxil olmağın və irəli getməyin qadağan olduğunu, icazəli şəkildə mümkün olması barədə heç bir informasiya, məlumat vermədi və yolumuzu davam etdiyimizi bildirdikdə heç bir qadağa ilə rastlaşmadıq. Mən də düşündüm ki, yəqin ərazidən şəkil çəkmək olmaz və həmçinin əraziyə doğru qadağa yol nişanının olmaması da məni ürəkləndirdi ki, əməlimdə ictimai qaydanı pozmamışam və məlumatlandırılmadan yolu davam etdirərək Suqovuşana doğru yol aldım. Qarşıdakı postda isə dayanaraq ərazidəki polis əməkdaşlarından da məlumat aldım. Onlar da qadağa barədə yetərli məlumat verməsə də, az öncə iki polis əməkdaşının “qadağa” işarəsinə əhəmiyyət verməməyim və onların Suqovuşana getməyin qorxulu olması və icazə olmamasına dair xəbərdarlığına əhəmiyyət verməməyimə dair sərt təpki və bildiriş aldım. Mən dəfələrlə mənə heç bir qadağaya dair informasiyanın verilmədiyini və laqeyd yanaşıldığını desəm də onlar öz əməkdaşlarının günahını mənim adıma cərimə yazılması ilə əvəzləməyə, günahkar məni çıxartmağa çalışdılar. Belə olmadığını inad etdiyim halda işə dərhal yol polisi əməkdaşlarını müdaxilə etdilər. Onların müdaxiləsi və yoxlanışı nəticəsində xidməti vəzifə və sürücülük sənədlər və nəqliyyat daxil yoxlanışdan keçdim. Sürücüsü olduğum “ KİA” markalı avtomobilin mənim olmadığı, sürücülük vəsiqəmin etibarsızlığı, avtomobili idarə etmək üçün etibarnaməmin olmaması aşkarlandı. Bunlar mənim səhvim olsa da, cərimələrini ödəyəcəm. Ancaq mənə cəbhəyanı əraziyə qanunsuz girişə görə yazılan cərimənin haqsız olmasını düşünürəm. Hətta ərazidə DYP-nin kamerası da var, mənim ərazini keçmədiyimə sübutdur. Çünki Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə mənə haqsız olaraq yazılıb. Axı mən Vətənə ziyarətin “qadağa”cərimələri bahasına gəldiyini bilmirdim. Bilsəydim, getməzdim, məlum qurulmuş tora düşməzdim. Həm də polis əməkdaşının laqeydliyi və məsuliyyətsizliyinin bədəlini mən niyə daşımalıyam?
Xahiş edirəm ki, mənə yazılan cərimə silinsin və Vətən adı ilə qadağalar ya doğru yol nişan qaydaları, ya da xidməti polis əməkdaşlarının doğru-düzgün informasiyası ilə nizmanlansın. Daha bu ona, o buna “ötür-ötür” oyunu ilə deyil. Cərimələr kim(lər)in cibinə gedir, bilmirəm. Onun nə dövlətə, nə də Vətənə xeyri yoxdur. Vətəndaş isə sağılan inək kimi tələ ovudur. Bir jurnalist, bir vətəndaş olaraq cəbhəyanı əraziyə keçmədiyim üçün mənə yazılan haqsız cərimədən şikayətçiyəm. Sona qədər gedəcəyəm. Ona görə tək yox ki, cərimə ödəmək bahasına bu haqsızlığı qabardıram. Həm də xalqın, vətəndaşın haqq və hüquqlarını, təhlükəsizliyini qoruyacaq polis əməkdaşlarının haqsızlığı, xidməti fəaliyyətindən sui istifadə etməsi, öz, səhvini vətəndaşa cərimə hesabı ilə ötüştürməsi yolverilməzdir. Mən Azərbaycan polisinin belə cılız, belə şərçi, belə böhtançı olması prototipi ilə razılaşmır, onun əməli sui istifadəsinə qarşı çıxıram. Son vaxtlar polislərin haqsızlığı göz çıxardır, xalqa, vətəndaşa bu və ya digər formada cərimələri yükləmək, məsuliyyətli və şərəfli vəzifəsini hansısa maraqlara, küt davranış və kobudluqlara yol verməsi haqsızlıqdır. Hər zaman polisə hörmət etsəm də, onun xidməti fəaliyyətini qiymətləndirsəm də haqsızlıq qarşısında susmaq mənlik deyil. Mən Azərbaycan polisini belə cılız, belə fürsətcil, belə öz günahını vətəndaşın boynuna atacaq səviyyədə bilməzdim. Ar olsun.
Vüsal Zeynalov
Jurnalist, media holdinq və təhsil şirkəti rəhbəri