Prezident İlham Əliyev yürütdüyü siyasətlə hər zaman Azərbaycan xalqının milli maraqlarını rəhbər tutub, bütün gücünü onun ərazi bütövlüyünün təmin olunmasına, xalqımızın təhlükəsizlik və rifah içində yaşamasına yönəldib. Dövlət başçısı hər addımda ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirərək ata vəsiyyətini də yerinə yetirir.
Dünya azərbaycanlılarının və cəmiyyətimizin hər bir seqmentinin bir ağızla dediyi “Öldü var, döndü yoxdur” sözü qətiyyətimiz baxımından isbata ehtiyac duyulmayan aksiomdur. Çünki dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı əmindir ki, milli maraqlarımızın, təhlükəsizliyimizin və inkişafımızın təminatçısı cəsarətli, qətiyyətli, vətənpərvər, mahir diplomat və siyasətçi olan Prezident İlham Əliyevdir. Müharibədən sonra Ermənistanın artan təxribatları fonunda da xalqımız əmindir ki, ölkə başçımız cənab İlham Əliyev xalqımızın maraqlarını rəhbər tutaraq atdığı hər addımı, verdiyi hər mesajı ilə Azərbaycanın təhlükəsizliyini və uğur strategiyasını realizə edir.
Mürəkkəb coğrafi şəraitdə, yəni siyasi maraqların kəsişdiyi bir nöqtədə yerləşən Azərbaycan kimi dövləti idarə etməyin çətinliyini və məsuliyyətini öz çiyinlərinə götürən cənab Prezident hər zaman bildirirdi ki, biz işğal siyasəti ilə barışmayacağıq. Bütün bunlarla yanaşı, mahir diplomat və uzaqgörən siyasətçi olan ölkə başçımız elə bir siyasi xətt tutdu ki, illər ərzində regional və beynəlxalq layihələr ya Azərbaycanda, ya da Azərbaycanın təşəbbüskarlığı ilə reallaşdı. Əldə olunan iqtisadi dividendlər siyasi reallığa, siyasi reallıq isə Zəfərə çevrildi. 44 gün ərzində ölkə başçımız gecə-gündüz demədən həm şanlı Azərbaycan Ordusuna Ali Baş Komandanlıq etdi, həm danışıqlar masasında qətiyyətli və prinsipial mövqe ortaya qoydu, həm də informasiya savaşına məhz özü rəhbərlik etdi.
Azərbaycan dövlətinin multikultural dəyərləri dövlət siyasətinin ayrılmaz bir parçası etməsi fonunda Azərbaycanda yaşayan bütün etnik azlıqlar Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşdi. 44 gün ərzində Prezident İlham Əliyevin xalqa hər müraciəti hər kəs tərəfindən həyəcanla gözlənilirdi. Hər qarış torpağın azad olunması bizim üçün dünyalar dəyərində idi.
Analar öz övladlarını “Vətən sağ olsun!” deyərək, cəbhəyə yola salırdı. Çünki Azərbaycan qadını məğrurdur, Azərbaycan qadını Xocalı soyqırımının ağrı-acısını hələ də unutmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qeyrətli Azərbaycan oğulları Xocalı cəlladlarından da qisasımızı aldı. Eynilə, düşmənin informasiya məkanında olan havadarlarını bir prokuror ədası ilə üstümüzə göndərməsinə, sanki bizi ittiham edirmiş kimi çıxış etmələrinə ölkə başçımız qəti aman vermədi. Onları tarixi faktlarla, beynəlxalq hüquqa istinad etməklə, ən əsası isə, Azərbaycan xalqının milli maraqlarını rəhbər tutmaqla böyük ustalıqla, siyasi təmkinlə susdurdu. Bu çıxışların hər biri isə xalqımızın ürəyindən xəbər verirdi. Çünki biz artıq əzilmiş deyil, məğrur xalq olduğumuzu bütün dünyaya sübut etməyi bacarırdıq.
Bu illər ərzində yürüdülən siyasət, dövlət başçımızın “Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyərək xalqa verilən dəyər, eynilə xalqın da ölkə başçısına olan sonsuz güvəni və inamı, ən əsası isə, dövlət başçımızın ətrafında bir yumruq kimi birləşməsi bizi böyük Zəfərə aparan yol oldu. Bir tərəfdən xarici siyasətdə illər ərzində beynəlxalq təşkilatlar çərçivəsində iş aparıldısa, digər tərəfdən də ölkə daxilində nəticəyə istiqamətlənmiş işlər görüldü. Belə ki, Azərbaycanda siyasi dialoq mühitinin daha da demokratikləşdirilməsi fonunda 44 günlük Vətən müharibəsi zamanı dövlətin təməl prinsiplərinin rəhbər tutularaq 43 siyasi partiyanın bəyanat qəbul edərək orduya və Ali BaşKomandana dəstək verməsi olduqca mühüm amil idi ki, bu da ictimaiyyət tərəfindən təqdirlə qarşılanaraq insanları daha həmrəy etdi, onların mübarizə əzmini artırdı.
Bu gün Azərbaycan dövlətinin bir neçə meyar üzrə – mahiyyət, kəmiyyət və keyfiyyət baxımından gördüyü işlər, sadəcə, yerli və regional kontekstdə deyil, qlobal və ümumbəşəri anlamda da tarixdə iz qoyan işlərdir. Yaradılan imkanlar da iqtidarın hər hansı amilə görə ayrı-seçkilik qoymadan bütün siyasi partiyalar ilə dialoqa və əməkdaşlığa hazır olduğunu bəyan etməsi ümummilli məsələlərdə onların mütləq əksəriyyətinin xarici təhdidlərə qarşı birlik nümayiş etdirilməsi işinə də təkan verir. Görünür, məhz bu amil Qərb dairələrini narahat edir. Ona görə ki, onlar xalqımızın və dövlətimizin içinə sızıb, onu parçalamaq, zəfərimizin birinci ildönümü ərəfəsində Azərbaycanın dövlət siyasəti, ölkədə mövcud durum və hakimiyyətdə təmsil olunmuş müxtəlif yüksək vəzifəli şəxslərə qarşı ünvanlı qarayaxma kampaniyasına başlamaq niyyətindədirlər. Lakin bu, nəticəsi olmayan cəhdlərdir. Bu gün Azərbaycan demokratik inkişaf yolunu tutmuş bir dövlətdir. Demokratik dəyərlərin daha geniş vüsət almasında maraqlı olmaq kimi dəyərlər Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə Azərbaycan dövlətinin müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biridir.
Azərbaycanda siyasi partiyaların siyasi və ictimai idarəetmədə iştirakı genişləndirilir, onlar üçün bərabər imkanlar platforması təqdim olunur. Siyasi dialoqun çox gərgin və çətin proses olmasına, onun baş verməsi üçün heç bir düstur və ya texnikanın mövcud olmadığına baxmayaraq, Azərbaycan dövləti bu işin də öhdəsindən gəldi. Bu gün ölkəmizdə müxalif siyasi partiyalar və fiqurlara düşüncələrini, fikirlərini sərbəst şəkildə ifadə etmək üçün geniş platformalar təqdim olunur. Məhz bu uğurları həzm edə bilməyən Qərbin müəyyən dairələri və onların təsiri altında olan media və QHT-lərin, ekspertlərin bu tipli hücumları əvvəlki illərdə də olduğu kimi davam edir. Belə ki, Azərbaycanla bağlı önəmli məsələlər gündəlikdə durduğu zaman, ya da Azərbaycan yüksək təşkilatçılıq qabiliyyəti, qonaqpərvərliyi ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən Eurovision 2012, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları keçirilən zaman, ya da nəinki regional, qlobal əhəmiyyətli enerji və iqtisadi layihələr, beynəlxalq siyasi, iqtisadi, mədəni tədbirlər keçirilən zaman analoji hücumlar və qarayaxma kampaniyaları təşkil olunur. Bununla da əgər düşünürlərsə ki, Azərbaycanın imicinə zərər gətirə bilərlər, yanılırlar. Məqsədləri bəllidir – ölkəmizə əlavə problemlər yaratmaq. Bizim yolumuz isə birdir, bu məkrli qüvvələri cəmiyyətimizə yaxın buraxmamaq, müzəffər Ali Baş Komandanın ətrafında daha da sıx birləşərək daha güclü olmaq və daha yüksək hədəflərə çatmaq.
44 günlük Vətən müharibəsi çox aydın şəkildə göstərdi ki, Azərbaycanın dostları kimlərdir. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti səbəbindən respublikamız həm ikitərəfli və çoxtərəfli münasibətlər kontekstində, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməldə dəstək olan Türkiyə və Pakistan dövlətlərinin köməyi ilə , eynilə Vətən müharibəsində olduğu kimi, postmüharibə dövründə də davam edir. Tarixə nəzər yetirilən zaman əyani faktlar və konkret addımlar sübut edir ki, bir tərəfdə Ermənistanla sərhədlərini bağlayan Türkiyə dövləti idisə, digər tərəfdə Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr məhz Pakistanın dəstəyi ilə qəbul olunmuşdur. Bu iki dövlət qeyd-şərtsiz Azərbaycanın yanında olduğunu ilk günlərdən açıq şəkildə masa üzərinə qoymuşdur. Bu amil isə Azərbaycanın gücünə güc qatır. Xalqımız Türkiyə və Pakistan ilə bağlı öz hisslərini müharibə zamanı Azərbaycanın hər bir bölgəsində Türkiyə və Pakistan bayraqlarını dalğalandırmaqla göstərdi.
Sadalanan faktların hər biri Azərbaycan –Türkiyə – Pakistan münasibətləri haqqında dolğun təsəvvür yaratmağa imkan verməklə yanaşı, üç ölkə arasında dostluğun və qardaşlığın ən dərin və aydın təzahür forması olduğunu sübut edir. Beynəlxalq aləmdə görülən işlər sadəcə dövlətlərlə, ya da beynəlxalq təşkilatlarla münasibətlərin ən yüksək səviyyədə saxlanılması ilə kifayətlənmir. Belə ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” kampaniyasının bütün dünyada uğurla aparılmasının nəticəsidir ki, hazırda Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb.
Xalqımız əmindir ki, dövlətimizin başçısı İlham Əliyev müharibədən sonra da milli maraqları rəhbər tutaraq atdığı hər addımı, verdiyi hər mesajı ilə Azərbaycanın təhlükəsizliyini təmin edir və uğur strategiyasını reallaşdırır. Məhz bu reallıqlar kontekstində son hadisələr, Azərbaycanın prinsipial mövqeyi və atılan diplomatik addımlar onu deməyə əsas verir ki, zaman indi daha sürətlə Ermənistanın əleyhinə işləyir. Həm də proseslər göstərir ki, Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Üçtərəfli Bəyanatda da əksini tapan, lakin hələ də icra olunmayan müddəaların icrası sürətlənəcək. Azərbaycan – Ermənistan sərhədində söz sahibi olan da Azərbaycandır, yəni nə Ermənistandır, nə də başqa bir dövlət. Necə ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının nizamnaməsinin VII fəslinə də müvafiq olaraq vaxtilə imzalanan, lakin icra olunmayan qətnamələri və yaradılan atəşkəsi qüvvəyə mindirmək üçün sülhün bərpa olunması məqsədilə əks-həmlə və sülhəməcburetmə əməliyyatları keçirdi, biz də beynəlxalq hüquq çərçivəsində bütün məsələləri sonuna qədər icra edəcəyik. Vaxtilə müəyyən diplomatik kanallarla çatdırılan mövqeyimiz indi açıq şəkildə ortaya qoyulur.
Ermənistan Azərbaycan tərəfinin sülh və əməkdaşlıq çağırışlarına nə qədər tez cavab versə, itkisi bir o qədər az, faydası isə çox olar. Yerinə yetirilməsə, Azərbaycan təzyiq metodlarını və əlində olan resursları və rıçaqları istifadə edəcək. Bu reallığı isə tək Ermənistan deyil, o sırada dayanan regional və regiondan kənar olub burada maraqlarını təmin etməyə çalışan bütün aktorlar dərk etməlidirlər. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanın qarşısında alternativ seçim şansı mövcud deyil, onlar üçün yeganə nicat yolu Azərbaycanın çağırışlarına adekvat addım ataraq regionda etimad mühitinin yaranmasına və bunun daha da möhkəmlənməsinə töhfə verməkdən ibarətdir.
Eynilə kommunikasiyaların açılması məsələsində də Prezident İlham Əliyev möhkəm siyasi iradə nümayiş etdirərək hər zaman birmənalı şəkildə bəyan edir ki, istənilən halda Zəngəzur dəhlizi açılacaq, Naxçıvanla quru əlaqəmiz birbaşa bərpa olunmalıdır. Sərhəddə nəzarəti Azərbaycan polisi həyata keçirirsə, Ermənistan artıq bu məsələdə tam gücsüzdür. Azərbaycan bayrağı altından keçmək reallığı və polisimizin nəzarəti son həlledici sözü deyir.
Azərbaycan məhz o dövlətdir ki, imkanları və potensialı daxilində hər bir məsələdə dünya birliyinin məsuliyyətli və etibarlı üzvü olaraq sülhə və təhlükəsizliyə, humanitar məsələlərə töhfə verir. Lakin əfsuslar olsun ki, məhz bizə gələndə, Azərbaycanın bir nömrəli problemi və prioritet məsələsi olan Ermənistanın təcavüzünün qarşısının alınmasında, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunmasında eyni həssaslıq, qətiyyət və işğalçı dövlətə təsir etmək mexanizmlərinin işə salınmasının şahidi olmadıq. Məhz bu haqlı səbəbdən də müharibəyə görə məsuliyyət yalnız Ermənistanın deyil, onu beynəlxalq hüquqa riayətə məcbur etməyənlərin üzərinə düşür.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna hələ də həmsədrlik edən dövlətlərdir. Bu dövlətlər nəinki qətnamələrin icra mexanizminin reallaşdırılması ilə bağlı iş görməyiblər, hətta öz mandatlarına zidd olaraq qərəzli mövqe nümayiş etdiriblər. ATƏT-in Minsk qrupuna daxil olan dünyanın ən güclü üç ölkəsinin bu qətnamələrin icrası üçün gücü və təsiretmə mexanizmləri olsa da, onlar 28 il ərzində bu imkanlar kontekstində heç bir real iş ortaya qoymadılar. Vaxtında Ermənistanı himayə etmək əvəzinə ona qarşı sanksiyalar tətbiq olunsaydı, məsələ bu qədər mürəkkəbləşməzdi. Baxmayaraq ki, Azərbaycan işğala məruz qalmışdı, yenə də müharibə istəmir, məsələnin sülh yolu ilə həll edilməsində maraqlı olduğunu hər zaman bildirirdi. Lakin, eyni zamanda, dövlətimizin başçısı hər zaman deyirdi ki, Azərbaycan heç vaxt işğal ilə barışmayacaq.
Prezident İlham Əliyev illər ərzində bu məsələni ən mötəbər görüşlərdə, ən mühüm beynəlxalq platformalarda qaldırsa da, təəssüf ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə icra olunmadı. Düşmənin müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilini dəqiq aparan dövlətimizin başçısı bütün dünyaya bildirdi ki, Ermənistan müharibəyə hazırlaşır. Ermənistanın məhz bu cəzasızlıq sindromu, onun düzgün olmayan notlar üzərində qurulan yanlış siyasəti ən qəddar şəkildə özünü büruzə verdi. Torpaqlarımızı işğal edən mənfur düşmən, mədəniyyətimizə də qənim kəsildi, onu məhv etmək üçün hər şeyi etdi. Bu baxımdan da 44 günlük müharibəyə görə məsuliyyət yalnız işğalçı Ermənistanın deyil, onun işğalçılıq, talançılıq siyasətinə göz yuman beynəlxalq birliyin də üzərinə düşür.
Dövlət başçısının səsləndirdiyi hər fikir, sadəcə, Ermənistana deyil, ona hələ də havadarlıq edən dairələrə ünvanlanmış mesajlardır. Azərbaycanın Ali Baş Komandanı və şanlı ordusu olmayan “Arsax” “qəhrəmanlarını”, Xocalı cəlladları Koçaryan, Sarkisyan, Ohanyan kimi caniləri necə məhv etdisə, uydurduqları “yenilməz ordu” mifini necə yerlə bir etdisə, bundan sonrakı məqamlarda da onlar bundan dərs götürərək, uyğun şəkildə addımlar atmalıdırlar. Erməni əsgəri qorxaq və fəraridir, Azərbaycan əsgəri isə öz torpağını azad edərək adını tarixə yazdırdı.
Ölkə başçımızın işğaldan azad olunan ərazilərə hər səfəri sadəcə yerli mətbuatın deyil, xarici medianın da diqqət mərkəzində olur. Nəzərə alsaq ki, Azərbaycana məxsus qızıl yataqları xarici şirkətlər tərəfindən istismar edilirdi, o zaman ölkə başçımızın da qeyd etdiyi kimi, qanunsuz fəaliyyətdə əli olan hər kəs ya Azərbaycana təzminat ödəyəcək, ya da beynəlxalq məhkəmələr önündə cavab verəcək. Azərbaycan necə ki, sona qədər getdi, harada durmaq lazım olduğunu bilərək, Ermənistanı kapitulyasiya aktına imza atmağa vadar etdi, indi də dövlətimiz başlatdığı işi sona çatdıracaq. Geniş və maliyyə tutumlu işlərin başladılması və qısa zaman kəsiyində yekunlaşaraq, insanlarımızın öz doğma yurdlarına geri dönməsi əsas hədəfimizdir. Necə ki, işlər sürətlə gedir, tarixi toponimlərimiz də bərpa edilməlidir. Ölkə başçımız bunun əhəmiyyətini də dilə gətirərək bildirir ki, “Vardenis” yox, Basarkeçər,”Yerasx” deyil, Arazdəyən toponimləri istifadə olunmalı və bölgələrimizin adları əsl tarixi adları ilə çağırılmalıdır. Qarabağ da, Şərqi Zəngəzur da Azərbaycandır!
Azərbaycan tərəfi postmüharibə reallığına uyğun olaraq konstruktiv mövqe sərgiləyir. Ermənistana təklif edir ki, delimitasiya və demarkasiya məsələləri həll olunsun, ərazi bütövlüyümüz tanınsın və böyük sülh sazişi imzalansın. Ermənistan diktə ilə hansısa dairələrin maraqlarını, ya yarımçıq qalan arzularını təmin etməyə son qoymalıdır. Ermənistanın gələcək perspektivləri, bütövlükdə regiona inteqrasiyası və inkişafı qonşu dövlətlərlə normal münasibətlər yaratmaqdan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi nəticəsində formalaşdırılan yeni geosiyasi reallıqla barışmaqdan keçir. 44 günlük Vətən müharibəsində Azərbaycanın qətiyyətli mövqeyi hər bir provokativ dairəyə aydın və dərs olmalıdır. Heç bir qüvvə Azərbaycanı prinsipial mövqeyindən çəkindirə bilməz. Azərbaycan xalqı və dövləti prinsipial mövqeyindən dönən deyil.
Cənab Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı, uzaqgörənliyi, məqsədyönlü və düşünülmüş siyasəti xalqımız tərəfindən sona qədər dəstəklənir və biz xalq olaraq ölkə başçımızın ətrafında yumruq kimi birləşmişik. İkinci Qarabağ savaşı Ermənistan və hər kəs üçün dərs olmalıdır. Biz tarixi ədaləti bərpa etmişik, Heydər Əliyevin və şəhidlərimizin ruhu şaddır. Heç şübhəsiz ki, bu Qələbə Ali Baş Komandanın illər ərzində yürütdüyü çoxşaxəli fəaliyyətin və qəhrəman əsgər və zabitlərimizin canı, qanı bahasına başa gəldi. Düşmən bulaqları qurutdu, biz isə su çəkirik, düşmən yolları dağıtdı, biz yol çəkirik, o torpaqlara yeni həyat veririk. Görülən işlər sübut edir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar.
Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyev videoformatda çıxışı zamanı yenə də bir sıra mühüm məsələlərə diqqət çəkdi. Ölkə başçımız bütün beynəlxalq aləmi bir daha məlumatlandırdı ki, münaqişənin son iki ili ərzində Ermənistan qəsdən danışıqlar prosesini məhv edirdi. Ermənistan hökuməti “Qarabağ Ermənistandır və nöqtə” və “bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verməklə, işğal olunmuş Azərbaycan torpaqlarında istehkamlar qurmaqla əslində göstərirdi ki, daha da azğınlaşır.
Bütün bu reallıqları aydın görən dövlət başçımız ötən il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışı zamanı bütün dünyaya bir daha bəyan etmişdi ki, Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir. Ölkə başçımızın siyasi uzaqgörənliyi hər zaman olduğu kimi, özünü doğrultdu və təəssüflər olsun ki, bu çıxışdan üç gün sonra – sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı.
Təbii ki, Azərbaycan da bu təxribatlara cavab olaraq BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı. Azərbaycanın tarixi ədaləti bərpa etməsinə baxmayaraq, təəssüflər olsun ki, Ermənistan hələ də səhvlərindən nəticə çıxarmır. Bu gün hələ də Ermənistan Azərbaycana qarşı nifrət siyasəti yürüdür. Haqlı və güclü olan Azərbaycan yenidən öz suverenliyinə, ərazi bütövlüyünə və xalqın təhlükəsizliyinə hər hansı bir təhdid görsə, legitim özünümüdafiə hüququndan heç bir tərəddüd etmədən istifadə edəcək. Azərbaycan xalqının öz dövlət başçısının ətrafında bir yumruq kimi birləşməsi, Vətən və torpaq sevgisi buna əsas verir.
Bu gün Azərbaycan özünəməxsus quruculuq kursu ilə müasir şəhərsalma üsulları olan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edir. Dədə-baba yurdunu sıfırdan inşa edir. Əsas məsələ ondan ibarətdir ki, bu işdə Azərbaycana heç kim dəstək olmur, dövlətimiz bütün bu işləri öz maddi imkanları hesabına görür. Bu çətinliyə bir başqa çətinlik də əlavə olunur. Bu da Ermənistanın ərazilərimizdə basdırdığı çoxsaylı minalardır. Bu da azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini bizə təqdim etsin.
Bu gün Azərbaycanın yaratdığı reallıq bütün dünya birliyi üçün, insanlıq üçün bir nümunədir. Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, qüdrətli xalq, torpaq və Vətən sevgisi nə deməkdir. Haqq savaşımızda ədalətin təntənəsi dünyada haqsızlığa məruz qalan toplumlar və xalqlar üçün onları işıqlı gələcəyə səsləyən misli görünməmiş bir örnəkdir. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva bu illər ərzində cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı oldu. Şəhid ailələri, müharibə veteranları, əlillər, onların ailələri, cəmiyyətimizin hər bir təbəqəsi hər zaman Azərbaycanın birinci xanımını öz ailələrinin üzvü kimi səmimi sevgi və dərin ehtiramla sinələrinə basır. Bu gün Azərbaycan xalqı öz şəhidlərinin, bizə bu gələcəyi miras qoymuş ümummilli lider Heydər Əliyevin əziz xatirələrini ehtiramla anır və Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətini ardıcıl dəstəkləyir.
Elman Abdullayev,
Hacıqabul şəhər İnayət Hıəsənov adına
Meniman kənd tam orta məktəbin direktoru