Milli müstəqillik tariximizin şərəf salnaməsi

Müstəqillik Günü milli dövlətçilik tariximiz baxımından son dərəcə əhəmiyyətlidir. Prezident İlham Əliyev 15 oktyabr 2021-ci il tarixdə Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Qanuna əsasən, 28 may – Müstəqillik Günü, 18 oktyabr isə Müstəqilliyin Bərpası Günü elan edilib. Xalqımız Müstəqillik Gününü öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi böyük təntənə ilə qeyd edir. Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik məsələləri ilə bağlı arzuları Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirilir.

Azərbaycan həm cümhuriyyət dəyərlərini yaşadır, həm də öz müstəqil siyasəti ilə fərqlənir. Azərbaycan tarixində bir çox şərəfli anlar olub, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanıb. Amma 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir. “Qarabağ Azərbaycandır və nida” həqiqəti milli birliyimizin, haqqın və ədalətin, zəfərin parlaq nümunəsinə çevrilib. Bu böyük Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyulub. Dövlətimizin başçısının yenilməz Sərkərdəlik məharəti ilə xalqımıza bəxş etdiyi Qarabağ Zəfərinin sevincini dünyanın dörd bir tərəfində yaşayan hər bir soydaşımız, bütün türk dünyası böyük qürur hissi ilə yaşayır. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya nəticəsində Azərbaycan dövləti daha qüdrətli, Azərbaycan xalqı daha güclü, xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli müqəddəs bayrağımız daha əzəmətlə dalğalanır. Beynəlxalq aləm, dünya dövlətləri müstəqil Azərbaycanla hesablaşır, onun qüdrətini, təsir gücünü yaxından hiss edir.

. . . Xalqımız özünün azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərməsinə baxmayaraq XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda istiqlaliyyətini elan edib. Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edən ulu öndər Heydər Əliyev deyib: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Gördüyü bir sıra məqsədyönlü işlər Xalq Cümhuriyyəti Hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir”. 1920-ci ildə Cümhuriyyətin varlığına son qoyulsa da müsəlman şərqində ilk demokratik respublika olaraq bugünkü güclü dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırıb.

1991-ci ildə xalqımız öz müstəqilliyini bərpa etsə də baş verən proseslər, ölkədəki anarxiya, hakimiyyət boşluğu, özbaşınalıq, vətəndaş müharibəsi təhlükəsi, cəbhədə ağır məğlubiyyətlər, bütün bunlar müstəqilliyin itirilmə təhlükəsini sürətləndirirdı. 1920 – ci ildə yaşanan acı tarixin 1990 – cı illərin əvvəllərində təkrarlanacağı qaçılmaz idi. 1993-cü ildə vəziyyət böhran həddinə çatmışdı – həm iqtisadi, həm siyasi, həm də hərbi böhran, vətəndaş müharibəsinin başlanması, torpaqlarımızın işğal altına düşməsi. Xalqın çağırışı və təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Yalnız bundan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı. Atdığı qətiyyətli addımlar nəticəsində ölkədə tüğyan edən özbaşınalıq aradan qaldırıldı, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı. Təcavüzkar düşmənlə atəşkəs sazişinin bağlanmasından sonrakı şərait dövlət quruculuğu işlərinə başlamaq üçün əlverişli imkan yaratdı. Qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyən olundu, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliy və parlaq zəkası ilə hazırlanmış yeni neft strategiyasının reallaşdırılması ölkəmizə çox böyük siyasi və iqtisadi uğurlar gətirdi. Azərbaycanın gələcək taleyi baxımından həlledici rola malik “Əsrin müqaviləsi”nin imzalanması, digər sazişlər ölkəmizə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandırdı. 1995-ci ildə ulu öndər Heydər Əliyevin müəllifi olduğu xalqın dövlətçilik iradəsinin, suverenliyinin təcəssümünə çevrilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə yol açdı, dövlət quruculuğu, iqtisadiyyat və ictimai – siyasi həyatda dinamik inkişafa təkan verdi, insan hüquq və azadlıqlarının qorunması üçün əlverişli şərait yaratdı. Cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin idarəçilik sistemini tənzimləyən Əsas Qanunumuz eyni zamanda xalqımızın dünyəvi, milli – mənəvi prinsipləri rəhbər tutaraq seçdiyi gələcək yolun ifadəsi oldu. Dövlətçiliyimizin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər, iqtisadiyyatımızın inkişaf etdirilməsi, dövlət strukturlarının formalaşdırılaraq beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi, Azərbaycan Respublikasının dünya ölkələri ilə əlaqələrinin genişləndirilməsi və bu kimi çoxlu sayda mühüm təxirəsalınmaz məsələlərin həllinə nail olundu.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycanımız illərə sığmayan yüksəlişlə inkişaf edir. Azərbaycan tarixin heç bir dövründə indiki qədər güclü, müstəqil və qüdrətli olmayıb. Yeni dövrün çağırışlarına uyğun olaraq görülən işlər, aparılan islahatlar, qazanılan uğurlu nəticələr müstəqilliyimizin daha da möhkəmlənməsində, ölkəmizin sosial-iqtisadi tərəqqisində əsaslı rol oynayır. Dövlətimizin başçısının gələcəyə xidmət edən strategiyası sayəsində region ölkələrinin inkişafı üçün yeni imkanlar açılıb. İqtisadi gücünü günbəgün artıran ölkəmiz dünyada mühüm siyasi-iqtisadi, hərbi güc mərkəzinə çevrilib, yerləşdiyi coğrafiyanın əsas mərkəzi olmaqla Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizlərinin, özündən min kilometrlərlə uzaqda olan dövlətlərin enerji təhlükəsizliyinin qarantına çevrilib. Müstəqil siyasət yürüdən Azərbaycan dünya dövlətləri tərəfindən sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Beynəlxalq aləm, dünya dövlətləri müstəqil Azərbaycanla hesablaşır, onun qüdrətini, təsir gücünü yaxından hiss edir. Azərbaycan nəinki regionda, eləcə də bütün dünyada söz və nüfuz sahibinə, yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Prezident İlham Əliyevin simasında müstəqil Azərbaycanın Birləşmiş Millətlər Təşkilatında, Avropa Şurasında, Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, Ümumdünya Səhiyyə Təşkilatında, digər mötəbər beynəlxalq qurumlarda tutduğu mövqe, qazandığı böyük nüfuz yalnız dünyanın ən inkişaf etmiş dövlətləri ilə müqayisə oluna bilər. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.

Müstəqillik dövrünün ən böyük nailiyyətlərindən biri məhz Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması və davamlı xarakter almasıdır. Dövlətimizin başçısının siyasi iradəsi nəticəsində daha da güclənən, sosial dövlətə çevrilən Azərbaycanda insanlar rifah içində yaşayır və onların rahat yaşaması üçün hər cür şərait və imkanlar mövcuddur. Azərbaycanın öz gücünə söykənən müstəqil siyasəti xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq ölkəmizi sürətlə irəli aparır, dinamik və hərtərəfli inkişaf tempi qorunur, dünyadakı mövqeləri daha da möhkəmlənir. Respublikamızın kosmos dövlətə çevrilməsi, ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi, ordumuzun daha da gücləndirilməsi müstəqilliyimizin bəhrələrindəndir. Ən əsası, Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir!

Damət Əşrəfov

Kürdəmir rayon Yol İstismar İdarəsinin rəisi

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir