Braziliya məhkəməsi Britaniyalı pop müğənnisi Adelin “Million Years Ago” (“Milyon il əvvəl”) mahnısının bütün dünyada, o cümlədən musiqi yayım xidmətlərində satışdan çıxarılmasına qərar verib.
Oxu.Az bu barədə “The Guardian”a istinadən xəbər verir.
Məlumata görə, ilkin qadağa “Sony” və “Universal” şirkətlərinə qoyulub. Onlardan mahnının istifadəsi, yayımlanması, redaktəsi, paylaşılması və ya hər hansı şəkildə kommersiyalaşdırılmasını dərhal dayandırmaq və bunu bütün dünyada tətbiq etmək tələb olunub.
Qərar bəstəkar Toninyo Geraes tərəfindən qaldırılan plagiat iddiası əsasında qəbul edilib. O, britaniyalı müğənnini Martinyo da Vilanın 1996-cı il “Mulheres” kompozisiyası üçün özünün yazdığı musiqidən yararlanmaqda ittiham edib.
Qadağaya əlavə olaraq, Geraes Adel, prodüser Qreq Kurstin və bir neçə musiqi şirkətindən – o cümlədən “Sony” və “Universal”dan 160 min dollar təzminat tələb edib. Bəstəkar, həmçinin, Adelin mahnısının müəllif hüquqlarını almaq niyyətindədir.
Bildirilir ki, “Sony” və “Universal”ın törəmə şirkətləri hər bir riayət etməmə aktı üçün 8 min dollar cərimə ilə üzləşə bilərlər. Lakin musiqi şirkətləri hələ də bu qərardan apellyasiya şikayəti verə bilərlər.