Dünya azərbaycanlılarını birləşdirən qalib dövlət

Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında qəbul edilib. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.
Qeyd edək ki, əsası Ulu öndərimiz tərəfindən qoyulan milli birlik siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ dövlət başçısı kimi ilk andçimə mərasimində: “Mən hər bir azərbaycanlının PREZİDENTİYƏM”, – söyləyən cənab İlham Əliyev bu fikri əməli fəaliyyəti ilə sübuta yetirdi. Bu gün Azərbaycanda bütün sahələr üzrə müşahidə olunan inkişaf trayektoriyalarının arxasında milli birlik formulu, sabitlik amili dayanır. Məhz bu milli birlik ölkəmizin dünyaya inteqrasiyasının tam, kompleks halda həyata keçməsinə təminat verir. Dovlət başçısının qeyd etdiyi kimi, bu gün “Azərbaycanın əsas prioritetlərindən biri milli adət-ənənələrimizin təmin olunması şərtilə dünya birliyinə inteqrasiya etməsidir”. Bu inteqrasiyada Azərbaycanın öz yerini tapması, eyni zamanda, milli eyniyyətini, milli identifikasiyasını qoruyub saxlamaq müstəsna əhəmiyyət kəsb edir ki, onu da azərbaycançılıq fəlsəfəsi təmin edir.
Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Cənab Prezidentin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Qürurla deyə bilirik ki, dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizi daha inamlı etdi. Şanlı Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfələr verib. Vətən müharibəsində Azərbaycan xalqının öz Prezidenti ətrafında birləşərək mənfur düşmənə qalib gəlməyi bir daha bu həmrəyliyi sübut etdi. Mübariz əsgərlərimizin işğal altında olan torpaqlarımızı azad etməsi bir daha onların cəsarətini, şücaətini, qəhrəmanlığını, əzmini, vətənə bağlılığını bütün dünyaya göstərdi. Bir faktı qeyd etmək kifayətdir ki, Şanlı Vətən müharibəsi dövründə diaspor təşkilatları dünyanın 30-dan çox ölkəsində 200-dək aksiya keçirmiş, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak etmiş, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərmişdir. Təsadüfü deyil ki, Dünya Azərbaycanlılarının V qurultayı Azırbaycanın mədəniyyət mərkəzi olan Şuşada keçirildi. Aprelin 22-də başlayan qurultayı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev qeyd etdi ki: ”Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir.” Prezident cənab İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində azad olunan Şuşa dünya azərbaycanlılarını bir araya gətirdi.Bu tədbirdə  65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi  iştirak etmişdir.
Beləliklə, hər il 31 dekabrda qeyd olunan bu bayram dünya azərbaycanlılarını birləşdirən mühüm bir tarix kimi qəbul edilir. Bu gün təkcə bayram deyil, eyni zamanda milli həmrəylik, birlik və özünüdərk ideyalarını əks etdirən simvolik bir gündür. Həmrəylik günü  Azərbaycan xalqının tarixi mücadilələri və milli dəyərlərindən qaynaqlanır. Milli həmrəylik ruhu hər zaman gücümüzün və uğurlarımızın əsası olsun!

Babaşaov Baxış Əliyar oğlu,

İmişli şəhər Uşaq İncəsənət Məktəbinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir