Müasir dövrdə planetimizin müxtəlif yerlərində yaşanan gərginliklər,baş verən siyasi proseslər, ideologiyasına görə ayrı qütblərdə dayanan ölkələrin bir-birinə qarşı sərgilədiyi sərt mövqelər,gündən-günə dərinləşən fikir ayrılıqları dünyada yeni nizamın qurulmasından,alışdığımız bəzi dəyərlərin dəyişməsindən xəbər verir. Belə bir mürəkkəb zamanda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin apardığı balanslaşdırılmış siyasət kursu zamanın nəbzini tutmaqla bərabər,gələcəkdə atılacaq addımların da düşünülmüş,düzgün hesablanmış və doğru nəticələr almağa yönəldilmiş olması ilə fərqlənir.Dövlət başçımızın milli maraqlarımızın qorunması,ərazi bütövlüyümüzün tam təmin olunması,dünya ictimaiyyətinə haqq səsimizin çatdırılması,ədalətsizliklərə qarşı prinsipial mövqeyimizin bildirilməsi kimi əhəmiyyətli məsələlərdə göstərdiyi qətiyyət,əzmkarlıq xüsusilə təqdirəlayiqdir. Müzəffər Prezidentimizin dünyada baş verən proseslərə özünəməxsus münasibətinin, müdrik siyasəti və sarsılmaz qətiyyətinin bu günlərdə mətbuat nümayəndələrinə verdiyi müsahibəsi zamanı bir daha şahidi olduq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 yanvar 2025-ci il tarixində yerli televiziya kanallarına verdiyi geniş müsahibədə ölkənin inkişaf strategiyası, daxili və xarici siyasət prioritetləri, eləcə də qarşıdakı il üçün nəzərdə tutulan əsas hədəflər haqqında danışdı. Prezidentin çıxışı xüsusilə regionda baş verən dəyişikliklər, sosial-iqtisadi inkişaf və dövlətin strateji layihələri, həm daxili, həm də xarici siyasətdə qarşıda duran prioritetlər ilə bağlı verdiyi açıqlamalarla yadda qaldı. Üç saata yaxın davam edən müsahibə hər şeydən öncə cənab Prezidentin media sahəsinə verdiyi önəmin, mətbuatla sıx münasibətlərinin göstəricisidir.
Cənab Prezident müsahibəsində ilk növbədə 2024-cü ildə ölkəmizin iqtisadi inkişafı, qeyri-neft sektorunda əldə edilən nailiyyətlər və qarşıdakı hədəflərdən bəhs etdi. 2024-cü ildə Azərbaycan iqtisadiyyatı ümumi daxili məhsul (ÜDM) üzrə 4 faizdən çox artım əldə edib. Prezident İlham Əliyev bu nəticəni müsbət qiymətləndirərək qeyd etdi ki, əsas diqqət qeyri-neft sektorunun inkişafına yönəldilib. Bu, iqtisadiyyatın diversifikasiyası istiqamətində görülən tədbirlərin nəticəsidir.
Qeyri-neft sektorunda əldə olunan 6 faizdən çox artım xüsusilə diqqətəlayiqdir. Prezident vurğulayıb ki, qeyri-neft sənayesində bu göstərici daha yüksək – 7 faizdən çoxdur. Bu uğur ölkənin sənaye istehsalının artırılması strategiyasının səmərəliliyini təsdiqləyir. Dünya iqtisadiyyatında qeyri-sabitlik və bəzi ölkələrdə tənəzzül şəraitində Azərbaycan iqtisadiyyatının müsbət dinamika nümayiş etdirməsi, düşünülmüş və düzgün siyasətin nəticəsidir.
Prezident İlham Əliyev qeyd etdi ki, 2024-cü ildə əldə olunan nailiyyətlər uzun illər aparılan iqtisadi islahatların nəticəsidir. İnhisarçılığa qarşı mübarizə, şəffaflıq və xarici investisiyaların cəlb edilməsi istiqamətində görülən işlər ölkənin beynəlxalq reytinq göstəricilərində də öz əksini tapıb.
2024-cü ildə Azərbaycanın valyuta ehtiyatları 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatıb. Bu göstərici, əhalisi 10 milyon olan bir ölkə üçün əhəmiyyətlidir. Dövlət başçısı bildirdi ki, valyuta ehtiyatlarımız xarici borcu 14 dəfə üstələyir və bu da, Azərbaycanın maliyyə dayanıqlığını nümayiş etdirir. Xarici borcun ÜDM-ə nisbəti isə cəmi 7.2 faizdir ki, bu da dünya səviyyəsində nadir göstəricilərdən biridir.
2024-cü il Azərbaycanın tarixində ən böyük büdcə ilə yadda qalıb. Büdcə xərcləri 41 milyard manatdan, icmal büdcə isə 48 milyard manatdan çox olub. Bu resurslar həm sosial sahələrə, həm də Qarabağın bərpasına yönəldilib. Sosial məsələlərə xüsusi diqqət ayrılaraq, minimum əməkhaqqı və pensiyalar artırılıb. Bu artımlar sosial ədalət prinsipini əsas tutaraq əhalinin rifahını daha da yaxşılaşdırmağa xidmət edir.
Cənab Prezidentin də vurğuladığı kimi, biz əminik ki, 2025-ci ildə də iqtisadi artım davam edəcək və əldə olunan müsbət dinamika saxlanılacaq. Azərbaycan iqtisadiyyatı daxili resurslara əsaslanır və dayanıqlı inkişaf strategiyasını davam etdirir. Qarşıda duran əsas hədəf həm sosial məsələlərin həlli, həm də iqtisadiyyatın müxtəlif sahələrində daha böyük nailiyyətlər əldə etməkdir.
Dövlət başçımız müsahibəsində bu il ölkəmizdə əldə olunan ən böyük uğurlardan biri olan COP 29 – a layiqli ev sahibliyimizdən də bəhs etdi. Cəmi 11 ay ərzində 200 min kvadratmetrlik ərazidə qurulan nəhəng infrastrukturlarla qüsursuz şəkildə həyata keçirilən tədbir hər kəs tərəfindən yüksək qiymətləndirildi. Hazırlıq işlərindən tədbirin keçirilməsinə qədər Azərbaycanın qüsursuz idarəetmə bacarığı və resurslarından səmərəli istifadə edilməsi ölkəmizin qlobal diqqət mərkəzinə çevrilməsinə şərait yaratdı.
Tədbir öncəsi dövlətimizin qarşılaşdığı ən böyük çətinliklərdən biri bəzi ölkələr tərəfindən təşkil olunan boykot cəhdləri idi. Xüsusilə Fransa tərəfindən edilən siyasi təzyiqlər, COP29-u boykot etmək üçün göstərilən səylər və digər dövlət başçılarını ölkəmizə səfər etməmə çağırışları tədbirin uğuruna təsir edə bilmədi. Əksinə, dünyanın 80-dən çox dövlət və hökumət başçısı Bakıya səfər edərək Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.
COP29-da maliyyələşmə məsələsi əsas prioritetlərdən biri idi. Azərbaycan bu sahədə də mühüm irəliləyişlərə nail oldu. İlkin razılaşdırılmış 100 milyard dollar maliyyələşmə həcmi Bakıda keçirilən müzakirələr nəticəsində 300 milyard dollara çatdı.
Tədbir Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət kəsb etdi. Prezident İlham Əliyev qeyd etdi ki, COP29-a qatılan və ölkəmizə ilk dəfə səfər edən iştirakçılar Azərbaycanın infrastrukturundan, təşkilatçılıq bacarığından və qonaqpərvərliyindən dərin təsirləndiklərini bildiriblər.
COP29-da Azərbaycanın irəli sürdüyü 14 təşəbbüs tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirildi. Bu təşəbbüslər Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə nə qədər ciddi mövqe tutduğunu və qlobal problemlərin həllinə aktiv töhfə verməyə hazır olduğunu bir daha nümayiş etdirdi.
Dövlətimizin COP29-a ev sahibliyi etməsi, həm təşkilati, həm də siyasi baxımdan ölkəmizin mövqeyini möhkəmləndirdi. Cənab Prezidentin də qeyd etdiyi kimi, COP29 uğurlu bir hekayə olaraq Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu artırdı və gələcək üçün möhkəm təməl yaratdı.
Prezident İlham Əliyev müsahibəsində ölkəmizin beynəlxalq nüfuzunu bir daha sübut edən mühüm addımlardan olan Azərbaycanın D-8 təşkilatına qəbul edilməsindən də bəhs etdi.
D-8, Türkiyənin təşəbbüsü ilə 30 il əvvəl qurulmuş və dünya üzrə müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini əhatə edən ən böyük təşkilatlardan biridir. Üzv ölkələrin ümumi daxili məhsulu 5 trilyon dollardan çox, əhalisi isə 1 milyarddan artıqdır. Azərbaycan 30 ildən sonra bu təşkilata qəbul edilən ilk yeni üzv olmaqla, D-8-in ilk genişlənmə prosesinə liderlik edir.
Dövlətimizə D-8-ə üzvlüyü yolunda ən böyük dəstəyi qardaş Türkiyə göstərib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hələ 8 il əvvəl o, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyədə keçirilmiş D-8 Zirvə görüşündə qonaq qismində iştirak etmişdi. Bununla da, Azərbaycanın təşkilata üzvlüyü ilə bağlı müzakirələrin təməli qoyulmuşdur. Nəticədə, üzv ölkələr arasında konsensus əldə olundu və Azərbaycan təşkilata qəbul edildi.
Azərbaycan hər zaman müsəlman dünyasının dəyərli üzvü olub. Ölkəmiz İslam dininə göstərilən hörmət, dinlərarası harmoniyanın qorunması və Fələstin, Suriya kimi ölkələrə göstərilən yardımlarla qlobal İslam həmrəyliyinin öncül üzvü kimi tanınır.
Prezident İlham Əliyev bildirdi ki, İkinci Dünya müharibəsindən sonra formalaşan dünya sistemi artıq tükənib və yeni nizamın yaradılması prosesləri başlayıb. D-8 üzvlüyü ilə Azərbaycan, bu yeni nizamın formalaşmasında daha aktiv rol oynamaq üçün mühüm bir platforma əldə edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibəsində ölkəmizin ərazi bütövlüyü, Ermənistanla münasibətlər, Qarabağın bərpası, regional əməkdaşlıq və təhlükəsizlik məsələlərindən də bəhs etdi.
Qazax rayonunun dörd kəndinin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan mühüm addımlardan biridir.Ermənistanın ilk prezidentindən etibarən yürüdülən faşist və irqçi ideologiyalar bu ölkənin işğal etdiyi əraziləri azad etmək niyyətində olmadığını dəfələrlə göstərmişdir. Qazaxın işğal altındakı kəndlərinin azad edilməsi Vətən müharibəsinin nəticələri ilə sıx bağlıdır. Azərbaycanın hərbi uğurları və regionda tarixi ədalətin bərpa edilməsi Ermənistana işğal siyasətindən əl çəkmək üçün ciddi təzyiq yaratdı.
Qazaxın dörd kəndinin azad edilməsi delimitasiya və demarkasiya prosesində əhəmiyyətli bir addım oldu.
Prezident həmçinin bildirib ki, Azərbaycan müharibə səhifəsini bağlamaq istəyir, lakin Ermənistanın revanşist fikirlərindən əl çəkməməsi regional sülh üçün ciddi maneədir . Ermənistan rəhbərliyinin irqçi və ksenofob bəyanatları regionda barışıq atmosferini zəhərləyir. Azərbaycan isə bu təhlükənin aradan qaldırılmasına dair qəti mövqeyini ifadə edir: ya Ermənistan rəhbərliyi faşizm siyasətindən əl çəkəcək, ya da Azərbaycan bu siyasəti tamamilə məhv edəcək.
Prezident İlham Əliyev Ermənistanın xarici himayədarlarının dəstəyi ilə davam edən silahlanmasını region üçün yeni təhlükə mənbəyi kimi qiymətləndirdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın hərbi və təhlükəsizlik məsələlərinə böyük büdcə ayırması bu təhdidlərə qarşı ən mühüm cavabdır.
Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard manat, müdafiə və təhlükəsizlik sahələrinə isə 8,4 milyard manat vəsait ayrıldığını qeyd edən Prezident, bu ərazilərdə infrastrukturun sürətlə qurulduğunu və köçkünlərin qayıdış prosesinin təmin edildiyini vurğuladı. Dövlət başçısı eyni zamanda yeni təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini də qeyd etdi.
Cənab İlham Əliyev Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana birbaşa dəhliz vasitəsilə çıxış əldə etməyin strateji əhəmiyyətini vurğuladı. Zəngəzur dəhlizinin açılmasının vacibliyini qeyd edən Prezident, Ermənistanın 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərinə əməl etməli olduğunu bildirdi.
Dövlət başçısı Ermənistanla sülh müqaviləsi imzalamaq məsələsinə toxunaraq, Azərbaycanın təkliflərinin məntiqli və real olduğunu qeyd etdi. Prezidentimiz, Azərbaycanın heç bir halda bu məsələdə güzəştə getməyəcəyini və sülhün Azərbaycanın iradəsinə əsaslanacağını bildirdi.
Cənab Prezident Ermənistanın silahlanmasının Azərbaycan üçün yaratdığı potensial təhlükələrə toxunaraq, bu siyasətin ölkənin bərpa-quruculuq işlərinə müəyyən mənada mane olduğunu bildirdi. O, qeyd etdi ki, təhlükəsizlik məsələlərinə ayrılan 8,4 milyard manatlıq büdcə Ermənistanın revanşist siyasətinin nəticəsidir. Əgər Ermənistanın silahlanma səyləri olmasaydı, bu məbləğin xeyli hissəsi Qarabağın bərpasına, sosial proqramlara və digər sahələrin inkişafına yönəldilə bilərdi. Buna baxmayaraq, Prezident qeyd etdi ki, hərbi təhlükəsizliklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası da hökumətin prioritetlərindəndir.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Prezidentimizin strateji diqqət mərkəzindədir. O, son üç ildə 10 yaşayış məntəqəsinə köçkünlərin qayıtdığını, 10 mindən çox şəxsin isə artıq evlərlə təmin olunduğunu bildirdi. 2025-ci ilin sonuna qədər daha 20-dən çox yaşayış məntəqəsinə köçkünlərin yerləşdirilməsi planlaşdırılır.Cənab İlham Əliyev bu ərazilərdə həyata keçirilən genişmiqyaslı inşaat və bərpa işlərinin yüksək standartlara uyğun icra edildiyini vurğuladı.
Qarabağ və Şərqi Zəngəzurun müasir infrastrukturla təmin edilməsi üçün 60 kilometrdən çox tunel və körpü inşa edilmiş, su anbarları və elektrik stansiyaları tikilmişdir. 30-dan çox su elektrik stansiyası artıq fəaliyyət göstərir. Eyni zamanda, Ağdam şəhərində yaradılmış sənaye parkı bu bölgələrin iqtisadi inkişafının göstəricisidir. Bu sənaye parkında istehsal edilən məhsullar artıq xaricə ixrac olunur.
Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun iqtisadi, sosial və yaşıl enerji nöqteyi-nəzərdən vahid konsepsiya əsasında inkişaf etdirildiyini bildirdi. Bu bölgələr Naxçıvan Muxtar Respublikası ilə birlikdə vahid iqtisadi məkana çevrilir. 2025-ci ildə Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına başlanacaq, daha sonra Muxtar Respublikanın digər şəhərlərində də bu proses davam etdiriləcək.
Prezidentimiz Qarabağın təbii gözəlliklərinə diqqət çəkərək, bu əraziləri dünyanın ən müasir və komfortlu yerlərindən birinə çevirmək məqsədini vurğuladı. Şübhəsiz ki, inkişaf etdirilən müasir infrastruktur, yaradılan yeni iş yerləri və rahat yaşayış şəraiti bu ərazilərin sosial-iqtisadi Cənnətə çevrilməsini təmin edəcək.
Prezident İlham Əliyev müsahibədə Azərbaycanın Avropa ilə enerji sahəsində əməkdaşlığı, qaz təchizatının coğrafiyasının genişləndirilməsi və bu sahədə qarşıya çıxan çətinliklər barədə mühüm məqamları da ictimaiyyətlə bölüşdü. Hazırda Avropa İttifaqının üzvü olan bir çox ölkə daxili qaz tələbatının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Xüsusilə 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Avropa üçün alternativ enerji mənbələrinə ehtiyac artıb və bu çərçivədə Avropa Komissiyası Azərbaycandan qaz təchizatının artırılmasını istəyib. Azərbaycan hökuməti bu çağırışa cavab verərək, qısa müddət ərzində qaz ixracını iki dəfə artıraraq və yeni bazarlarla əməkdaşlıq qurub.Hazırda Azərbaycan qazını alan 12 ölkədən 10-u Avropa ölkəsidir ki, onların 8-i Avropa İttifaqının üzvüdür. Qaz ixracının coğrafiyası genişlənərək, Bolqarıstan, Macarıstan, Ruminya, Serbiya, Şimali Makedoniya, Slovakiya və Xorvatiyanı əhatə etməyə başlayıb.
Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatlarının miqdarı son illərdə artaraq 2,6 trilyon kubmetrdən daha yüksək səviyyəyə çatıb. Əlavə olaraq, “Şahdəniz” yatağı Azərbaycanın əsas qaz təchizat mənbəyi olaraq qalır, lakin digər layihələr də diqqət mərkəzindədir. Xüsusilə, “Abşeron” yatağından hasilatın artırılması və “Dərin Qaz” layihəsinin icrası Azərbaycanın enerji bazarında mövqeyini daha da gücləndirəcək.
Azərbaycan hökuməti Cənub Qaz Dəhlizi və yeni interkonnektorlar vasitəsilə qaz təchizatının genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Bu layihələr həm Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasını təmin edir, həm də regionun enerji təhlükəsizliyinə töhfə verir.
Eyni zamanda, Azərbaycan hökuməti Avropa ölkələrini qaz interkonnektorlarının inkişafı və maliyyələşdirilməsi məsələsində daha aktiv olmağa çağırır. Prezident İlham Əliyev müsahibəsində qeyd etdiyi kimi, enerji bazarında davamlı inkişaf üçün həm istehsalçı, həm də istehlakçı tərəflərin birgə səyləri vacibdir.
Dövlət başçısının müsahibəsində azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi xüsusi diqqət mərkəzində idi. O, bu qayıdışı yalnız tarixi və coğrafi baxımdan deyil, həm də insan hüquqları və ədalət məsələsi kimi qiymətləndirərək, bu prosesin Azərbaycanın milli maraqları və beynəlxalq hüquq çərçivəsində əsas hədəflərindən biri olduğunu bəyan etdi. Prezident bu qayıdışın sadəcə bir ərazi məsələsi olmadığını, əksinə, yüz minlərlə insanın hüquqlarının bərpası üçün zəruri olduğunu vurğuladı. Azərbaycanlıların təhlükəsizlik şəraitində öz tarixi torpaqlarına qayıtması beynəlxalq hüquq çərçivəsində əsas insan hüquqlarından biri olan doğma yurdlarına qayıtmaq hüququnun həyata keçirilməsidir.
Bu məsələ, eyni zamanda, beynəlxalq ictimaiyyət üçün bir sınaq kimi təqdim edilir. Ermənistan rəhbərliyinin bu qayıdışa imkan verib-verməməsi onun demokratik dəyərlərə və insan hüquqlarına nə qədər sadiq olduğunu göstərəcək. Prezident İlham Əliyev Ermənistanın keçmiş üç prezidentinin faşist siyasətini və Xocalı soyqırımında iştirakını xatırladaraq, indiki rəhbərliyin fərqli mövqe nümayiş etdirib-etdirməyəcəyini sual altında olduğunu söylədi.
Bununla yanaşı, Prezident bu məsələnin gündəlikdən çıxarılmayacağını və Azərbaycanın öz vətəndaşlarının hüquqlarının bərpası üçün mübarizəyə davam edəcəyini bildirdi. Azərbaycan tərəfi, beynəlxalq hüquqa əsaslanaraq, bu məsələni yalnız sülh yolu ilə həll etməyə çalışır və ərazi iddialarından uzaq olduğunu bir daha bəyan edir.
Beynəlxalq ictimaiyyətə və Ermənistan rəhbərliyinə edilən çağırışlar, Azərbaycanın beynəlxalq hüquqa və insan hüquqlarına sadiqliyini nümayiş etdirir. Bu addımlar, həmçinin sülhün və ədalətin təmin olunması, regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün mühüm bir dönəmi təmsil edir. Azərbaycanın hərbi və infrastruktur layihələrindəki uğurları, o cümlədən enerji təminatı sahəsindəki addımları, ölkəmizin regionda və Avropada strateji rolunu daha da gücləndirir.
Dövlət başçımızın müsahibəsi zamanı vurğuladığı kimi güclü lider, möhkəm siyasi iradəyə malik dövlət başçısı olmadan istənilən ölkə ciddi təhlükələrlə üzləşə bilər. Biz 1993-cü ildə Ulu Öndərimizin hakimiyyətə qayıdışı ilə bu təhlükəni sovuşduraraq müstəqilliyimizi qorumağa, onu daha da möhkəmləndirməyə nail olmuşuq. Biz hər birimiz fəxr edirik ki, Ulu Öndərimizin layiqli davamçısı olan, cənab İlham Əliyev kimi uzaqgörən, dərin, analitik düşüncəyə malik, heç kimdən çəkinmədən hər zaman, hər sahədə öz xalqını müdafiə edən, Vətənini bütün təhlükələrdən qoruyan, digər dövlətlərin daxili siyasətinə hörmətlə yanaşan bir Liderimiz var.
Ziyafət Əsgərov
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini.