Ukrayna Prezidenti Vladimir Zelenski və onun “Xalqın qulluqçusu” adlı hakim partiyası avqustun 29-da ölkənin müstəqilik tarixində ən gənc və az təcrübəli hökuməti formalaşdırıblar.
Virtualaz.org xəbər verir ki, yeni hökumət üzvlərinin orta yaşı 40-dır, 12 kişi və 6 qadından ibarətdir. Yeni hökumətdə prezidentin dostları, keçmiş biznes ortaqları, texnokratlar, vətəndaş cəmiyyəti fəalları, əvvəlki administrasiyanın iki üzvü də yer alıb.
35 yaşlı Aleksey Qonçaruk ölkənin ən gənc baş naziri olub. Elə 41 yaşlı Zelensky də Ukraynanın ən gənc prezidentidir. NATO-da keçmiş səfir, 49 yaşlı Vadim Pristayko xarici işlər naziri, prezident administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka isə baş prokuror təyin olunub.
44 yaşlı Andrey Zaqorodnyuk isə yeni müdafiə naziridir. Zelenskinin keçmiş biznes ortağı, 45 yaşlı Ivan Bakanov SBU təhlükəsizlik xidmətinin yeni rəhbəridir.
Rəqəmsal transformasiya nazirinin müavini Mixailo Fyodorovun 28, Baş nazirin Avropa və Avro-Atlantik İnteqrasiya üzrə müavini Dmitro Kulebonun 38, təhsil naziri İnna Novosadın 29 yaşı var.
55 yaşlı Bakı ermənisi Arsen Avakov isə daxili işlər naziri postunda qalıb, habelə 42 yaşlı Oksana Markarova maliyyə naziri postunu saxlayıb. Zelenskinin “Xalqın qulluqçusu” partiyası ötən ay keçirilən parlament seçkisində 450 yerlik parlamentdə 254 yeri qazanıb.