Tələbə yataqxanaları ilə bağlı vəziyyət açıqlandı

tehsil

Təhsil Nazirliyinin nəzdində olan ali təhsil müəssisələrinin tabeliyində 48 yataqxana binası var. Bunlardan 1265 nəfərlik tutumu olan səkkiz təmirli bina fəaliyyət göstərir. Bundan başqa, 1141 nəfərlik tutumu olan 13 təmirsiz yataqxana binası mövcuddur. Digər 27 yataqxana binasında məcburi köçkünlər məskunlaşdığı üçün tələbələrin istifadəsinə verilməsi mümkünsüzdür.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, yataqxanalarla bağlı gələcəkdə nəzərdə tutulmuş tədbirlər var:

“Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən dövlət-özəl sektor tərəfdaşlığı vasitəsilə 400 nəfərlik tələbə yataqxanasının inşası üzrə ilkin olaraq müzakirələrə başlanılıb. “Heydər Əliyev Fondu” tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitenin 1000 nəfərlik tələbə yataqxanası istismara hazırdır. O cümlədən, Lənkəran Dövlət Universitetinin 156 yerlik yataqxanası istismara hazırdır.

Hazırda Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik üç yataqxanasının əsaslı təmir işləri başlanılıb, Sumqayıt Dövlət Universitetinin 264 yerlik yataqxanasının əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanır və cari ildə başlanması nəzərdə tutulub”.

“Təhsil Nazirliyi tərəfindən Asiya İnkişaf Bankının dəstəyi ilə 2000 nəfərlik tutumu olan tələbə yataqxanasının layihələndirilməsi və tikintisi üçün dövlət-özəl sektor tərəfdaşlığı vasitəsilə özəl investisiyaların cəlb edilməsi planlaşdırılır.

Bu layihə çərçivəsində ilkin olaraq üç universitetin – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Dövlət Universitetinin ərazisində sözügedən yataqxananın tikintisi nəzərdə tutulur”, – deyə nazirlikdən qeyd edilib.(oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir