Zahid Oruc: Taleyüklü məsələlər ortaya çıxıb

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən müntəzəm olaraq, sosial-siyasi durum və proseslərin dinamikası ilə bağlı təhlillər, açıq və qapalı analitik hesabat və arayışlar hazırlanıb, ali rəhbərliyə, müvafiq dövlət orqanlarına təqdim olunub.

Anews.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfransda deyib.
“2019-cu ilin başlanması ilə ölkədə həyata keçirilən yeni kursun başlıca konturlarını müəyyənləşdirməyə çalışdığımız zaman hər birimiz üçün son dərəcə taleyüklü çağırışlar meydana çıxıb”, – deyə Z.Oruc əlavə edib:

O bildirib ki, STM-in vəzifələri sırasında cəmiyyətin inkişafının müxtəlif istiqamətləri, təklif və proqnozları Azərbaycan Prezidentinə təqdim etmək dayanır.
Z.Oruc qeyd edib ki, ölkə miqyasında tədqiqatlarla bağlı qurumların ümumi mənzərəsini təhlil etməyə çalışıblar.

“Bu sahədə əlaqələndirmə və sıx koordinasiyaya olan ehtiyacın qarşılanması üçün tədbirlərin hazırlanmasına, ölkədə sosial-iqtisadi, siyasi və s. proseslərin dinamikası haqda mötəbər sosial məlumat data bazasının yaradılmasına başlanılıb.

Cari il və perspektivlər üçün aktual sosial-siyasi məsələlərin elmi tədqiqat konsepsiyası-fəaliyyət planını hazırlanıb.

Mərkəzin elmi-fəaliyyət planında ümumdövlət və ictimai əhəmiyyətli sosial məsələlər üstünlük təşkil edib. O cümlədən, iqtidar və cəmiyyət arasında mövcud olan etimad və dialoqun möhkəmləndirilməsi, dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb edilməsi, sosial ictimai münasibətlərin aktual mövzularının tədqiqi yönündə mühüm addımlar atılıb.

Sosial Tədqiqatlar Mərkəzi ictimai rəyin öyrənilməsi ilə əlaqədar 10 sosioloji tədqiqat və ictimai rəy sorğusunun keçirilməsini başa çatdırıb”.
Z.Oruc hazırda tədqiq edilən aktual mövzulardan bəzilərinə də diqqət çəkib:

“Bura məmur-vətəndaş münasibətlərinin vəziyyəti, onun təkmilləşməsi yolları daxildir. Həmçinin, burada vətəndaşlara xidmətin keyfiyyətin qiymətləndirilməsi, sosial təbəqələşmə və regionlarda sosial proseslər, paytaxtda, bölgələrdə gənclərin ictimai maraq, siyasi və digər mənafelər baxımından həssas ideya, baxışların tədqiqi, özünüməşğulluğun monitorinqi, əhalinin gəlirləri arasında fərqlər, cəmiyyətdə dialoq mühitinin formalaşdırılması yolları, vətəndaşların informasiyaya əlçatanlığının araşdırılması, xarici təsirlərin öyrənilməsi, sosial gərginlik meyillərinin səbəbləri və xüsusiyyətləri var”.

Mərkəz rəhbəri bu sahədə böyük fəaliyyəti olan, amma ölkə ictimaiyyətinin tanımadığı tədqiqatçı alim Çapay Sultanovla bağlı planları da bölüşüb:
“Azərbaycanın elmi cəmiyyətinin kiçik bir hissəsinin tanıdığı, xalqınsa böyük əksəriyyətinin tanımadığı böyük alim əvəzsiz bir elmi xəzinə yaradıb. Yalnız Prezident İlham Əliyev alimin böyük irsinə dəyər verib, sözügedən şəxsi dövlət mükafatlarına layiq görüb. Sosial Tədqiqatlar Mərkəzində də bu böyük ensiklopedik şəxsin adına mükafat təsis edilib. Bu mükafat gələcəkdə tədqiqatçılara veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir