Cari ilin sonunadək ölkənin bütün rayon və şəhərlərində siyahıyaalmanın keyfiyyətinin yoxlanılması məqsədilə müvafiq tədbirlər görüləcək, o cümlədən təlimatçı-nəzarətçilər tərəfindən sayıcılardan siyahıyaalma sənədlərinin qəbul edilməsi, onların yoxlanılması, siyahıyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi həyata keçiriləcək.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsi (DSK) ölkənin bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə, ölkədə keçirilən əhalinin növbəti siyahıyaalınmasının, əsasən, başa çatdığı bildirilib.
Qeyd olunan proseslər tam başa çatdıqdan sonra 2020-ci ilin yanvar ayından etibarən, həmin məlumatların Dövlət Statistika Komitəsində xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanılacaq.
Siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda siyahıyaalma dövründə müxtəlif səbəblərdən siyahıyaalmadan kənarda qalmış şəxslərin də siyahıyaalmaya cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradılıb ki, həmin qruplar tərəfindən ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.
Dövlət Statistika Komitəsi siyahıyaalmadan kənarda qalmış şəxslərə bir daha müraciət edərək, cari ilin oktyabr ayının 1-dən etibarən fəaliyyət göstərən “Qaynar xətt mərkəzi”nə (012) 510-07-89, 539-54-44, 539-80-44 nömrəli telefonlar vasitəsilə məlumat vermələrini xahiş edir.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının dövlət büdcəsində siyahıyaalma üçün nəzərdə tutulmuş vəsaitin 82 faizi sayıcılar da daxil olmaqla, 42844 nəfər siyahıyaalma personalının əməyinin ödənişi üçün nəzərdə tutulub. Həmin vəsait də “Kapital Bank” ASC ilə bağlanmış müqaviləyə əsasən, onun yerli filialları tərəfindən plastik kartlar vasitəsilə bu şəxslərə ödəniləcək. Qalan vəsait isə ölkə əhalisinin sayına uyğun olaraq siyahıyaalma materiallarının nəşr edilməsinə, siyahıyaalma prosesi üçün çanta və dəftərxana ləvazimatlarının alınmasına və s. sərf edilib.