Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında yerləşən yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsi noyabrın 11-də çöküb.
Bizimyol.info xəbər verir ki, yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, 17 məcburi köçkün ailəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə yeni mənzillərə köçürüləcək.
Yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin heç birinə hadisə nəticəsində maddi və fiziki ziyan dəyməyib.
Binada yaşayan və məcburi köçkün olmayan digər ailələr isə kirayə evlərə çıxarılacaq.
Nərimanov rayon İcra Hakimiyyətindən Bizimyol.info-ya bildirilir ki, qəzalı binanın yerində tikiləcək çoxmərtəbəli binada həmin sakinlərə mənzil veriləcək.