“Türk Hava Yolları” (THY) uçuş xəritəsini genişləndirməkdə davam edir.
Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, bu dəfə şirkətin qlobal şəbəkəsinə Nigeriyanın mühüm şəhəri olan Port Harkort daxil olub. Bu, “Türk Hava Yolları”nın Afrikada 56-cı təyinat nöqtəsidir. Port Harkort və İstanbul arasında uçuşlar həftədə 4 dəfə həyata keçiriləcək.
Nigeriyada artıq Laqos, Kano və Abuca şəhərlərinə uçuşlar edən THY siyahısını Port Harkort ilə genişləndirərək, uçuş şəbəkəsinə 311-ci məntəqəsini əlavə edib. “Türk Hava Yolları” Afrikada ən çox uçuşlar edən aviaşirkət olaraq qalmaqda davam edir.
Beynəlxalq Port Harkort hava limanında baş tutmuş mətbuat konfransında “Türk Hava Yolları”nın regionda satış üzrə vitse-prezidenti Kerem Sarp bildirib ki, yeni istiqamət aviaşirkətin Afrika qitəsində genişlənməsində xüsusi rol oynayacaq. “Port Harkort “Türk Hava Yolları”nın Nigeriyada 4-cü təyinat nöqtəsidir. Şirkətimiz mədəniyyətlər arasında körpü rolunda çıxış etməkdə davam edir. Biz müştərilərimizə rahat uçuşun üstünlüklərini təklif etməkdən məmnunluq duyuruq”.