“Mən çox böyük təəssüf hissi ilə Azərbaycanın MHTŞ-ni rəsmi şəkildə tərk etdiyini bəyan edirəm”. Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoruŞahmar Mövsumov belə deyib.
Bəyanatda Azərbaycanın MHTŞ sahəsində bir çox ilklərə imza atdığı, hasilat sənayesində ən yüksək şəffaflığı təşviq etdiyi, beynəlxalq təşəbbüsləri dəstəklədiyi vurğulanır. Belə ki, ölkənin 2003-cü ildən MHTŞ –yə ilk qoşulan, 2005-ci ildə dünyada MHTŞ üzrə hesabatı ilk çap edən və 2009-cu ildə Tamhüquqlu üzv statusunu əldə etmiş ilk ölkə olduğu vurğulanır.
– Biz idarə heyyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik. Hazırda MHTŞ öz ilkin mandatından hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artq təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisi hesab edilə bilər” – bəyanatda deyilir.
Ş.Mövsümov qeyd edir ki, ilk gündən Azərbaycan höküməti MHTŞ-nin prinsip və standartlatrına tam əməl edib, təşəbbüsün uğurlu tətbiqindən ötrü bütün zəruri addımları atıb. 2003-2015-ci illər ərzində Azərbaycan 20 MHTŞ hesabatı açıqlayıb.
Bəyanatda vurğulanır ki, Azərbaycan bundan sonra da hasilat sənayesindən əldə etdiyi gəlirlərlə bağlı bütün məlumatları dərc edəcək.
AXCP lideri Əli Kərimli Azadlıq Radiosuna açıqlamasında hakimiyyətin bu addımını yalnış hərəkət kimi qiymətləndirərək deyib.
“Əvvəla, Azərbaycan hökümətinin insan haqlarına demokratik prinsiplərə biganə münasibətinin, aparılan repressiyaların nəticəsidir ki, Azərbaycanın böyük bir platformada fəaliyyəti dayandırıldı.
Görünən budur ki, Azərbaycanın müzakirələr zamanı koalisiyanı tərk etmək barədə şantajı, təhdidi işə yaramayıb. Bu gün belə bu addımın atılması onu göstərir ki, Azərbaycan hər hansı ciddi islahatlara hazır deyil, hökümət vətəndaş cəmiyyətinə, siyasi rəqiblərinə beynəlxalq standartlara yaxın şərait yaratmaqda üzərinə hər hansı öhdəlik götürməkdə maraqlı deyil. O islah olunmayacağını bilir. Və öz maraqlarını rəqiblərinə, vətəndaş cəmiyyətinə divan tutması, repressiya apara bilmək üçün Azərbaycanı əlavə tribunalardan, müstəvilərdən, platformalardan məhrum edir”.
Ə.Kərimli Azərbaycan hakimiyyətinin davranışını bu quruma martın 9-da daxil olan Ermənistanla da müqayisə edib. “Ermənistan üzərinə qoyulan bütün öhdəlikləri götürərək o cümlədən işğal edilmiş Dağlıq Qarabağla bağlı heç bir məlumatı hesabatına daxcil etməyəcəyi haqda öhdəlik götürərək bu platformaya qoşulmağa nail olur. Amma Azərbaycan böyük bir platformanı tərk edir, ölkənin imicini, maraqlarını düşünmür. Bax, bu, əsl antimilli fəaliyyətdir, şəxsi maraqları, hikkələri dövlət maraqlarından üstün tutmaqdır.
Həmidov Məcnun
Müstəqil siyasi müxbir