Xalqa və dövlətə sədaqətli xidmət

Müstəqil Azərbaycan yeni minilliyin başlanğıcında ulu öndər, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin ideyalarının ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyinə doğru inamla irəliləyir, bu yolda qarşılaşdığı müxtəlif maneələrə, çətinliklərə sinə gərir. 2003-cü ilin 15 oktyabrından ölkəyə inamla rəhbərlik edən Prezident İlham Əliyev ötən müddətdə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirmiş, respublikamız iqtisadi sahədə keçid dövrünü başa vuraraq modernləşmə mərhələsinə qədəm qoymuşdur.

Ötən 17 ildə bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini sürətlə adlayan Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir. Dövlət başçısının gerçəkləşdirdiyi uğurlu diplomatiya yeni əsrdə Azərbaycanın bölgədə və dünyada layiqli yerini tutmasını, regional liderliyini təmin etmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi, TAP, TANAP layihələrinin reallaşdırılması Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqelərini daha da gücləndirmişdir.

Ümumiyyətlə, son 17 il ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Ümumiləşdirilmiş tərzdə ifadə etsək, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən müddətdə Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir.

Bu nöqteyi-nəzərdən regional inkişaf və qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilmiş tədbirləri xüsusi vurğulamaq olar. Respublikanın bölgələrinin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin üstün istiqamətlərindən biri kimi diqqəti çəkir.

Ümumilikdə, 2003-2017-ci illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Azərbaycan Prezidenti İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu deməyə ciddi əsaslar verir. Bu mərhələnin statistikası keçilən yolun möhtəşəmliyini, Azərbaycanı müasir dövlətə çevrilməsinə xidmət edən siyasətin səmərəliliyini bir daha təsdiqləyir.

Respublikamızda son 17 ildə həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənmiş, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Aztəminatlı vətəndaşların sosial müdafiəsi, istehsalçı və istehlakçının maraqlarının uzlaşdırılması, bir sözlə, sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik dövrünü səciyyələndirən prioritet istiqamətlərdən biri kimi diqqəti çəkir. Azərbaycanda yeni mülkiyyət formalarının yaranması, sahibkarlığın sürətli inkişafı, bazar münasibətləri şəraitində qiymətlərin optimallaşdırılması əhalinin sosial baxımdan nisbətən zəif təbəqəsinin maraqlarını inkar etmir. Hər bir islahatın bu təbəqənin maraqlarına vura biləcəyi cüzi ziyan belə, təxirəsalınmaz sosial müdafiə tədbirləri hesabına kompensasiya edilir.

Prezident İlham Əliyevin iqtisadi siyasətində insan amili mühüm yer tutur. Təsadüfi deyildir ki, hökumətin son 17 ildə həyata keçirdiyi bir çox infrastruktur layihələri məhz sosial mahiyyət kəsb etmişdir. Dəniz səviyyəsindən 3000 metrədək hündürlükdə yerləşən Qubanın Xınalıq kəndinə yolun, sovetlər dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlıya qaz kəmərlərinin çəkilməsi, eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin ləğvi – bütün bunlar Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələrinin çox cüzi qismidir.

“Siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır” – deyən Azərbaycan Prezidenti İlham Əliyev keyfiyyətcə yeni mərhələdə insan və vətəndaş mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsini də vacib sayır. Bu yanaşma respublikamızın qısa müddətdə həm də elektron xidmətlər sahəsində əldə etdiyi böyük uğurlara əsaslanır. Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanaraq Azərbaycanın milli brendinə çevrilmişdir. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış “müştəri məmnunluğu” ideyasının geniş tətbiqinə, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan vermişdir. Yeni, müasir, şəffaf və çevik xidmət növü vətəndaşların dövlətə olan inam və etimadını, güvənini daha da artırmaqla yanaşı, ölkə başçısının neqativ hallara qarşı mübarizədə prinsipial siyasi iradə nümayişinin bariz təcəssümü olmuş, respublikamızın beynəlxalq arenada nüfuzu daha da yüksəlmişdir.

Xüsusi vurğlamaq lazımdır ki, yekunlaşmaqda olan 2017-ci il də müstəqil Azərbaycan üçün bir sıra əlamətdar hadisələrlə zəngin olmuşdur. Dünya maliyyə-iqtisadi böhranının dərinləşdiyi bir şəraitdə inkişaf tempini qoruyub saxlayan, qlobal enerji-kommunikasiya layihələrinin icrasını inamla davam etdirən respublikamız qarşıya qoyduğu hədəflərin böyük qismini praktik şəkildə gerçəkləşdirmişdir. Sistemli, məqsədyönlü və uzaq perspektivlərə hesablanmış strategiya iqtisadi sahədə qazanılan uğurların ardıcıllığını təmin edərək ölkə əhəmiyyətli qlobal layihələrin reallaşdırılmasına imkan vermişdir. 2017-ci ilin müvafiq dövründə ictimai həyatın bütün sahələri üzrə əldə olunmuş pozitiv nəticələr məhz konkret məqsədlərə yönəlmiş praqmatik iqtisadi siyasətin nəticəsidir.

Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncamı, habelə həmin sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə ölkə başçısının 2016-cı il 6 dekabr tarixdə imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman milli iqtisadiyyatın böhrandan çıxarılması və enerji resurslarından asılı olmayan dayanıqlı inkişaf modelinin formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilə qədərki dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.

2020-ci ilədək nəzərdə tutulmuş məqsədlərin yerinə yetirilməsi üçün iqtisadiyyata təxminən 27 milyard manat investisiyanın yatırılması proqnozlaşdırılır. Nəzərdə tutulan vəsait bütün növ dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcəkdir. Bu investisiyalar Azərbaycan iqtisadiyyatı üçün 2020-ci ilədək müəyyən edilmiş hədəflərdən əlavə, gələcək üçün nəzərdə tutulmuş hədəflərə təsir baxımından da bünövrə rolunu oynayacaqdır. Prioritet sektorlar və ya iqtisadiyyatın digər sektorları üzrə yeni strateji hədəflərin müəyyənləşdirilməsi Azərbaycana Strateji Yol Xəritəsinin prioritetlərinin müsbət trayektoriyası ilə daha yüksək hədəflərə çatmağa kömək edəcəkdir.

Sənədə əsasən, milli iqtisadiyyat perspektivi çərçivəsində dörd strateji hədəf seçilmişdir. Bu hədəflərin və 11 sektor üzrə strateji yol xəritələrinin həyata keçirilməsi nəticəsində real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsi yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi əsas məqsədlərdən biridir. Sənədlə qarşıya qoyulmuş əsas hədəflərdən biri də nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması və özəlləşdirmənin həyata keçirilməsi yolu ilə iqtisadi dinamikliyin təmin edilməsindən ibarətdir.

Digər əsas strateji hədəflərdən biri biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsindən ibarət olacaqdır. Sənədin preambula hissəsində qeyd olunduğu kimi: “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin və sosial rifahın artırılmasına xidmət edir. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycan dünya iqtisadiyyatında mövqeyini gücləndirəcək və yüksək gəlirli ölkələr qrupuna daxil olacaqdır”.

Sənəd təkcə inkişaf məqsədlərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, görüləcək tədbirləri, tələb olunan investisiya və gözlənilən nəticələri əhatə edir. Biznes mühitinin yaxşılaşdırılması tədbirləri çərçivəsində biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyinin artırılması, vergi-gömrük idarəetməsinin keyfiyyətinin yüksəldilməsi, bazara daxilolma məhdudiyyətlərinin minimuma endirilməsi, eyni zamanda, azad rəqabət mühitinin təmin edilməsi prioritet istiqamətlər kimi nəzərdən keçirilir. Bununla yanaşı, dövlət sektorunun kommersiya fəaliyyətinin (sənaye, nəqliyyat, rabitə, maliyyə xidmətləri və s.) məhdudlaşdırılması yolu ilə özəl təşəbbüskarlıq üçün imkanların genişləndirilməsi sənəddə əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir.

Strateji Yol Xəritəsi 2025-ci ilədək ticari mal və xidmətlər sektorunda 150 min əlavə iş yerinin açılmasını da hədəfləyir. İxracın şaxələndirilməsi üçün ticari mal və xidmətlər sektorunda, yəni, beynəlxalq səviyyədə satıla bilən məhsulların (məsələn, sənaye və ya qida məhsulları) və ya xidmətlərin istehsalı ilə məşğul olan sektorlarda iş yerlərinin yaradılması zəruri hesab edilir.

Ümumilikdə, ötən dövrün təhlili, imzalanmış strateji əhəmiyyətli sənədlər bu qənaəti bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət başçısı İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır.

Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayacaq, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

Həsənov Məhi Vahid oğlu, Saray Bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir