Ordu hər bir dövlətin milli qürur mənbəyi, güvənc və inam simvoludur. Hər bir ölkənin müstəqil dövlət kimi dünya birliyində var olmasının başlıca təməl bazasını onun hərbi gücü, milli ordusunun qüdrəti təşkil edir.
Müstəqil Azərbaycanda nizamlı, sabit və peşəkar ordu quruculuğu Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olub. Onun ölkəmizə rəhbərliyinin birinci dövründə – ötən əsrin 70-ci illərində Azərbaycanın ordu quruculuğunun dərin sütunları qoyulmağa başlamışdı. Ümummilli liderimiz o illərdə hərbi təhsilin inkişafına xüsusi diqqət yetirirdi və SSRİ-nin ən nüfuzlu hərbi təhsil və tədris müəssisələrinə azərbaycanlı gənclərin göndərilməsi ənənə halını almışdı. Bakıda milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəbin fəaliyyətə başlaması, ittifaq respublikalarında azərbaycanlı hərbi mütəxəssislərin yetişdirilməsi üçün atılmış cəsarətli addım idi. Bu məktəb sonradan müstəqil Azərbaycanın ordu quruculuğunun müasir mərhələsində mühüm təsiredici amil olduğunu təsdiq etdi. Eyni zamanda, MDB qoşun hissələrində xidmət edən azərbaycanlı zabitlərin vətənə qayıtması silahlı qüvvələrin kadr bazasının zənginləşməsinə səbəb oldu.
Ulu öndərin ikinci hakimiyyəti illərində, Azərbaycanın düşdüyü o dövrkü ağır ictimai-siyasi və hərbi böhranın fəsadlarını aradan qaldırmaq üçün silahlı qüvvələr quruculuğunun “Yol xəritəsini” hazırladı. Respublikamızda hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə Milli Hərbi Aviasiya Məktəbinin, Hərbi Akademiyanın yaradılması məqsədyönlü siyasətin davamı idi. Azərbaycan Silahlı Qüvvələrinin zabitlərinin Türkiyə, Ukrayna, Rusiya, Pakistan, Çin, Almaniya, Böyük Britaniya, İtaliya, Rumıniya, Macarıstan və digər ölkələrin tanınmış hərbi akademiyalarında və kurslarında təhsil alması ordumuzun kadr bazasının peşəkarlığını daha da artırdı.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərbi doktrinanın təməl prinsipləri üzərində milli ordu quruculuğunu inkişaf etdirən, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində gündən-günə daha da möhkəmlənən və döyüş qabiliyyətini artıran Azərbaycan ordusu qısa bir dövr ərzində daha da təkmilləşərək regionda ən güclü hərbi institutlardan birinə çevrilib. Bu gün güclü hərbi hazırlığa, döyüş əzmkarlığına, hərbi qüdrətə və yüksək texniki imkanlara malik olan Azərbaycan Ordusu qarşısına qoyulan bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirmək iqtidarındadır. Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan Ordusu maddi-texniki, silah-sursat təchizatı, nizam-intizam, döyüş qabiliyyəti parametrlərinə görə Cənubi Qafqazın ən güclü ordusudur. Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşıb.
Cənab İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan ordusu istənilən anda düşmənə sarsıdıcı zərbə endirə bilər. “Biz özümüzü çox əmin hiss edirik. Son illərdə ordu quruculuğuna ayrılan vəsait artır, yeni müasir silahlar, texnika – təyyarələr, artilleriya, hava hücumuna qarşı ən müasir qurğular, zirehli maşınlar alınır, onların hamısını sadalamaq üçün, bəlkə də, bir neçə saat lazımdır. Əminəm ki, Azərbaycanın güclü ordusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sözünü vaxtı gələndə deyəcəkdir”.
Bu gün Azərbaycan Ordusu düşmən üzərində qalibiyyət salnaməsi yazmağa qadirdir. Bunu Azərbaycan Ordusunun 4 il əvvəl, şanlı Aprel döyüşlərindəki parlaq qələbəmiz bir daha təsdiq etdi. Eyni zamanda, son hərbi təlimlərdə Milli ordumuz möhtəşəm hərbi potensialı ilə döyüş əzmkarlığını nümayiş etdirdi. Bu, işğalçı Ermənistana bir ultimatumdur, sülh danışıqlarından boyun qaçırmaq istəyən, beynəlxalq birliyin təkidlə işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək çağırışlarına məhəl qoymayan Ermənistana verilən son şanslardan biridir.
Fatma Yıldırım
Milli Məclisin deputatı