Xalqımız qüdrətli və güclü ordusu ilə haqlı olaraq fəxr edir
İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 102 ili tamam olur. Ümummilli lider Heydər Əliyev 1998-ci il mayın 22-də imzaladığı Fərmanla bu günü tarixləşdirmişdir. Artıq xalqımız 22 ildir ki, 26 İyun – Silahlı Qüvvələr Gününü ümumxalq bayramı kimi qeyd edir. Ulu öndərimiz Heydər Əliyevin adı ilə sıx bağlı olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.
Azərbaycan xalqı və dövləti öz müstəqilliyinin etibarlı qoruyucusu olan qüdrətli və güclü ordusu ilə haqlı olaraq fəxr edir.
Məlum olduğu kimi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, ulu öndər Heydər Əliyevin 1969 – cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Görkəmli dövlət xadiminin gələcəyə hesablanmış uzaqgörən siyasətinin nəticəsində ötən əsrin 70-ci illərində ölkəmizdə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, bu mənada, mühüm əhəmiyyət daşıyır. Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə hazırlanan hərbçi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli Milli Ordusunun peşəkar komandan heyətini təşkil etmişdir.
Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə özünün mükəmməl dövlətçilik konsepsiyasını həyata keçirərkən milli ordu quruculuğuna xüsusi diqqətlə yanaşmış, gənclərimizin hərbi təhsil və təliminin inkişaf etdirilməsi, milli hərbçi kadrların yetişdirilməsi, onların hərb sənətinin bütün incəliklərinə yiyələnməsi və ordumuzun müdafiə imkanlarının genişləndirilməsi işinə xüsusi əhəmiyyət vermişdir. Ölkəmizin müstəqil bir dövlət kimi formalaşması, bu dövlətin qarantı olan Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Məhz Ümummilli Liderin rəhbərliyi altında müstəqil Azərbaycanda həyata keçirilən uzaqgörən və məqsədyönlü tədbirlər nəticəsində əvvəllər pərakəndə və kortəbii fəaliyyət göstərmiş silahlı qüvvələrimiz vahid komandanlığa tabe olan mütəşəkkil və nizami orduya çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa, qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Milli
Ordumuz dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantı kimi çıxış edir.
Dövlətimizin başçısının ordu quruculuğu işinə verdiyi xüsusi əhəmiyyət, silahlı qüvvələrə göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan zəngin nəzəri biliklərə və praktik vərdişlərə malik hərbi kadrlarla, müasir texnika və avadanlıqlarla təmin edilmiş ən güclü orduya sahibdir. Respublikamızda müdafiə sənayesi kompleksinin yaradılması, silahlı qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordu birləşmələrinin ən yeni hərbi texnika və avadanlıqlarla təchiz edilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin və peşəkarlıq səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən irimiqyaslı islahatlar Azərbaycan Silahlı Qüvvələrini dünya miqyasında sürətlə inkişaf edən, döyüş qabiliyyətini müasir standartlar səviyyəsinə çatdıran peşəkar, çevik və nizami bir hərbi quruma çevirmişdir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açmışdır. Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsi ilə bağlı görülən işlər, müdafiə qüdrətinin və döyüş qabiliyyətinin durmadan artırılması, maddi-texniki bazasının və hərbi qulluqçuların sosial müdafiəsinin daim gücləndirilməsi rəşadətli Silahlı Qüvvələrimizə yüksək dövlət qayğısının parlaq nümunəsidir.
Yeni və müasir texnologiyaların tətbiqi ilə orduda yüksək səviyyəli idarəçilik mexanizmi yaradılmışdır. Birlik, birləşmə və hərbi hissələrin operativ idarə olunması məqsədilə avtomatlaşdırılmış Komanda İdarəetmə məntəqələri qurulmuşdur. Ordunun yeni növ silah və döyüş texnikası ilə təmin edilməsi qoşunların manevr və zərbə qabiliyyətini artırmışdır. İndi ölkəmizin silah-sursatları bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur. Bu hərbi texnika ilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Ordumuzun gücünü son illərdə keçirilən hərbi paradlarda nümayiş etdirilən canlı qüvvə və hərbi texnikadan da görmək olur. Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.
İndi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Bunu beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatları da təsdiqləyir. Bu nəticəyə isə hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olunmuşdur. İndiyə qədər ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilmişdir. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunmuşdur. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşaraq istənilən an düşmənə sarsıdıcı zərbə vurmaq, torpaqlarımızı işğaldan azad etmək gücündədir. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusu erməni təxribatının qarşısını alaraq, uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri azad etmişdir. Aprel döyüşləri Azərbaycan dövlətinin və ordusunun qüdrətini, xalqımızın birliyinin, Vətən sevgisinin, milli mənəvi dəyərlərimizə bağlılığının, eləcə də Silahlı Qüvvələrimizə inamının sarsılmazlığını nəinki işğalçı Ermənistana, bütün dünyaya göstərmişdir. 2018-ci ildə isə Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində qazanılan Günnüt qələbəsi ilə 11 min hektardan çox Azərbaycan torpağı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olunmuşdur. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirmişdir ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Yüksək döyüş qabiliyyətli, qələbə inamlı Azərbaycan hərbçilərinin zəfər yürüşündən xəbər verən addım səslərinin eşidiləcəyi gün çox yaxındadır…
Jalə Əhmədova,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı