Milli həmrəylik dövlət siyasətinin strateji prioritetidir

 

   Hər il təqvimdə 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması təsadüfi deyildir. Bu tarix Azərbaycan xalqının birliyindən, gücündən və nəyə qadir olduğundan xəbər verir. Belə ki, 80-cı illərin sonunda məhz bu tarixdə Güney və Quzey Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis texniki qurğuların sökülməsi bunun bariz nümunəsidir. Bunun davamı olaraq 1991-ci ilin dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.

Hazırki dövrdə Yeni Azərbaycan Partiyasının sədri,  Prezident cənab İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasət xalqımızın bir yumruq kimi birləşməsində mühüm rol oynamışdır.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi və müharibədə qazanılan şanlı qələbəmiz milli həmrəyliyimizin təcəssümüdür. Müharibə Ermənistan üçün işğalçılıq, Azərbaycan üçün isə ədalət xarakteri daşıyırdı. 44 gün davam edən müharibədə Azərbaycan öz gücünü düşmənə göstərdi, onun ordusunu tamamilə sıradan çıxardaraq diz çökdürdü. Məhz bu birliyimizin sayəsində 30 ilə yaxındır işğal altında olan torpaqlarımız azad olundu. Müharibə dövründə əksər siyasi partiyalar  və birliklər birmənalı şəkildə xalqımızın haqq işinə öz dəstəyini verdi. Xalqımız öz gücünü və milli birliyini təkcə düşmənə deyil, bütün dünyaya göstərmiş oldu.

Biz bu tarixi qələbəmizin şahidləri və iştirakçıları kimi əlbəttə çox sevinirik və vətənimiz, xalqımız, ordumuz üçün qürur hissi keçiririk. Bu Vətən müharibəsində müzəffər ordumuzun Qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar duyduq.

Biz həmişəlik yadda saxlamalıyıq ki, bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusudur.

Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi bu birliyimizin və həmrəyliyimizin növbəti təntənəsidir.

Bu partiyaların YAP-la birləşməsi hakim partiyada siyasi rəqabətin, partiyadaxili demokratiyanın güclənməsi ilə yanaşı, bütün ölkədə yeni siyasi mühit və sivil rəqabətə səbəb olacaq. Partiyaların YAP-a qoşulması cəmiyyətdə iqtidara qarşı olan müsbət münasibətin və inamın göstəricisidir.

 Sarvan kənd tam orta məktəbin müəllimi Seymur Nuriyev

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir