Tarixə qovuşmuş 2020-ci il Azərbaycan üçün böyük uğurlarla yadda qaldı. Ölkəmiz ötən ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək özünün ərazi bütövlüyünün bərpa edilməsi uğrunda Vətən müharibəsi apardı. 44 gün davam edən müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirdi və işğalçı Ermənistanı məğlubiyyətə uğratdı. Öz məğlubiyyətini etiraf edən Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanata imza atmaq məcburiyyətində qaldı və bu sənədə əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Bununla da, 30 il ərzində həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu və ölkəmizin ərazi bütövlüyü tam təmin olundu.
Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Bütün bunlar Azərbaycan Ordusunun Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi və 8 strateji yüksəkliyi azad etməsindən sonra baş tutdu. Ermənistan bundan sonra diz çökdü və kapitulyasiyaya məcbur qaldı.
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Bəyanat tam Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb. Bəyanatda digər önəmli məqam ondan ibarətdir ki, burada Dağlıq Qarabağa hər hansı statusun verilməsindən söhbət getmir və Azərbaycanın ərazi bütövlüyü tam təmin olunur. Bu, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutudur. Prezident İlham Əliyev həmişə bəyan edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir. Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq missiyasında da fəal yer alacaq. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.
44 günlük Vətən müharibəsində qazanılan Qələbə tariximizin ən şanlı səhifələrindən biri kimi yaddaşlarda əbədi qalacaq. Müstəqil Azərbaycan bu gün çox güclüdür. Dövlətimizin gücü onun siyasətində, iqtisadiyyatında, diplomatiyasında və ən nəhayət, xalq-iqtidar birliyindədir. Azərbaycan Prezidenti sözü ilə əməli arasında heç bir fərq olmadığını sübut etdi. Çünki dövlətimizin başçısı hər zaman çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağını deyirdi. Prezident xalqına verdiyi sözü əməli ilə yerinə yetirdi.
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.
Ayşən Bəşirova,
Salyan rayon Yenikənd kənd tam orta məktəbin tarix müəllimi