Ulu öndər Heydər Əliyev ənənəvi dövlətçiliklə yeni ideologiyanın, Qərb siyasi təfəkkürü ilə Şərq mentalitetinin, təcrübə ilə novatorluğun sintezini yaratmışdır. SSRİ kimi bir böyük dövlətçilik məktəbinin yeni ideya zəmininə transfer edilməsi və əvvəlki təcrübənin zamanca sonrakı ideya ilə üzvi surətdə birləşdirilməsi kimi nadir bir əməliyyat Heydər Əliyev dühasının ən parlaq təzahürlərindən biri idi. Bu hadisə təkcə Azərbaycanın deyil, bütün dünya tarixinin ən unikal səhifələrindən birinə çevrilmişdir.
Milli ruhun inkişafı üçün konkret ictimai gerçəkliyin öz inkişaf məntiqindən doğan milli bir ideologiya tələb olunur. Burada siyasi liderin üzərinə Şərq düşüncə tərzi ilə Qərb düşüncə tərzinin vəhdətinə nail olmaq, milli ideologiyanı ümumbəşəri dəyərlər kontekstinə salmaq kimi çətin bir vəzifə düşür. Bu vəzifə Şərqlə Qərb arasında İpək Yolunu bərpa etmək qədər və bəlkə ondan daha çətindir. Biz bu müqayisəni təsadüfi olaraq aparmırıq. Məsələ burasındadır ki, əslində, İpək Yolunun bərpası ideyası da, Bakı-Tbilisi-Ceyhan layihəsi də məhz qlobal miqyas almış ideologiyanın tərkib hissələridir və bu qlobal ideologiyanın müəllifi Heydər Əliyev olmuşdur. Çünki o özü universal bir fenomen idi. O, şərqçilik və qərbçiliyin, millilik və ümumbəşəriliyin, ənənəvilik və novatorluğun vəhdəti, sintetik azərbaycançılıq məfkurəsinin ən parlaq nümunəsi və ən ali daşıyıcısı, qloballaşan dünyada milli müəyyənliyin qarantı, azərbaycançılığın rəmzi idi.
Ümumiyyətlə, müstəqilliyin taleyi üç əsas amildən asılıdır: dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın dirçəldilməsi, mədəni-mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi. Bu amillərin üçü də əsasdır. Lakin onları necə sıraya düzməkdən, onların yerini və rolunu düzgün qiymətləndirməkdən çox şey asılıdır. Bu amillərdən hansının məqsəd, hansının vasitə, hansının təməl olduğunu aydınlaşdırmadan, düzgün strateji fəaliyyət proqramı müəyyənləşdirmək mümkün deyil.
İqtisadiyyatın inkişafı da dövlətin möhkəmləndirilməsi kimi, olduqca vacib şərtdir. Lakin nə iqtisadiyyat, adamların güzəranı, rifah halı, nə də dövlət quruculuğu müstəqillik yolunun son məqsədi, mənzil başı ola bilməz. Əgər xalq dövlət qurur, iqtisadiyyatı inkişaf etdirir, sərhədləri möhkəmləndirirsə və bu sərhədlər daxilində özünə yad bir mənəviyyat saxlayırsa, bu hələ müstəqillik deyil. Mənəvi buxovlardan azad olmayan, öz milli mənliyini dərk etməyən xalq azad sayıla bilməz.
Ümummilli lider Heydər Əliyevin əsərlərini oxuyub dərindən təhlil edərkən bir daha əmin olursan ki, müstəqilliyin ali məqsədi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunması, xalqın özünü dərk etməsi, öz mənliyinin sahibi olmasıdır.
Heydər Əliyevin ölkəmizin taleyində oynadığı misilsiz rol, xilaskarlıq missiyası, yaratdığı sabitlik və əminamanlıq, ilkin iqtisadi və ideoloji təməl öz əhəmiyyətini indi də saxlamaqdadır. Bütün bu böyük uğurların təməlində duran əsas səbəb isə ondan ibarət idi ki, Heydər Əliyev şəxsiyyətində liderlik və müdriklik keyfiyyətləri üzvi surətdə birləşmişdi.
Hər bir xalqın müdriklik haqqında özünəməxsus təsəvvürü, öz müdriklik etalonu vardır. Lakin müdrikliyin bütün xalqlar tərəfindən qəbul olunmuş ümumi meyarları da var. Heydər Əliyev müdrikliyi həm milli, həm də ümumbəşəri meyarlara cavab verən sinkretik müdriklikdir.
Nurlan Ordubadlı
müğənni