Cəmiyyətin inkişafına töhfələr vermiş milli mətbuat


Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 149 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstəriblər. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
Milli mətbuatımızın tarixindən, bugünkü durumundan və inkişaf perspektivlərindən danışarkən ilk növbədə qeyd etməliyik ki, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Uu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın ləğv edilməsi Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verdi.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan dövləti bu sahənin inkişafına hər zaman böyük diqqət ayırır. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin martında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi. Cənab Prezident həmişə jurnalistlərə qayğı ilə yanaşıb. Onların mənzillərlə təmin edilməsi, dövlət büdcəsindən ildə iki dəfə çap və elektron mətbuata vəsait ayrılması məhz cənab İlham Əliyevin diqqətinin, qayğısının nəticəsidir.
Son dönəmlər Azərbaycanda zamanla ayaqlaşan “Media haqqında” qanun qəbul olunub. Bu qanun medianın bütün sferalarını özündə ehtiva edən maddələrlə zəngindir. Bu qanun ümumilikdə mətbuatın fəaliyyətində müstəsna əhəmiyyətə malikdir. Medianın İnkişafı Agentliyi həm yazılı mətbuata, həm də elektron media qurumlarına dəstək funksiyasını kifayət qədər yerinə yetirir. Azərbaycanda Mətbuat Şurası Qeyri-Hökumət Təşkilatı olaraq öz işini uğurla qurub. Bu gün Azərbaycan mətbuatı müstəqil söz və fikir azadlığını özündə ehtiva edərək sərbəst şəkildə fəaliyyət göstərir.
Mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.

Leyla Nəsirova,
Salyan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir