Kəramət Böyükçöl yazır…
Zamiq Abdullayev adında bir dostumuz var, şairdir. Ayda-ildə bir dəfə görüşür, dərdləşir, sözümüz düz gələndə səhərə kimi oturur, düz gəlməyəndə isə yüngülvari bəhanə tapıb bir-birimizdən aralanırıq. Çoxlarının həyatında bu cür adamlar olur, o, öz imzasını sənin ömrünə nəylə atacaq, necə atacaq, ümumiyyətlə, sənin həyatında onun imzası olacaqmı, bilmirsən. Eləcə yoldaşsan, dostsan, oturub-durursan, vəssalam.
Bəs mən nə biləydim ki, Zamiq mənim həyatıma imza atacaq. Necə? Ömür yorğunluğu, problemlərin, qayğıların, zəhləm getmiş adamların əlindən başımı götürüb İmişli rayonunun doğulduğum Əliqullar kəndində istirahət etdiyim vaxtda, elə rumkam əlimdəcə Zamiqdən zəng gəldi.
– Alo, necəsən?
– Əla…
– Xəbərin var?
– Nədən?
– İkinci Mahmud ölüb.
– Kim deyir?
– Dostumuz Ömər…
Əvvəlcə fikirləşdim ki, yəqin, Ömərlə Mahmud hardasa yaxşıca pivələyəndən sonra qərara gəliblər ki, bir-birlərinin ölüm xəbərini yaysınlar, dostlarla zarafatlaşsınlar. Elə ona görə də kefimi pozmadım. Ancaq telefonuma gələn zənglərin sayı çoxaldıqca Mahmudun ölüm xəbəri öz təsdiqini tapmağa başladı. Sən demə, doğrudan da, Mahmud infarkt keçirib və həyat son sözünü deməyə belə aman verməyib. Mövludun ölüm xəbərini də mənə jurnalist Bahar Rüstəmli vermişdi. Baharla da dərin bir münasibətimiz yoxdur, o da bu xəbərlə mənim ömrümə imza atdı. Ona görə də həmişə Mövludla bağlı söhbətlərim Baharla qurtarır.
Mən Mahmudu ədəbi-ictimai mühitdən, bizim qələm dostlarımızın hamısından qabaq tanıyırdım. Tələbə yoldaşım idi. Mahmudun filologiya fakültəsinin digər tələbələrindən fərqi və onu universitetdə ən maraqlı eləyən xüsusiyyətlərdən başlıcası nə olsa yaxşıdır? O, Salam Sarvanı, Aqşin Yeniseyi oxuyurdu, eyni zamanda onların düşüncə tərzinə və təfəkkürünə uyğun yazılar yazırdı, bu da tələbələr arasında onun qeyri-adi bir yazar olduğunu şərtləndirirdi. Mən universitetə girdim və Mahmud görəndə ki, Kəramət nəinki, bu adamları tanıyır, oxuyur, hətta onlarla gecəni səhərə qədər araq da içir, artıq mən də onun sevimli dostlarından olmağa başladım.
İlahi, birlikdə universiteti od qoyub odlayırdıq, tələbələrlə görüşlər keçirir, orada şeirlər oxuyurduq. Fikirləşirdik ki, əgər biz şeir oxuyanda zalın yarısı durub çölə çıxdısa, demək, yaxşı yazırıq. Mahmud bir şeir oxumuşdu, orada erotik misra vardı, onu deyən kimi zalda nə qədər namuslu-qeyrətli qız vardısa, hamısı qapını vurub çıxdılar. Onların arxasınca baxır, Mahmudla bir-birimizə göz vurub gülür, sevincimizdən özümüzü qoymağa yer tapmırdıq ki, demək, şeirimiz alınıb. Elə olurdu ki, biz şeir oxuyanda 100 nəfərlik zalda ikicə adam qalırdı. Çıxandan sonra isə gecə xəlvətcə oxumaq üçün bizim yazıları əl-əl gəzirdilər…
Mahmudun ölüm xəbərini eşidən kimi elə rumkam əlimdəcə o günləri yada saldım, xatirələr gözümün qabağında palaz kimi açıldı, canlandı. Hələ ağlaya bilməmişdim. Beyni, düşüncəsi, təfəkkürü iy verib iylənən müəllimlərimizi çayxanada Mahmudla necə ələ salmağımızı düşünür, gülümsəyirdim. Onda heç mən Zamiqi tanımırdım. Həmin an həyatın ən adi həqiqətləri mənə o qədər dəhşətli gəlirdi ki… Mən nə biləydim ki, 2007-ci il 2008 olacaq, o da 2009 olacaq, 2010-cu ildə Zamiqlə tanış olacam və illər keçəndən sonra Mahmudun ölüm xəbərini ondan eşidəcəm.
Adam belə qəribə-qəribə hisslər keçirir, duyğulanır, kövrəlir, sonra göz yaşlarına gülür. Şəxsən Mahmud yox, mən ölsəydim, əminəm, o da eyni hissləri keçirəcəkdi, bir-iki saatdan sonra mənim qəfil ölümümə güləcəkdi, lağlağı eləməyə başlayacaqdı, deyəcəkdi ki, yazıq Kəramət cəmi ikicə dəfə evləndi. Nə bilim, bəlkə də işdən çıxıb dəfnimə də gəlməyəcəkdi. Deyəcəkdi ki, yol uzaqdır, hava da istidir, mən gedə bilmərəm.
Yəqin, Mahmudun xarakterik xüsusiyyətləri barədə dediyim bu fikirləri digər dostlar da təsdiqləyər. Çünki o, aydınlanmış adam idi, daxilən keçirdiyi sentimental, duyğusal hisslərə gülməyi də bacarırdı, həyatın mahiyyət etibarilə tragikomik olduğunu anlayırdı. Mahmudla çox mübahisələrimiz olub. Ədəbiyyatla bağlı ümumi düşüncəmiz eyni olsa da, ayrı-ayrı məsələlərdə fikir ayrılığımız bizi tələbə yoldaşı və dost kimi bir müddət bir-birimizdən uzaqlaşdırdı. Daha doğrusu, yorulduq. Adam nə qədər dost olar? Dedik, qoy bir az da aramız dəysin. Yəni o mənada ki, az-az görüşməyə başladıq. Təsadüfən, hansısa verilişə çağırılanda görüşür, ordan da harasa gedir, vururduq. Çox içmirdi. Bir də gördün məclisin ortasında əlini rumkasının üstünə qoyub deyirdi ki, mənə bəsdir. Amma siqareti dəhşət çox çəkirdi. Özü də məhz Elçibəyin çəkdiyi siqaretdən sümürməyini tez-tez dilə gətirirdi, özü də gülə-gülə, bilmirdin, Elçibəylə məzələnir, sənlə məzələnir, yoxsa özünü ələ salır.
Yəqin, başqalarında da belədir, insan öləndən sonra onunla bağlı ən xırda detal belə məna ifadə eləməyə başlayır. Mahmud təxminən, 15-20 gün bundan qabaq mənə zəng elədi, Mərkəzi Kliniki Xəstəxananın Baş həkimi, ürək cərrahı Kamran Musayevi soruşdu. Tamamilə başqa bir xəstənin problemi ilə bağlı birlikdə Kamran müəllimin yanına yollandıq, sağ olsun, bizi xoş qarşıladı. İndi fikirləşirəm ki, biz Kamran həkimin yanına gedəndə elə birinci Mahmudun ürəyini yoxlatdırsaydıq, o, hazırda həyatdaydı, evində-eşiyində, işində-gücündəydi.
Mahmud dünyasını dəyişəndən sonra onun faciəsində günahı daha çox sosial həyatın ağırlığında, işsizlik, pulsuzluq, yoxsulluğun içində yaşamaqda gördülər. Ancaq mən tanıdığım Mahmudun bu cür problemlərdən gileyləndiyini görməmişəm. Onun evi də vardı, pis-yaxşı işi də vardı, həyat yoldaşı da işləyirdi. Özünün də ağlayıb-sısqayan adamlardan xoşu gəlmirdi. Mahmud fiziki cəhətdən bizim hamımızdan sağlam təsir bağışlayırdı. Zahirən dünyanı vecinə almayan adam kimi görünsə də, təbii, cəmiyyətlə bağlı onu narahat eləyən şeylər vardı, ancaq heç inanmağım gəlmir ki, bunlar Mahmudu infarkt olmaq dərəcəsinə gətirib çıxarsın. Əksinə, bizə deyirdi ki, problemləri çox ürəyinizə salırsınız, boş verin getsin. Necə ki, jurnalist Natiq Qədimovun ürəyi qəfil dayandı, Mahmud da aramızdan o cür getdi.
Mahmudla saysız-hesabsız xatirlərimiz var, onları bir-bir yada salıb göz yaşından ibarət bir böyük bir yazı da yazmaq olar. Ancaq mənə elə gəlir ki, Mahmudun ölümünə sentimental, yalnız duyğusal hisslərlə yox, həm də soyuqqanlı yanaşmaq lazımdır. Necə olur ki, buz baltası kimi adamlar qəfil ölür və necə olur ki, əyrü-üyrü, varından yox olmuş çəlimsiz insanlar 90 il yaşayır? Biri deyir, maddi sıxıntılar, o biri deyir, evsizlik, stress, həyəcan Mahmudun ürəyini partlatdı. Mən bu kimi fikirlərdən qəti uzağam. Sadəcə, ürək yoxlanmalı idi. Biz yalnız xəstələnəndə həkimə gedir, ayrı vaxt ürəyimizi vecimizə almırıq. Təbii, yediyimiz qidaların, çəkdiyimiz siqaretlərin, qəbul etdiyimiz içkilərin təsiri də çoxdur. Kasıblıqdan, yoxsulluqdan ölməyə qalsa, onda Murad Köhnəqala, Yafəs Türksəs 40 il bundan qabaq yox olmalı idi. Sürünə-sürünə hələ də yaşayırlar.
Ölkədə yüzlərlə ürəkdən gedən adamlar var. Axı ürək bilmir ki, üstündə gəzdirdiyi baş yazıçı başıdır, şair başıdır, ziyalı başıdır. Ürəyin nə vecinədir kimin sinəsində döyünür. Rayonumuzda, kəndimizdə o qədər adam tanıyıram ki, yemək yediyi yerdə ürəyi dayanıb. O qədər adam tanıyıram ki, rumkanı ağzına qaldırdığı yerdə infarkt keçirib. O qədər adam tanıyıram ki, ürək əməliyyatı keçirən atasının yanına yemək apardığı yerdə öz ürəyi dayanıb. Bunların hamısı bir taledir, sonra isə bizim öz canımıza qarşı biganə, laqeyd münasibətimizin nəticəsidir.
Bəzən də deyirlər ki, dostları niyə İkinci Mahmud ölməmişdən qabaq onun haqqında yazılar yazmır, xoş sözlər demirdi, indi həyatda yoxdur deyə hamı bir ağızdan onu tərifləyir?
Əsəblərimin gərgin, canımın yorğun vaxtda bu cür münasibətlər adamı bir az da əsəbiləşdirir, bir az da yorur. Görəsən, bu adamlar niyə ən adi həqiqətlərin üzünə key baxırlar? Axı dünyanın əzəli və əbədi həqiqəti var: insan yoxa çıxandan sonra sanki, təmizlənir, gözəlləşir, müqəddəsləşir… Mövludda da eyni sözü deyirdilər. Mövluddan sonra mən nə bilim ki, Mahmudun ürəyi partlayacaq? Yoxsa zorla onun qolundan tutub həkimə aparmazdımmı? Yaxud, mən nə bilim ki, Mahmuddan sonra hansı dostumuzun başına hansı iş gələ bilər? Vallah, bilsəm, indidən qədrin bilməyə başlayaram. Mən onsuz da istedadlı dostlarımın hamsının qədrin bilirəm, çox istəyirəm. Amma bu qədir bilmək sözünün altında nə dayanır, onu bilmirəm. Bax, məsələn, mən Şəhriyar del Geraninin qədrin bilib neyləyə bilərəm? Hazırda İmişli rayonundadır. Rayona gedim, Şəhriyarı maşına oturdub Bakıya həkiməmi gətirim?