İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazında Britaniyanın Stena Impero tankerini saxladığını bildirib. Bəyanatda bildirilir ki, gəmi beynəlxalq qaydaları pozduğuna görə saxlanılıb və Bəndər-Abbas limanına aparılıb. Orada lazımi yoxlamalar həyata keçiriləcək. Bu məlumatı İranın rəsmi IRNA agentliyi yayıb. Qeyd olunub ki, tanker iranlı hərbçilərin xəbərdarlığına məhəl qoymayıb və AIS avtomatik tanıma sisteminin qəbuledicisini söndürüb. İran rəsmiləri bildiriblər ki, tankerin saxlanılması İranın balıqçı gəmisinin fəlakət siqnalı verməsindən sonra həyata keçirilib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp iki ingilis gəmisinin İran tərəfindən saxlanıldığı barədə məlumatlıdır. Stena Impero tankerinin məxsus olduğu İsveçin Stena Bulk şirkəti gəmi ekipajı ilə rabitənin itdiyini bildirib. Tankerdə 23 nəfər ekipaj üzvü, həmçinin iki Rusiya vətəndaşı var. Gəminin Səudiyyə Ərəbistanının Əl-Cubayl limanına yol aldığı bildirilir.