“Diktator olmaq mavi olmaqdan yaxşıdır”

Aleksandr Lukaşenko
Aleksandr Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko 25 ildir dövlətə başçılıq edir. Dövlət rəhbəri deyir ki, bu işi heç yerdə öyrənməyib, gəlib, ölkəni idarə etməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, “RİA Novosti” Lukaşenko haqda material hazırlayıb. Burada sovxoz direktorunun prezident postuna qədər keçdiyi yoldan danışılıb, ən məşhur ifadələri xatırlanıb.

Yazıda Lukaşenko Belarusu bataqlıqdan çıxaran, iqtisadiyyatı yüksəldən adam kimi təqdim olunub. Prezidentin yaxşı idarəçilik qabiliyyətinin olduğu yazılıb. Hətta “q” səsini xüsusi ifadə etməsi də onun xeyrinə işləyir. “Batka” bununla daha milli görünməyə çalışır.

İndi Mogilyov vilayətindəki Aleksandriya kəndi bütün Belarusda məşhurdur. “Batka” burada doğulub. Kəndin adını da Aleksandra görə belə adlandırıblar.

Lukaşenko kənd təsərrüfatına xüsusi önəm verir. Kəndli üçün hər cür şərait yaradılmasının tərəfdarıdır. Hər halda, açıqlamaları bu istiqamətdədir. Belə maraqlı ifadələrindən biri: “Hər sağıcı qadın gecə ərinin yanına girməzdən əvvəl yuyunmağa isti su tapmalıdır”.

Lukaşenko həm də rüşvətxorluğun qatı düşməni kimi görünməyə çalışır. Deyir ki, Belarusa korrupsiya, rüşvət qədər heç nə zərbə vurmur: “Heç kimi bağışlamayacağam. Xalq dili ilə desək, qudurublar”.

Amma “Batka” diktator olduğunu gizlətmir. Hesab edir ki, ölkəni güclü əl idarə etməlidir. Yoxsa Belarus dağılar: “Diktator olmaq mavi olmaqdan yaxşıdır”.

Lukaşenko hələ uzun müddət Belarusa rəhbərlik etməyi düşünür. Heç kimin onun gördüyü işi daha yaxşı səviyyədə həyata keçirəcəyinə inanmır. “Lap bu gün gedim. Nə baş verəcək? Bir də gördün axmaqlar hakimiyyətə gəldi. Nə varsa, hamısını dağıdacaqlar. Mən belə tezliklə hakimiyyəti əldən verməyəcəyəm”, – “Batka” belə deyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir