Bakıda nazirlik məhlənin önün parking meydanına çevirib? – ŞİKAYƏT/FOTOLAR

Binəqədi rayon Ziya Bünyadov prospekti 11B-nin sakinləri saytımıza müraciət edərək binanın həyətinin yaxınlıqda yerləşən Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin əməkdaşları tərəfindən parking kimi istifadə olunmağından şikayətləniblər.
Anews.az-a danışan sakinlər deyir ki, əvvəllər məhəllədə oturmaq üçün üstü örtülü skamyalar olsa da, sonradan icra hakimiyyətinin əməkdaşları onları yığışdırıb  və  yenilərini qoyucaqlarını, həyətin abadlaşdırılacağını deyiblər. Lakin üstündən 3 ildən çox vaxt keçsə də həyətdə heç bir abadlıq işi aparılmayıb.

Onların sözlərinə görə, vəziyyət indi daha da pisdir. Belə ki, yaxınlıqda yerləşən Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin əməkdaşları maşınlarını məhəllənin içində saxlayırlar və artıq məhəllə böyük parking meydanını xatırladır.

Sakinlər əlavə ediblər ki, dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə, eyni zamanda, departamentə müraciət edib problemin aradan qaldırılmasını tələb etsələr də, bu, heç bir effekt verməyib. Sakinlər hesab edir ki, elə icra hakimiyyəti özü nazirliyə bu şəraiti yaradıb. ÇÜnki sakinlərin həyətin girişinə boru basdırmaq cəəhdləri boşa çıxıb. İcra hakimiyyəti təmsilçisi kimi özünü təqdim edən şəxslər bu borunun qanunsuz basdırıldığını deyərək onu  çıxardıb və maşınların gediş gəlişini təmin ediblər.

Məsələ ilə bağlı Binəqədi Rayonu İcra Hakimiyyətindən bildirdilər ki, icra hakimiyyəti binanın qarşısnın parking kimi istifadə olunması ilə bağlı heç kimə razılıq verməyib.

Bildirdilər ki, məsələ araşdırılır.

“Binəqədi Rayon İcra Hakimiyyəti binanın qarşısnın parking kimi istifadə olunması ilə bağlı heç kimə razılıq vermir. Bu, icra hakimiyyətinin səlahiyyətində deyil. Ancaq bütün hallarda Binəqədi Rayon Ərazisi olduğu üçün, aidiyyatı qurumlar qarşısında məsələ qaldırmışıq, danışıqlar aparırırq. Problemin həll olunmasına çalışırıq”, –  deyə Binəqədi Rayonu İcra Hakimiyyətindən bildirdilər.

Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti ilə də əlaqə saxladıq. Özünü Departamentin baş direktorunun müavini  Vüsal Qarayevin köməkçisi kimi təqdim edən xanım suallara cavab vermək istəmədi və departamentin mətbuat xidməti ilə əlaqə saxlamağı təklif etdi, onun təqdim etdiyi nömrəyə nə qədər zəng etsək də, zənglərimizə cavab verən olmadı, yenidən departamentin baş direktorunun müavini  Vüsal Qarayevlə əlaqə yaratmağa çalışsaq da, bu istəyimiz də boşa çıxdı.

Vergilər Nazirliyinin mətbuat xidmətindən isə məsələ ilə bağlı araşdırma aparılacağını bildirdilər.

“Bu bizim birbaşa işimizi əhatə edən mövzu deyil, lakin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti Vergilər Nazirliyinin nəzdində olduğu üçün məsələ ilə bağlı araşdırma aparılacaq və araşdırmadan sonra konkret nəsə demək mümkündür”, – deyə nazirliyin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov bildirib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti ilə əlaqə saxlasaq da, agentlikdən məsələ ilə bağlı açıqlama ala bilmədik.

Məsələyə yenidən qayıdacağıq.






Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir