
Yaş ötdükcə, insan həyatı daha yaxşı tanıyır. Daha çox insan görür, daha çox münasibətlə qarşılaşır. Və zaman keçdikcə anlayır ki, həyatda hər təbəssüm səmimi deyil, hər söz doğru deyil, hər yaxınlıq dostluq deyil.
İnsan bəzən o qədər xəyanət görür, o qədər yalan eşidir, o qədər haqsızlıqla qarşılaşır, o qədər həsəd və paxıllığın şahidi olur ki, bir müddət sonra beynində özünümüdafiə sistemi işə düşür.
Əvvəllər hər kəs haqqında yaxşı düşünən insan artıq ehtiyatlı davranmağa başlayır. Birinin yaxşılığının arxasında belə pis niyyət axtarır. Hər sözü ölçüb-biçir, hər davranışın arxasında başqa bir məqsəd görməyə çalışır. Çünki həyat ona öyrədib ki, insan hər zaman göründüyü kimi deyil.
Belə insanları qınamıram.
Çünki bəzən insanı şübhəçi edən onun xarakteri deyil, yaşadıqlarıdır. Etibarını itirən insan əslində insanlardan yox, insanlara olan inamından yorulur.
Amma bunun daha ağır bir nəticəsi də var.
Cəmiyyətdə yaxşı insan kimi tanınan, illərlə insanlara əl tutan, imkanı çatdıqca xeyir verən bir insan düşünə bilər:
“Yaxşılıq mənə qalmayıb.”
Əgər insan bu düşüncəyə təslim olarsa, ən böyük təhlükə başlayır. O, özünə edilən pislikləri cəmiyyətin normal davranışı kimi qəbul edə bilər. Dünən nifrət etdiyi davranışı bu gün özü etməyə başlayar. Çünki düşünər ki, “hamı belə edir”.
Bax, faciə də elə burada başlayır.
Yaxşı insan pislik gördüyü üçün pis insana çevriləndə, pislik bir insandan digərinə keçərək normaya çevrilir.
Ona görə insan həyatda bütün pislikləri tanımalıdır. Xəyanətin necə edildiyini, yalanın hansı formada söyləndiyini, paxıllığın necə gizləndiyini, insanların hansı məqamda dəyişə bildiyini bilməlidir.
Sadəlövh olmamalıdır.
Hər kəsə kor-koranə inanmaq da düzgün deyil.
Amma bütün bunları bilmək insanı pisliyə çevirməməlidir.
Sən pisliyi tanı, amma pis olma.
Xəyanəti bil, amma xəyanət etmə.
Yalanı tanı, amma yalan danışma.
Paxıllığı gör, amma paxıl olma.
Sənə edilən haqsızlığı unutma, amma başqasına haqsızlıq etmə.
Çünki insanın böyüklüyü ətrafındakı insanların necə davranmasında deyil, onların davranışlarına baxmayaraq özünün necə insan olaraq qalmasındadır.
Və yaxşılıq deyəndə, hər zaman pul nəzərdə tutulmur.
Bəzən bir insana səmimi təbəssüm göstərmək yaxşılıqdır.
Bəzən dərdini dinləmək…
Bəzən ümidsiz bir insana ümid vermək…
Bəzən “narahat olma, hər şey yaxşı olacaq” demək…
Bəzən yıxılanın əlindən tutmaq…
Bəzən heç bir qarşılıq gözləmədən bir insanın yanında olmaq…
Bunların hamısı yaxşılıqdır.
Həyat səni sərtləşdirə bilər. İnsanlar sənə etibar etməməyi öyrədə bilər. Yaşadıqların səni ehtiyatlı olmağa məcbur edə bilər.
Amma ürəyindəki yaxşılığı öldürməyə heç kimin haqqı yoxdur.
Çünki dünyada pis insanların çoxalmasının səbəbi yalnız pis insanların olması deyil. Bəzən yaxşı insanların yaşadıqları pisliklərdən sonra yaxşı olmaqdan vaz keçməsidir.
Ona görə həyatın ən çətin, amma ən böyük sınaqlarından biri budur:
Bütün pislikləri bil, amma pis olma.
İnsanları tanı, amma insanlığını itirmə.
Ehtiyatlı ol, amma mərhəmətsiz olma.
Özünü qoru, amma yaxşılıq etməkdən vaz keçmə.
Çünki insanın əsl qələbəsi ona edilən pisliklərə bənzəməməsidir.
Ramal Əliyev