
2020-ci ilin payızında Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri Gəncə şəhərində yaşandı. İkinci Qarabağ müharibəsi zamanı cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhəri raket hücumlarına məruz qaldı. Bu hücumlar nəticəsində günahsız insanlar həyatını itirdi, onlarla insan yaralandı, yaşayış evləri və şəhərin infrastrukturu dağıldı.
Gəncə terroru tariximizin yalnız bir hadisəsi deyil, müharibənin insan talelərində buraxdığı dərin izdir. Dağıntılar arasında qalan evlər, yarımçıq qalan həyat hekayələri, övladını itirən valideynlərin, valideynini itirən uşaqların ağrısı bu faciənin miqyasını göstərirdi. Hər dağılan bina bir ailənin yaşadığı məkan, hər itirilən can isə bir ailənin əziz üzvü idi.
2020-ci il oktyabrın 4-də Gəncəyə ilk raket hücumlarından biri həyata keçirildi. Ardınca 5 və 8 oktyabr tarixlərində şəhər yenidən atəşə tutuldu. Oktyabrın 11-də yaşayış məhəlləsinə endirilən raket zərbəsi nəticəsində çoxsaylı mülki şəxslər həlak oldu və yaralandı. Oktyabrın 17-də Gəncə daha bir ağır hücumla üzləşdi. Bu hadisələr nəticəsində şəhərin müxtəlif ərazilərində böyük dağıntılar yarandı.
Gəncə terrorunun ən acı tərəfi isə mülki insanların hədəfə çevrilməsi idi. Həlak olanların arasında uşaqların da olması faciənin ağırlığını daha da artırırdı. Müharibənin dəhşətini yaşamış Gəncə sakinləri həmin günləri heç vaxt unutmayacaqlar.
Tarix müəllimi kimi düşünürəm ki, belə hadisələri gələcək nəsillərə çatdırmaq bizim mənəvi borcumuzdur. Çünki tarix yalnız keçmişi öyrənmək deyil, həm də insan həyatının, sülhün və təhlükəsizliyin dəyərini anlamaqdır. Şagirdlərimiz bilməlidirlər ki, müharibənin ən böyük ağrısını hər zaman insanlar yaşayır. Buna görə də Gəncədə həyatını itirən günahsız insanların xatirəsi daim ehtiramla yad edilməlidir.
Bu gün Gəncənin dağıntıları üzərində qurulan həyat bizə bir daha göstərir ki, xalqımızın yaddaşı güclüdür. Dağılan evlər bərpa oluna bilər, şəhərlər yenidən qurula bilər, lakin itirilən insanların yeri heç zaman dolmur. Onların xatirəsi tariximizin yaddaşında yaşayacaq.
Gəncə unutmur. Azərbaycan unutmur. Biz unutmuruq.
Zöhrə Səmədova
Qamət Abbasov adına 284 saylı ümumtəhsil məktəbinin tarix müəllimi