İlham Əliyev Həştərxan qubernatorunu qəbul edib – FOTO

Prezident İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Pressxeber.Az xəbər verir ki, dövlət başçısı Sergey Morozovun Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru vəzifəsinə təyin olunmasından keçən qısa bir müddət ərzində Azərbaycana səfər etməsindən məmnunluğunu bildirib və bunu uğurlu əməkdaşlığımızın təzahürü kimi dəyərləndirib.

Prezident İlham Əliyev Azərbaycanla Həştərxan arasında tarixi əlaqələrin mövcud olduğunu qeyd edərək, bu gün əməkdaşlığın genişləndiyini və birgə layihələrin həyata keçirildiyini vurğulayıb və bütün bunların Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirib.
Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin fəaliyyət göstərdiyini, Bakıda da Həştərxan İşgüzar Mərkəzinin inşasına başlanıldığını qeyd edən dövlət başçısı təhsil, mədəniyyət sahələrində əməkdaşlığın yaxşı səviyyəsindən məmnunluğunu ifadə edib və turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin mövcud olduğunu deyib.

Prezident İlham Əliyev bir daha Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında əməkdaşlığın uğurla və davamlı şəkildə inkişaf edən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini bildirib və ikitərəfli əlaqələrimizin genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və müxtəlif beynəlxalq səviyyədə təmaslarının rolunu xüsusi olaraq qeyd edib.

Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozov Rusiya Prezidenti Vladimir Putinin Xəzəryanı ölkələrlə əməkdaşlığın genişləndirilməsi barədə tapşırıqlar verdiyini qeyd edərək ilk səfərini Azərbaycana həyata keçirdiyini məmnunluqla vurğulayıb. O, nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək Bakıdakı inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib. Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyən Sergey Morozov bunun Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafı işinə xidmət etdiyini bildirib.

Sonra Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozov Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlığın inkişafına və dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi böyük töhfəyə görə Prezident İlham Əliyevə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordenini təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir